Cəbrilər (ərəbcə cəbriyyə sözündəndir) — mütləq alın yazısı haqqında təlimin tərəfdarları, insanın iradə azadlığını inkar edənlərdir. Cəbrilərin fikrincə, Allah insanı yaradarkən onun bütün daxili imkanlarını və gələcək hərəkətlərini irəlicədən müəyyən etmişdir, buna görə də insan öz hərəkətlərinin sahibi deyildir, onun davranışı Allahın məcburiyyətinə (cəbr, cəbriyyə adı da buradandır) tabedir. Bu cəhətdən cəbrilər insanla cansız təbiət arasında fərq görmürdülər. İlkin İslam dövründə müsəlmanların əksəriyyəti qeyd-şərtsiz alın yazısı ideyasına tərəfdar idilər. Cəbrilik məktəbinin görkəmli nümayəndəsi teoloq Cəhm ibn Səfvan olmuşdur. O, mütləq alın yazısı haqqında təlimin mübəlliği idi.