İran memarlığı — İran mədəniyyətinin bir hissəsi.
Memarlıq tarixi
Mesopotamiyadan şərqdəki vadilərdə və dağlardakı yaylalarda fars tayfaları köçəri həyat sürürdülər. E.ə. zərdüştlük Əhəmənilərin rəsmi dini oldu. I Dara Bisütun qayası üzərində ən məşhur kitabə həkk etdirmişdir. Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun ətrafında ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman adlandırırdılar. Persepol xarabalıqlarına orta əsrlərdə Təxti- Cəmşid deyirdilər.
Əhəmənilər dövründə Farsın yaşayış memarlığı lokal xarakter daşıyır. Farslılar Qədim Babilistanın və Asiriyanın mistik dinini qəbul etmədilər. Onlar atəşpərəst idilər və şərəfinə qurbangah və məbəd tikdirdikləri işığı ilahiləşdirirdilər. Imperiya güc üzərində dayanırdı və tabe edilmiş xalqların, onların ənənələrinə, ibadətlərinə, sosial quruluşuna toxunmadan planlı qarət edilməsi hesabına çiçəklənirdi.
B.e.əv. 331-ci ildə gənc makedoniya şahı İskəndər Misiri zəbt etdikdən sonra, böyük Fars şahlığı Makedoniyalı İskəndərin imperiyasının bir hissəsi olur. Persopolda Daranın sarayının xarabalıqları Haxamanişlərin dövründə Pasarqad və Persepol şəhərləri salınmışdı. Pasarqad şəhərinin tikilməsini II Kuruşun adı ilə bağlayırlar. Pasarqal haxamanişlərin müqəddəs şəhəri hesab edilirdi. Burada şahlara tacqoyma mərasimi keçirilirdi. Şəhərdə gözəl şah sarayları tikilmişdi. Onu qala divarları əhatə edirdi. Burada böyük bir sahəni tutan qülləli bina inşa edilmişdi, yan-yörəsində ibadət üçün tikintilər vardı. Bu sahəni farslar Təxti-Süleyman, qülləni isə Zendan-i Süleyman adlandırırlar. Persepol Şirazdan 50 km aralı, şimalda yerləşirdi. Şəhərinsalınması I Daranın adı ilə bağlıdır. Persepolun xarabalığı orta əsrlərdə Təxti-Cəmşid adlanırdı. Burada böyük saray dəsti yaradılmışdı. Saraylar yaşayış binalarından və ziyafət otaqlarından (apadana) ibarət idi. Sarayın özülünə 9.6 kq ağırlığında qızıl və gümüş lövhələr qoyulmuşdu. Lövhələrdə üç dildə (Elam, Babil və qədim fars) yazı həkk olunmuşdu. Divarlarda müxtəlif səhnələr (saray adamları, bac-xərac gətirən başqa xalqların nümayəndələri) təsvir olunmuşdu. Persepolda yeni il bayram şənlikləri keçirilərmiş. Ehtimala görə, yeni il bayramı martın 22-də başlarmış. 10000 nəfər adamı yerləşdirən, 62,5×62,5 m ölçüləri olan apadananın zalı hündürlüyü demək olar ki, 19m olan 30 gözəl mərmər sütuna malik idi. Onların ağac dirəklərdən əmələ gəldiyinə, sütunun hündürlüyündən 2/5 yaxın hündürlüyü və mürəkkəb profili olan kapitellərin həlli işarə edir. Möhkəm sidr tirlərindən olan örtük, sütunların enli düzülüşünə imkan verirdi.
Fars kapitelinin əsas elementi – üzərinə örtüyün tirlərinin düzüldüyü, ikiyə bölünmüş ağac tirdir (dirək). Örtüyün tirlərinin düzüldüyü, ikiyə bölünmüş ağac tir — fars kapitelinin əsas elementidir. Tir (dirək) nəticədə (protomlar) öküzlərin qatlanmış ayaqları ilə dekorativ formalarını alır, aşağı hissədə onun sütununun gövdəsi misir məbədlərinin kapitellərində olduğu kimi volyutalarla, zənglə və kampanula ilə — gövdənin cüzi yoğunlaşması ilə bəzədilirdi. Ağac sütunun altına qoyulmuş, kvadrat plitə üzərində əvvəlcə daş barabanı təşkil edən baza, sonradan mürəkkəb profilləmə əldə edir.
