Ələsgərli (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tərtər rayonunun Səhlabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Ələsgərli kəndi adlandırılmışdır.[1]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin işğalı, Azərbaycan xalqını bolşevik siyasətinin qurbanına çevirmişdir. Qərbi Azərbaycanın yerli əhalisini öz ata-baba yurdlarından sürgün edərək, Ermənistan sərhədlərini daha da genişləndirmək planı xalqımızın tarixində böyük faciələrə yol açmışdır. İrəvan və Göyçənin ardınca Zəngəzurda başlanan qırğınlar əhalini öz yurdlarından didərgin salmışdır. Ələsgərli kəndidə Şərqi Zəngəzur yəni, Laçın rayonunun kəndlərindən gəlmiş əhali tərəfindən formalaşmışdır. Bu köç fərqli vaxtlarda baş tutduğundan köçün tarixidə müəyyən on illikləri əhatə edir. Bu isə onu göstərirki, ermənilərin qırğını tarixin bütün dövürlərində baş vermişdir. Hər belə hadisə baş verdikcə isə müəyyən ailə yaxud nəsil bu yerlərə üz tutmuşdur. Bu proses Cümhuriyyətin işğalından, İkinci Dünya müharibəsinə qədər davam etmişdir. İkinci Dünya müharibəsindən sonra isə Qərbi Zəngəzur və Göyçədəndə bir neçə ailə bu kəndə köçmüşdür.
Bu köçlərin ilk vaxtları yerli mülkədarlarla (bəy) böyük gərginlik yaranmışdır. O dövr rayon Partiya Komitəsinin birinci katibi Əhməd Alışov tərəfindən Azərbaycan SSR rəhbəri Nəriman Nərimanova məsələ barədə məlumat verilmişdir. Nərimanovun göstərişi ilə rayon Milis Şöbəsinin rəisi Cabbar Əlimərdanovun başçılığı altında gərginliyi aradan qaldırmaq, sabitliyi təmin etmək məqsədi ilə əraziyə milis dəstəsi göndərildi. Əhalinin məskunlaşması dövlət tərəfindən təmin olundu. Bu hadisədən sonra hər kəs bu ərazini Nərimaniya adlandırdı. Rus dilində "Нариман и я" уəni Nəriman və mən adlanan bu söz, sakinlərin arxa-dayağının Nərimanov olmasına işarəidi. Kənddə sovet höküməti tərəfindən ilk yerli idarəetmə 1934-cü ilə qurulmuşdur. 28 aprel kolxozu adı ilə rəsmi qeydiyyata alınan kolxozun ilk sədri isə Niftalı Həsənov olmuşdur. 1964-cü ildə kolxoz qurluşu özünü doğrultmadığından, yerində sovxoz yaradılmışdır. Sovxozun adı isə "Narçılıq sovxozu" adlanırdı. İlk sədri isə Ələkbər Zamanov olmuşdur.
SSRİ dövründə rəsmi olaraq kəndin adı, SSRİ-nin qurucusu sayılan Vladimir İliç Ulyanovun (Lenin) xatirəsinə Leninabad adlandırılıb. Kolxoz və sovxozun inzibati mərkəzi Leninabad (sonralar Leninabad kəndindən ayrılaraq kənd statusu verilmiş, indiki Yenikənd) kəndində yerləşmişdir. Müstəqilliyin ilk illərində isə milliləşmə siyasətinə uyğun olaraq kəndini adı dəyişməli olmuşdur. 28 aprel kolxozunun ikinci sədri, Ələsgər Zaman oğlu Ələsgərovun adı ilə Leninabad kəndi, "Ələsgərli" kəndi adlandırılmışdır.
İkinci Dünya müharibəsi, Birinci Qarabağ və İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə, kənd sakinlərindən xeyli sayda şəhid, qazi və veteranlar vardır.
Tərtər rayonunun Ələsgərli kəndi respublikamızda meyvə tinglərinin yetişdirildiyi məkan kimi tanınır . Bu kəndin əhalisinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilik təsərrüfatıdır.
Ələsgərli və ətraf kəndlər keçmiş Sovet İttifaqı dövründə narçılıq sovxozu olub . Bu kəndin əhalisi elə o dövrdən meyvə tingçiliyi ilə məşğuldur . Ölkəmizin meyvə tinginə olan tələbatının 70 faizindən çoxunu ödəyən kənddə hər il bir milyondan artıq ting yetişdirilir .
Kənddə respublikamızda mövcud olan milli genefonda uyğun yerli ağac cinslərinin əksəriyyəti yetişdirilir. Narın "Qırmızı mələz", "Azərbaycan güleyşəsi", "Qırmızı nazikqabıq", "Bala Mürsəl", "Bahar", alçanın "Göyçə Soltan", "İstanbul", "Hibrit-Rəcəbi-Kəhrəba ", "Qələbə", gilasın "Öküzürəyi", "Napoleon", "Ağ Krım", əriyin "Mayovka", "Qırmızıyanaq", "Ordubadi", "İrəvan", "Badamı", almanın "Qəndil-sinab", "Simerenko", "Qolden", "Qırmızı palmet", "Keyxura", "Şafran", "Qızıləhmədi", "Aydarid", şəftəlinin "Qızıl yubiley", "Fədai", "Zəfəran", armudun "Yerli düşes", "Gürcü düşesi", "Yaylıq Vilyams", "Bildirçinbud", "Meşə gözəli", "Lətifə", "Məleykə", "Pas armud", "Abbasbəyi", Şərq xirniyinin "Sidles", "Xiyakume", "Jiro", "Komo-kuro", "Karolyok", "Xaçiya", gavalının "Qara Albuxarı", "Sarı Albuxarı", "Vengerka", "Armudu", "Anna-Şpetta", "Yapon gavalısı", "Hibrit gavalı", üzümün "Ağ Hüseyni", "Ağadayı", "Rikasitella", "Rişi Baba", "Xəlili", "Mədrəsə", "Təbrizi", "İzabella", "Xatunbarmağı", "Kişmişi", tutun bir neçə növü və s. calanır. Burada meyvə və giləmeyvələrdən başqa, həm də dekorativ ağac və kollar da — palma, Amerika tuyası, konusvaris, şəms, oleandır, leylandır, ionimes, liqustur, xan çinarı, eldar şamı, küknar, qızıl gülün bir neçə növü becərilir.
Kənddə fəaliyyəti SSRİ-nin süqutuyla dayandırlmış Tərtər Konserv Zavodu, bir məktəb, bir klub, bir tibb məntəqəsi, bir kitabxana, kənd qəbirstanlığı, şəhidlər xiyabanı, bələdiyyə binası, iki mağaza, iki çay evi, bir iaşə obyekti vardır. Qaz, işıq, telefon xətləri, yenicə istifadəyə verilmiş avtomobil yolu, əkinə yararlı torpaq sahələrinin suvarılması eyni zamanda içməli su ehtiyacının ödənilməsi üçün on subartezian quyusu vardır.