Azərbaycan–İsrail münasibətləri — Azərbaycan Respublikası ilə İsrail arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan və İsrail 1992-ci ildən bəri sıx əməkdaşlıq edir.[3] Azərbaycan, İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkəsindən biridir. Prezident İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Əliyev Azərbaycanda yaşayan yəhudi icmasının ölkələr arasında ikitərəfli münasibətlərin inkişafındakı fəal rolunu yüksək qiymətləndirdi.
18 oktyabr 1991-ci ildə Azərbaycan Parlamentinin elanı ilə müstəqillik bərpa edildi və 1991-ci ilin noyabrında Türkiyə onu rəsmi olaraq tanıyan ilk dövlət oldu.[4] 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıdı və bunu edən ilk dövlətlərdən biri oldu. 7 aprel 1992-ci ildə diplomatik əlaqələr quruldu.[5]Dağlıq Qarabağ münaqişəsi zamanı İsrail Azərbaycana silah və artilleriya təmin etmişdir.[6]WikiLeaks saytında yayımlanan 2009-cu ilə aid Amerika diplomatik sənədlərində Azərbaycan prezidenti İlham Əliyevə istinadən deyilir ki, iki ölkə arasında münasibətlər aysberq kimidir: "onda doqquzu görünməyən tərəfdir".[7][8] 2010-cu ilin iyul ayında Hillari Klintonun Bakıya səfərindən qısa müddət sonra Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Azərbaycanı ziyarət etdi. Qəbul zamanı Harris Azərbaycanın mədəni, strateji və siyasi əhəmiyyət daşıdığını söyləmişdir.[9] 2017-ci ilin yanvarında Benjamin Netanyahunun Bakıya səfərindən sonra Amerika Yəhudi Komitəsinin icraçı direktoru Con Şapiro Azərbaycana səfər etdi. Qəbul zamanı Şapiro Azərbaycan, ABŞ və İsrail arasında konstruktiv tərəfdaşlığın böyük əhəmiyyətə malik olduğunu söylədi.[10] 2016-cı ilin dekabrında Azərbaycanı ziyarət edən Baş nazir Benyamin Netanyahu: "Azərbaycanla münasibətlər çox yaxındır. Bu səfərdən sonra daha da yaxşı olacaqlar." demişdir.[11]
Azərbaycan, əsasən Bakıda və Quba rayonundakıQırmızı Qəsəbədə yaşayan təxminən 30.000 yəhudinin vətənidir.[12]Dağ yəhudiləri 1500 ilə yaxındır Azərbaycanda yaşayırlar. İslam xilafətinin yürüyüşü zamanı ərəblər bir yəhudi qəbiləsini Bakının məhəllələrində yerləşmişdilər. 1730-cu ildə Yəhudilərə Qubada yaşayış və mülkiyyət hüquqlarına rəsmi olaraq icazə verildi.[13] Daha çox Bakıda yaşayan 5000-ə yaxın Aşkenazi yəhudisi var. Sovet İttifaqında ilk Yəhudi Soçnut məktəbi 1982-ci ildə Bakıda açılmışdır.
2017-ci ilin aprel ayında İsrail ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olundu.[14][15] Bu münasibətlə Benyamin Netanyahu İlham Əliyevə təbrik məktubu göndərmişdir:
İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir. Ötən 25 il ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub... Dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olublar.
İsrail-Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən etibarən möhkəmlənmişdir. Əlaqələr 1997-ci ilin avqustunda İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri zamanı yeni bir mərhələyə qədəm qoydu. O vaxtdan bəri İsrail Azərbaycanla daha sıx əlaqələri inkişaf etdirir və Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək edir. İsrail ordusu Azərbaycana döyüş meydanı aviasiya, artilleriya, tank əleyhinə və piyadaya qarşı silahların əsas təchizatçılarından biridir.[17][18]
2009-cu ildə İsrail Prezidenti Şimon Peres Azərbaycana səfər etdi və İsrail şirkəti Aeronautics Defence Systems şirkətinin Bakıda zavod inşa edəcəyini elan etdi.[19]
2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq hava limanlarında viza verilməsini qadağan edən bir fərman imzaladı. İsrail və Türkiyə vətəndaşları bu yeni qanundan təsirlənməyən yeganə iki ölkə idi.[20]
2016-cı ildə İsrail Müdafiə naziri Aviqdor Liberman Aprel döyüşlərində Azərbaycanı dəstəkləmiş və bunu "tamamilə haqlı" adlandırdırmışdır.[21]
Dünya Yəhudi Konqresinin nümayəndə heyəti 2016-cı ilin sentyabr ayında Azərbaycana səfər etdi. Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı İsrail və yəhudi icması ilə "əla" münasibətlərə vurğu edildi.[22][23]