Urartu və Midiyadan dağlıq qala tikintisi üsulları, daşın emalı texnikası, qaya məqbərə tipləri götürülür. Babilistan və Asuriyadan farslar platformalarda şah saraylarının monumental gözəlliyini mənimsəmişdilər.
Qədim İran memarliği .(b.e.əv. III əsr – VII əsr) Makedoniyalının ölümündən sonra imperiya onun sərkərdələri arasında bölüşdürülmüşdü. Ön Asiya, b.e.əv. III əsrdə Parf şahlığını yaratmış Arşəkidilər sülaləsi tərəfindən tədricən sıxışdırılıb çıxarılan, Selevkilərin ellinist sülaləsinin banisi olan Selevkə çatdı. Parflılar özlərini Şərqdə yunan mədəniyyətinin varisləri hesab edirdilər, ancaq qədim ənənələr üzərində yaranmış yerli mədəniyyət və memarlıq yadelli təsirə güzəştə getmirdi. Iqlim, tikinti materialları və xammaldan tikinti təcrübəsi təkcə parf memarlığının məkan həllini və simasını deyil, həm də Ön Asiyanın sonrakı ilkin feodal və müsəlman dövlətlərinin memarlığını da müəyyən etdi. Farslar tərəfindən iri qurğuların örtüklərində tətbiq edilən ağac tirləri əvəz edən, günbəz və tağ konstruksiyaları geniş vüsət alır. Antik orderlər ancaq divarın dekorativ parçalanması üsulu kimi, həm də son dərəcə yenidən işlənmiş formada istifadə olunur.
Artıq parf memarlığında – öz əsasını xalq məskənlərinin kölgəlik lojiyalarından və iki möhkəm pilonlar arasında divar oyuğu şəklində xet və suriyanın monumental ön girişlərindən alan eyvan – tağla örtülmüş enli lojiya—yaranır. Daxili həyətə onun dörd tərəfi boyunca açılan eyvanlar, Şərq memarlığında geniş yayılmış planlaşdırma üsulu olur.
B.e. III əsrinin əvvəlində müasir İranın əraziləri Sasanilərin hakimiyyəti altında birləşir. Onların hakimiyyəti dövründə kərpic günbəzlərin və tağların ucaldılması təcrübəsi inkişaf etməyə davam edir. Sasani memarlığının erkən nümunələri mühəndis məslələrinin həllinə cəsarətsiz yanaşmaların sübutudur. Firuzabad sarayındakı 13 m aşırımlı günbəzlər demək olar ki, ən yuxarı hissəyə qədər dayaq divarının qalınlığından ayrılmırlar. Amma artıq burada kvadrat özüldən günbəzə – konik tağlar, tromplar arasından keçid həyata keçirilir.
Sarvistandakı saray günbəzlərin ucaldılmasının daha yüksək ustalığını nümayiş etdirir. Sasanilərin qüdrətinin ən yüksək dövründə (IV əsrin sonu) tikilmiş Ktesifondakı saray özünə 26.7m aşırımlı parabolik qübbə ilə örtülmüş taxt-tac zalını daxil edir. Yandırılmış kərpicdən geniş açılmış qübbə tağının miqyası, müxtəlif hündürlüklü 6 çıxıntılı yaruslara parçalanmış və kontrafors-yarımsütunlarla gücləndirilmiş fasad divarının xırda işlənməsi ilə qeyd olunur. Qübbə şüşə mozaika ilə bəzədilmiş, zalın divarları isə mərmərlə üzlənmişdi.
Sasani memarlığı
Səlcuqlar dövründə İranda memarlıq
Ərəb Xilafətindən sonra Qərbi Asiyada yaranan geniş ərazili dövlət birləşməsi olan Səlcuq imperiyasının meydana çıxma, çiçəklənmə və nəhayət, parçalanma dövrləri Yaxın və Orta Şərqin bir çox ölkələrinin, o cümlədən İranın və Azərbaycanın tarixi taleyində mühüm yer tutur[1]. Səlcuq hakimiyyəti dövründə Yaxın və Orta Şərq ölkələrinin ictimai-iqtisadi və siyasi həyatında olduğu kimi, mədəni həyatında da böyük dəyişikliklər baş vermişdi.
