Azərbaycan–Böyük Britaniya münasibətləri — Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyir. Əməkdaşlıq hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır.
Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanıdı və Azərbaycanın Avropada Əməkdaşlıq və Təhlükəsizlik Konfransında (hazırda Təşkilat adlanır) iştirakını dəstəklədi.
Tarixi
AXC dövrü
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanasında Böyük Britaniyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə vitse-konsul Gevelke rəhbərlik etmişdir[3].
Diplomatik münasibətlər
İki ölkə arasında diplomatik əlaqələr parlamentin üzvü, Britaniya Xarici İşlər Nazirliyinin Dövlət Naziri Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında Bakıya səfərindən sonra yenidən quruldu. Bakıda kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol Britaniyanın Azərbaycandakı ilk səfiri olmuşdur. 1993-cü ildə təyin edilən Tom Yan isə Britaniyanın Azərbaycanda daimi nümayəndəliyində ilk səfir olmuşdur. Səfirlik 2003-cü ilin may ayından Landmark 2 ünvanında yerləşir. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi 1994-cü ilin yanvar ayında açılıb.
Mədəni əlaqələr
Birləşmiş Krallığın adından Bakıdakı Britaniya Şurası Azərbaycanın silahlı qüvvələrinə ingilis dilinin tədrisi üçün NATO ilə sıx əməkdaşlıq çərçivəsində sülhməramli ingilis dili layihələrini, həmçinin Azərbaycanlı gənc mütəxəssislərə Britaniyada təhsillərini davam etdirmək məqsədilə Çivininq təqaud proqramını həyata keçirir. Britaniya Şurası Bakıda 1993-cü ildən fəaliyyət göstərir. 1994-cü ilin fevral ayında sabiq Prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır. Britaniya Şurasının məqsədi islahatlarda Britaniyanın rolunu önə çəkmək, ingilis dilinin tədrisini və istifadə olunmasını genişləndirmək, mədəniyyət və incəsənət vasitəsiylə Britaniya yaradıcılığını və fərqliliyini nümayiş etdirmək və Britaniya təhsil təcrübəsini təbliğ etməkdir. Onun proqramları ilk olaraq 35 yaşından aşağı gənclər üçün nəzərdə tutulmuş və fərdi, həmçinin çoxtərəfli əməkdaşlıq yollu ilə həyata keçirilir.
Böyük Britaniya Azərbaycanda, 1918–1920-ci illər
1918-ci ilin yanvar ayında ingilis ekspedisiyası Azərbaycanın neft mədənlərinin Birləşmiş qüvvələrin (Almaniya və Osmanlı imperiyası) təsiri altına düşməsinin qarşısını almaq məqsədilə Bağdaddan Bakıya göndərildi. "Dunsterforce" adlandırılan əməliyyata general Lioner Danstervil başçılıq edirdi. Dunsterforce Bakıya 1918-ci ilin avqust ayında çatdı və qısa müddətli gərgin döyüşlərin ardınca (əsasən "Bakı naminə döyüşlər" adlandırılır) sentyabr ayında İrana geri qayıtdı. Osmanlı imperiyası və onu tərəfdaşları arasında Mudros sülh müqaviləsindən sonra ikinci britaniya döyüş bölməsi Osmanlı qoşunlarının Türkiyəyə geri dönməsinə əmin olmaq məqsədilə təkrar Bakıya gəldi və 1920-ci ilə qədər burda qaldı. Bu müddət ərzində Böyük Britaniya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında mərkəzi Tiflisdə yerləşən Britaniyanın Qafqaz üzrə Ali Komissarı Oliver Uoldrop vasitəsilə de fakto diplomatik əlaqələr quruldu. Bu çətin dövrdə general Tompsonun başçılığı altında Britaniya hərbi missiyası Azərbaycanda stabilliyin əldə olunmasında mühüm rol oynamışdır.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Mahmud Məmmədquliyev olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən Cavanşir Feyziyev işçi qrupunun rəhbəridir[4].
