41°26′58″ şm. e. 44°32′31″ ş. u.HGYO
Bolnisi
Bolnisi bələdiyyəsi[mənbə göstərilməlidir], Bolus bələdiyyəsi[6][7] — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bolnisi şəhəridir.
1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində Bolnisi rayonu təşkil edilmişdir, 1930-1943-cü illərdə "Lüksemburq rayonu" adlandırılmış, 1943-cü ildən 2006-cı ilədək isə Bolnisi rayonu, 2006-cı ildən etibarən isə Bolnisi bələdiyyəsi adlanmaqdadır.[1] 1963-cü ildə Dmanisi və Marneuli rayonları ləğv edilərək əraziləri Bolnisi rayonunun tərkibinə verilsə də, 1966-cı ildə təkrarən Dmanisi və Marneuli rayonları təşkil edildi və Bolnisi rayonunun (2006-cı ildən "bələdiyyə") sərhədləri indiki şəklini aldı.[1]
Gürcüstan 1991-ci ildə müstəqilliyini əldə edər-etməz əsasını hələ XX əsrin 40-50-ci illərində qoyduqları türk mənşəli qədim toponimlərin dəyişdirilərək gürcüləşdirilməsinə başlanıldı. Addəyişmə prosesi Bolnisi (Çörük-Qəmərli) rayonundan başladı. Qoçulu Çapala, Cəfərli Samtredio, Mığırlı Vanati, İmirhəsən Savaneti, Aşağı Qoşakilsə Kvemo Arkvani, Muğanlı Farizi, Kolagir Surtava, Daşlıqullar Muxrani, Həsənxocalı Xidisquri, Əsmələr Mskneti, Karatikan kəndi isə Sabereti. Arıxlı Naxiduri və s. adlandırıldı. Bir neçə ay ərzində əhalisi tamamilə Azərbaycan türklərindən ibarət 35 kəndin adı dəyişdirildi. Bolnisi şəhərinin 90% əhalisinin təşkil edən azərbaycanlılar zorla doğma yurdlarından çıxarıldı.[8]
Rayon Gürcüstanın cənub-şərqində Maşavera və onun qolları olan Xaçınnıçay, Sağsağanlıçay və Dələver çaylarının hövzəsində yerləşir. Aşağı Kartli mxaresinin mərkəzi olan Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Ərazisi əsasən dağətəyi və alçaq dağlıq zonada yerləşməklə əhəmiyyətli bir hissəsi meşələrlə örtülüdür. Ən uca nöqtəsi 2141 metrə çatan Lök dağıdır. Rayonda havanın orta illik temperaturu 12 °C, o cümlədən yanvarda 0.0-0.3 °C, iyulda 23.6 °C, mütləq maksimum temperatur 40 °C, mütləq minimum temperatur -25 °C, illik yağıntı 400–500 mm təşkil edir.[9] Rayonun ümumi sahəsi təşkil edildiyi tarixdən günümüzdək cüzi dəyişikliyə məruz qalmışdır. Beləki 1 may 1960-cı ilə olan məlumata əsasən rayon 804.7[10] km² sahəyə sahib olmuşdur. Hazırda isə rayonun ümumi ərazisi 804 km²-dir.[2][11]
Bolnisi Gürcüstanın aqrar rayonu hesab edilir. Rayonun iqtisadiyyatı əsasən Kazreti qəsəbəsi yaxınlığında yerləşən Madneuli filiz və qızıl yatağına əsaslanır. Gürcüstan Statistika Departamentinin məlumatlarına əsasən 2006-cı ildə ölkədə yığılmış yaşıl noxudun 48%-i, yerkökünün 15.8%-i, lobya və kartofun 7.9%-i, tərəvəzin 3%-i, oduncaq tədarükünün 2.6%-i, yumurta və yun istehsalının müvafiq olaraq 6.2%-i və 2.9%-i, diri mal-qaranın isə 1.3%-i Bolnisi rayonunu payına düşmüşdür.
Hal-hazırda bələdiyyədə (2006-cı ilədək "rayon") 1 şəhər, 2 qəsəbə və 45 kənd vardır. Bütün kəndlər toplam 11 icma sakrebulosuna daxildir. Kəndlərin 37-sində etnik azərbaycanlılar, 6-sında gürcülər, 2-sində isə ermənilər üstünlük təşkil edir. Rayonun inzibati ərazisinə daxil olan kəndlərdən 2-si (Faxralı və Bolus Kəpənəkçisi) əhalisinin sayına görə respublikanın ilk onluğuna aid olan ən iri kəndlər sırasına daxildir.
1 yanvar 2014-cü il tarixinə olan rəsmi təxminə əsasən rayon əhalisi 78.9 min nəfərdir.[12] Əhalinin sıxlığı 1 km²-ə üçün 98.1 nəfərdir. Sosial vəziyyətin çətinliyi səbəbindən yüksək emiqrasiya nəticəsində rayonun əhalisi 1989-cu ildən 2014-cü ilə ötən 25 il ərzində 2.6 min nəfər (3.19 %) azalmışdır.
15-30 oktyabr 1941-ci ildə almanların Qazaxıstana sürgün edilməsi və onların yerinə etnik gürcülərin yerləşdirilməsi, eləcə də əhalisinin sıxlığının orta Gürcüstan səviyyəsindən (1 km²-də 63 nəfər) 1.5 dəfə çox olmasına baxmayaraq 1990-cı illərdə Gürcüstanın Svanetiya, İmeretiya və Acarıstan kimi bölgələrindən milliyətcə svanlar, gürcülər (kartvellər) və acarların buraya köçürülməsi prosesinin davam etdirilməsi bələdiyyənin etnik mənzərəsini xeyli dəyişmişdir. 17-24 yanvar 2002-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən bələdiyyə (2006-cı ilədək "rayon") əhalisinin 65.98%-ini azərbaycanlılar, qalan 26.82%-ini gürcülər, 5.81%-ini ermənilər, 0.59%-ini urumlar, 0.56%-ini ruslar, 0.24%-ini isə digər xaqların nümayəndələri təşkil edir.[14]
2002-ci il siyahıyaalınmasına əsasən 45 kənddə məskun əhalinin 85.00%-ini azərbaycanlılar, 9.60%-ini gürcülər, 5.00%-ini ermənilər, 0.20%-ini ruslar, 0.10%-ini urumlar, 0.10%-ini isə digərləri təşkil edirdi.[21] 90-cı illərin əvvəllərində Bolnisi və Kazreti şəhərlərində aparılmış etnik təmizləmə əməliyyatları ilə əlaqədar olaraq 2002-ci ildə rayonun kənd əhalisinin 85%-i azərbaycanlılardan ibarət olduğu halda, şəhər əhalisi üzrə bu göstərici cəmisi 4.20%-ə düşmüşdür.
Hazırda rayonda 57 dövlət ümumtəhsil məktəbi, 1 orta ixtisas məktəbi, 33 kitabxana, 1 teatr, 1 muzey, 3[23] qəzet, 1[23] jurnal və 2[24] teleşirkət fəaliyyət göstərir.