Səlcuqlar dövründə İranda memarlıq və incəsənətin bir çox sahələri yüksək inkişaf etmişdi. İndi "İran" adlanan coğrafi məkanda yaşayan xalqların təqribən Səlcuqlar dövründən bu günədək əzəmətli incəsənəti qorunmaqdadır. Səlcuqlar bu xalqların incəsənət üslubunu daha geniş əraziyə yaydılar. Bu üslub yalnız Dəməşqdə və Kiçik Asiyada deyil, Afrikanın şimal bölgələrində də özünü göstərdi. Səlcuqlar dövründə incəsənət aləmində misli görünməmiş hərəkat başlandı və onun izləri monqollar dövrünə qədər davam etdi. Həmin hərəkat o dərəcədə güclü idi ki, tədqiqatçılar Səlcuq dövrünü "incəsənət aləminin mükəmməl dövrü" adlandırırlar.
Səlcuq dövrünün incəsənət əsərləri İslam incəsənəti sistemində müstəsna yer tutur. Onu XV–XVI əsrlərin İtaliya İntibahı (Renessansı) sənəti ilə müqayisə etmək olar. Bu sənət sonrakı illərdə İranda yaşayan xalqların daha sürətli mədəni yüksəlişinə müsbət təsir göstərdi.
Səlcuq sənəti Suriyadan Hindistanın şimalına qədər yayıldı. 1000–1220-ci illər arasında saxsı və metal məmulatı hazırlamaq, kitab tərtibatı, memarlıq sahəsində qazanılmış uğurlar sonrakı nəsillər üçün bir təməl və meyar olmuşdur. İncəsənət sahəsində yaranmış üslublar siyasi tarixi və perspektivi özündə birləşdirirdi. Səlcuq sənəti ilə Buhimi, Qəznəvi, Qarakitay, Xarəzmşah sənətləri elə çulğalaşıb ki, onları dövrün üslubşünaslığı baxımından 10 qrupa bölmək olar. Səlcuq üslubu onlardan biri sayılır. Qeyd etmək lazımdır ki, İslam Şərqində müştərək incəsənət üslubu Səlcuqların hakimiyyəti dövründə ən yüksək səviyyədə olmuşdur. Bu dövrdə Şərq xalqlarının siyasi vəhdəti Səlcuq imperiyası vasitəsilə yaranmışdı. Ümumiyyətlə, Səlcuq dövrünün sənət uğurları təqribən 1150-ci ildən sonra nəzərə çarpır. (Sankt — Peterburqun Ermitaj muzeyində saxlanılan, 1148-ci ildə hazırlanmış qələmdan bu müddəamızı təsdiq edir). Bu dövrdə misilsiz portretlər yaradılmış, Əbülqasim Firdovsinin "Şahnamə" poemasına müxtəlif səhnələr çəkilmiş, saray əyanları, heyvanlar, hökmdarların ov, ziyafət səhnələri sənət əsərlərində öz əksini tapmışdır.
Ərəb dilində yazılmış, nəfis şəkildə tərtib edilmiş dualar bu gün də sənət əsərləri arasında seçilməkdədir. Bu dövrdə gəc və keramika heykəltəraşlığı əski zamana nisbətən xeyli inkişaf etmişdir. Sənət əsərlərinin kəmiyyət və keyfiyyəti artmışdı. Həm sultanların, saray əyanlarının himayəsi, həm də əhalinin fəal əməyi sayəsində şəhərlər genişləndi, iqtisadiyyat inkişaf etdi. Bu incəsənət nümunələri cəmiyyətin və dövrün sənət zövqünün göstəricisi idi. Qiymətli Quran kitablarının çapı, kiçik vilayətlərdə cümə məscidlərinin olması, rəngli saxsı məmulatı, dekorativ- tətbiqi sənət əsərləri, metal və ağac məmulatı həmin dövrün kütləvi sənət əsərləri olmuşdur. Memarlıqda və keramika sənətində məhəlli (lokal) sənət məktəbləri meydana gəlmişdi. Sənət sahəsində yeni üslublar yaranmışdı. Bir cəhəti qeyd etmək lazımdır ki, təqribən son yüz ilə qədər daşınan sənət əsərlərinin xeyli qismi dünyanın bir çox ölkələrinə aparılmış və nəticədə İran araşdırıcılarının diqqətindən kənarda qalmışdır.
Səlcuqlar dövrünün sənət əsərləri elə çoxdur ki, onlar barəsində mübaliğəli şəkildə bəhs etmək olar. Səlcuqlar zamanının sənətkarları əski sənət ənənələrini nizamlayıb təkmilləşdirmişlər. Həmin dövrdə dörd eyvanlı binalar, məscidlər, məqbərələr, günbəzlər, minarələr daha çox inşa edilmişdir.