2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya rəsmi səfər etdi. Səfər zamanı "İsrail ilə Azərbaycan arasında mükəmməl münasibətlər və isti dostluqlar mövcuddur" demişdir.[24] Səfər zamanı Netanyahu Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycan şəhidlərinə ehtiramını bildirdi.[25] O, həmçinin Xabad-Or-Avner təhsil mərkəzində yerli Yəhudi icması ilə görüşmüş və tələbələr qarşısında çıxış etmişdir.[26][27] Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuata verdiyi açıqlamalar da iki ölkənin ikitərəfli əməkdaşlığından məmnun olduğunu göstərdi.[28][29]
2016-cı ilin dekabrında hava sahəsində əməkdaşlıq üzrə Azərbaycan-İsrail hökumətlərarası müqavilə imzalandı.[30]
2017-ci ilin mart ayında iqtisadiyyat, kənd təsərrüfatı və turizm sahələrində iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün İsrailin Azərbaycandakı səfiri tərəfindən bir neçə regional tur keçirildi.[31] 2017-ci ilin aprelində iki ölkə arasında ikiqat vergitutma ləğv edildi.[32]
19 sentyabr 2017-ci il tarixində BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Netanyahu iki ölkə arasındakı əməkdaşlığın böyüməsindən bəhs etdi.[33]
2019-cu ilin yanvar ayında Azərbaycan Dövlət Sərhəd Xidməti İsrailin Elbit Systems şirkətindən Sky Striker dronu alıb. Bununla da Azərbaycan Sky Strikers-in ilk xarici alıcısı oldu.[34]
2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalanıb. Səfirliyin rəsmi açılış mərasimi 2023-cü il martın 29-da Təl-Əvivdə baş tutacaq.[35]
29 mart 2023-cü ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohenin iştirakı ilə Azərbaycanın Israildəki səfirliyinin açılışı olmuşdur.[36]
Ticarət
İsrail ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq xeyli artmaqdadır. 1990-cı illərin əvvəllərində Azərbaycan sənaye sahələrini tənzimlədikdən və iqtisadiyyatını sərbəstləşdirdikdən sonra İsrail şirkətləri Azərbaycan bazarlarına nüfuz etdilər.[37] Bir çox şirkət xidmət sənayesinə investisiya yatırdı. Bir nümunə, İsrailin əsas telekommunikasiya təminatçısı olan Bezeqdir. 1994-cü ildə ticarət müqavilə tenderiylə ilə Bezeq telefon əməliyyat sisteminin böyük bir hissəsini satın aldı.[38]
İsrailin səfiri Eytan Naeh ilə 2001-ci ilin oktyabrında keçirilmiş görüşdən sonra Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev, beynəlxalq terrorizmlə mübarizədə iki ölkənin eyni mövqedə olduğunu bildirmişdir. İsrail kəşfiyyatı, bölgədəki ekstremist təşkilatlar olaraq gördükləri barədə məlumat toplamağa kömək edir. Qruplardan biri olan İsrail dövlətini məhv etmək istəyən Hizbut-Təhrir həm Qüdsü, həm də Bakını təhdid edir. Hizbut-Təhririn Azərbaycanda bir neçə yüz üzvü olduğu təxmin edilir. Bu üzvlərdən bir neçəsi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən tutularaq mühakimə olunub.[42]
2008-ci ildə Tayland və Yaponiya səfirlikləri ilə birlikdə çoxmərtəbəli bir binada yerləşən İsrailin Bakıdakı səfirliyini bombalamaq planının qarşısı alındı. İki Hizbullah üzvü 2009-cu ilin mayında bu cəhd üçün mühakimə olundu.[43]
2012-ci ildə İsrail və Azərbaycan arasında Israel Aerospace Industries-in Azərbaycana 1,6 milyard dollarlıq pilotsuz təyyarə və zenit və raketdən müdafiə sistemləri satacağı bir müqavilə imzalandı.[44]
Bəzi analitiklər həm İsrailin həm də Azərbaycanın İranı bir təhlükə olaraq gördüklərini düşünürlər. Azərbaycan İran İslamçılarının təsirindən qorxur, lakin İran da Azərbaycandan qorxur, çünki 18 milyona qədər etnik azərbaycanlı İranda yaşayır. Digər tərəfdən, Azərbaycan Türkiyə ilə sıx əlaqələrə malikdir və 2006-cı ildən sonrakı dövrdə İsrail-Türkiyə münasibətlərinin pisləşməsi Azərbaycanın İsrail ilə münasibətlərinə əks təsir göstərə bilər.[45]
2012-ci ilin fevralında İran Azərbaycanı İsrailin Mossad kəşfiyyat təşkilatı tərəfindən anti-İran fəaliyyətlərinə kömək etdiyi üçün tənqid etdi. Bir neçə həftə sonra Azərbaycan İsrailin və ABŞ-nin Azərbaycandakı hədəflərinə qarşı hücuma hazırlaşan İranın hazırladığı 22 şübhəlini həbs etdi.[46] 2012-ci ilin mart ayında Foreign Policy jurnalı İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə proqramına qarşı hava zərbələri üçün İran sərhədindən 500 km məsafədə yerləşən Sitalçay Hərbi Hava Bazasını istifadə etməyə hazırlaşdığını bildirdi.[7]