Qarşılıqlı səfərlər barədə
Yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri iki dövlət arasında əməkdaşlığın inkişafına təkan vermişdir
Britaniya rəsmilərinin Azərbaycana səfərləri
1992-ci ildə Britaniya Parlamentinin üzvü cənab Hon Duqlas Hoqqun Azərbaycana ilk səfərinin ardınca Xarici İşlər üzrə Dövlət Katibi, Parlamentinin üzvü cənab Malkolm Rifkind 1996-cı ildə Bakıda səfərdə olmuşdur. Britaniya nazirləri mütəmadi olaraq Xəzər Neft və Qaz sərgisində iştirak ediblər.[6]
2003, 2004-cü illərdə "Xəzər Neft və Qaz-2003" və "Neft-Qaz 2004" sərgilərində iştirak etmək məqsədilə Britaniya Parlamentinin üzvü, Sənaye və Energetika məsələləri üzrə Dövlət Naziri cənab Brian Vilson Azərbaycanda səfərdə olmuşdur. Əlahəzrət York Hersoqu Azərbaycanda bir neçə dəfə səfərdə olub. O, 25 may 2005-ci ildə Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimində iştirak etmiş, 2006-cı ildə kəmərin inşasının başa çatması ilə əlaqədar keçirilən tədbirlərə qatılmış və nəhayət 2007-ci ilin sentyabrında təkrar Bakıya səfər etmişdir. Britaniya parlamentinin üzvü, Sənaye və Energetika məsələləri üzrə Dövlət Naziri Malkolm Viks 2007-ci ilin sentyabrda Azərbaycana səfər etmişdir. Avropa məsələləri üzrə Nazir Cim Mörfi isə Azərbaycanda 2008-ci ilin may ayında olmuşdur. Britaniyanın ticarət məsələləri üzrə Naziri Lord Diqbi Cons Azərbaycana ən son səfər etmiş Britaniya rəsmisidir. O, Bakıya 2008-ci ilin iyun ayında gəlmışdir.
Azərbaycan rəsmilərinin Britaniyaya səfərləri
1998-ci il 19 – 24 iyul tarixində sabiq Prezident Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində siyasi bəyanat imzalandıqdan sonra Prezident Britaniya Kraliçasının rəsmi qəbulunda olmuş və Dauninqstritdə Baş Nazirlə görüşmüşdür. Görüşün yekununda Baş Nazir və Heydər Əliyevin iştirakıyla ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) ilə BP, RAMCO və Monument Oil şirkətləri arasında üç mühüm saziş imzalanmışdır.
2004-cü ilin 13 – 14 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyada rəsmi səfərdə olmuşdur. O, Britaniyanın Baş naziri, Xarici İşlər və Müdafiə üzrə Dövlət Katibləri ilə görüşmüşdür. Baş Nazir və Prezident 1998-ci ildə iki ölkə arasında imzalanmış Dostluq və Əməkdaşlığa dair Birgə Bəyannaməni bir daha təsdiqləmişlər. Onlar insan haqqları, azadlıqlar və qanunun aliliyinə söykənən demokratiyanın və bazar iqtisadiyyatının hərtərəfli inkişaf etməsi üçün ikitərəfli münasibətlərin inkişafına bir daha dəstək ifadə etmişlər. Səfər zamanı Azərbaycan Prezidenti və Britaniya Baş Naziri tərəfindən ikitərəfli münasibətlərin ilkin və gələcək inkişaf perspektivləri istiqamətində Birgə Komunike qəbul edilmişdir.
Azərbaycan Dövlət Neft Fondunun Prezidenti Samir Şərifov (2006-cı ildən maliyyə naziri vəzifəsində çalışır) 2005-cil ilin 17 mart tarixində Londonda keçirilən mineral ehtiyatların hasilati ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2-ci beynəlxalq konfransda iştirak etmişdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2007-ci ilin oktyabr ayında Londona rəsmi səfər etmişdir. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Londona səfəri 2008-ci ilin fevral ayında baş tutmuşdur.
Səfirliklər
Azərbaycanın Böyük Britaniyada:
- Londonda Azərbaycan səfirliyi
Böyük Britaniyanın Azərbaycanda:
- Bakıda Böyük Britaniya səfirliyi
İqtisadi əlaqələr
Əmtəə dövriyyəsi (min doll.)
İl
|
İxrac
|
İdxal
|
Ümumi dövriyyəsi
|
2020[7]
|
157 527,03
|
296 972,09
|
454 499,12
|
2021[8]
|
396 673,52
|
271 197,31
|
667 870,83
|
2022[9]
|
779 541,24
|
256 656,03
|
1 036 179,27
|
Diaspora
Böyük Britaniya azərbaycanlıları
Həmçinin bax
İstinadlar
Xarici keçidlər