Quran kitablarının gözəl xətt ilə yazılması, Kufi xəttinin yeni üslubda inkişafı, müxtəlif xətt növlərinin qarşılıqlı təsiri, bədii metal məmulatının düzəldilməsi rəssamlıq, kitab tərtibatı nəzərdən keçirilən zamanın diqqəti cəlb edən sənət sahələri olmuşdur.
Səlcuq imperiyası XI əsrin ortalarından etibarən sabit inkişaf dövrünə qədəm qoydu. Nəticədə türklər əzəmətli dövlət orqanları təşkil etdilər, yeni həyat tərzinə keçid etdilər. Dövlətin memarlıq sənətinə diqqəti memarlığın inkişafına təkan verdi. Səlcuqların memarlıq sənəti Qəznəvilərin arxitektura ənənələrinin mükəmməl şəkli olmuşdur. Səlcuqların memarlıq üslubu Qəznəvi dövrünün memarlıq sənətindən xüsusi gözəlliyi ilə fərqlənir. Bu, özünəməxsus memarlıq üslubudur. Binaların genişliyi, müxtəlif bəzəkli heykəllərdən istifadə olunması, (binanın qarşısında və yuxarısında) bu memarlıq üslubunu başqalarından xeyli fərqləndirir. Səlcuq dövrünün binaları, divarları lövhələrlə, kaşılarla bəzədilirdi. Memarlıqda rəngli kaşılardan istifadə olunması sonrakı dövrlərdə bu sahədə inkişaf üçün bir təməl olmuşdur. Memarlıq sənəti araşdırıcılarının fikrincə, Səlcuqların memarlıq sənəti binaların tərtibatında deyil, onların formasında daha çox nəzərə çarpır. Səlcuqlar dövründə dini təyinatlı binaların (məscidlərin, məqbərələrin, günbəzli binaların) əksəriyyəti silindir, çoxbucaqlı şəklində inşa edilirdi[2].
Səlcuq sultanları imperiyanın bir çox şəhərlərində mədrəsələr, məktəblər təsis etdilər. Onların tədris ocaqları təsis etmək fikri tezliklə məscidlərin inşa olunması zərurətini də doğurdu. Məktəblərin dördbucaq şəklində həyəti olurdu. Həmin dövrün memarları belə qərara gəlmişdilər ki, məscidlər üçün nəzərdə tutulan binanın tavanı tağla örtülməli və məscidin həyəti olmalıdır. Memarlar həyətin hər tərəfində eyvanlar inşa etdilər və onun iki tərəfində namaz otaqları tikdilər. Buna nümunə 1135-ci ildə inşa edilmiş "Zəvvarə" adlı kiçik məscidi göstərmək olar. Bu dövrdə inşa edilmiş məscidlərin əksəriyyəti günbəzli, kvadrat şəkilli idi və bunlarda hücrələr vardı. Məscid binasını tamamlamaq üçün sonralar ona eyvanlar artırıldı. Kvadrat və günbəz şəkilli hücrələr məqbərələrdə də mövcud idi. Buna nümunə olaraq Məşhəddə, Qəzvində və Parsian yaxınlığındakı "Səng Bəst" məqbərəsini göstərmək olar.
Səlcuqlar dövründə məscid binaları dörd eyvanlı olurdu. Bu cür məscidlərin inşası çətin idi. Buna görə də həmin məscidlər yalnız böyük şəhərlərdə inşa edilirdi. Ay şəklində olan tağların kiçik günbəz formasına düşməsi bu binaların yeni tavan üslubunda tikildiyindən xəbər verirdi. Bəzən günbəzlərin dayaqları üçün divarlar əvəzinə səkkizbucaqlı sütunlardan istifadə edilirdi.
Bütün müsəlman şəhərlərində məscidlər vardı. Bəzi böyük və mühüm şəhərlərdə bir neçə cümə məscidi olurdu. Həmin məscidlərin bəziləri zəngin tərtibata malik idi. Nişapur şəhərinin cümə məscidinin hovuzu misdən hazırlanmışdı. Onun ətrafında 400 nəfər eyni vaxtda dəstəmaz ala bilirdi. Məscidin tavanından asılmış, bürünc metaldan olan çırağın 400 borusu vardı. Bu borulardan hər birinə yandırmaq üçün bir batman yağ tökürdülər[3]. Sultan Toğrul dövründə Səlcuq dövlətinin paytaxtı Rey şəhəri olsa da, İsfahan dövlətin inkişaf edən şəhərlərindən biri idi. Mafərruhi Sultan Toğrulun 1063-cü ildə İsfahanda sufilər üçün bir xanəgah tikdirdiyini yazır[4]. Hüseyn bin Məhəmməd bin Əbülriza Avi "Tərcüme-yi mehasin-i İsfahan" əsərində yazır ki, Sultan Toğrul İsfahan şəhərində yeni memarlıq abidələrinin inşası üçün 500 min dinar pul xərcləmişdi[5];[6].
Sultan Məlikşah tərəfindən Səlcuq imperiyasının paytaxtının Reydən İsfahana köçürülməsindən sonra şəhərdə möhtəşəm memarlıq abidələrinin tikintisinə başlanıldı[7]. Bu tikililər arasında özünəməxsus yer tutan İsfahanın cümə məscidi də çox təmtəraqlı və bəzəkli idi. Bağdadda olan "Xəlifə" məscidi əzəmətli olmuşdur. Bu məscidin həyətində böyük su anbarı vardı. Burada dəstəmaz almaq üçün xüsusi yerlər mövcud olmuşdur. Sultan Məlikşah İsfahanın Karan məhəlləsində Hənəfi şagirdlərin təhsil alması üçün böyük mədrəsə binası tikdirmişdi. Baş vəzir Nizam əl-Mülkün səyi nəticəsində bu mədrəsədə Şafi məzhəbindən olan şagirdlərin də təhsil almasına icazə verilmişdi. 1092-ci ildə Sultan Məlikşah Bağdadda zəhərlənərək ölən zaman İsfahana gətirilmiş və Cəlali mədrəsəsi, Məlikşahi mədrəsəsi və yaxud da İsfahanın Nizamiyyə mədrəsəsi adlanan mədrəsənin həyətində dəfn olunmuşdur[8];[9]. Bu gün İran memarlığının ən gözəl örnəklərindən biri sayılan İsfahan cümə məscidinin şimal və cənubunda yer alan günbəzlər də məhz Səlcuqlar dövründə inşa edilmişdir[10].
Həmdullah Qəzvininin verdiyi məlumata görə, Sultan Məhəmməd Təpər dövründə İsfahanda möhtəşəm memarlıq abidələrinin inşası davam etdirilmişdi. O, atasının dövründə inşasına başlanılan Sultan camesinin tikintisini başa çatdırmış, su kanalları çəkdirmiş, vəfatından sonra dəfn olunduğu mədrəsəni və Sufilər üçün xanəgah tikdirmişdir[11]
İsfahanın cümə məscidi Səlcuq dövrünün ən böyük memarlıq abidələrindəndir. Bu məscidin tavanı günbəz şəklindədir. Onun daxili diametri 10 metrdən çoxdur. Bu məscidin ölçüsü sonralar İsaak Nyuton qanunu əsasında müasir mühəndislərin, arxeoloqların aşkar etdikləri günbəz ilə uyğundur. Orta çağ mühəndisləri riyazi üsulla, Nyutondan 6 əsr öncə belə bir günbəz inşa etmişlər. Məhz buna görə də, Səlcuq memarlığı belə kəşflə öyünmək haqqına malikdir.
1133-cü ildə inşa edilmiş Mahmudşah Qolpayqan, 1135-ci ildə Ərdistan yaxınlığında tikilmiş "Zəvarə", 1105-ci ildə inşa olunmuş Dəmavənd məscidləri Səlcuq dövrünün memarlıq abidələrindəndir[12]. Səlcuq dövrünün memarlıq incilərindən biri də Sultan Toğrulun 1056-cı ilidə inşa etdirdiyi divarı qeyd etmək olar. Bağdad "Nizamiyyəsi" binasının inşasına 200 min dinar pul xərclənmişdi. Bu məktəb həmin dövrdə Bağdadın şərqində inşa edilmiş 30 məktəbdən ən əzəmətlisi və görkəmlisi idi. Bu zamanın bir çox məktəb, mədrəsə binaları saraylardan daha əzəmətli görünürdü[13].
Səlcuqlar dövründə "Şirazın incisi" kimi şöhrət qazanmış Məscid-i Səngi-yi Darabcird məscidi tikilmişdi. Bununla yanaşı, ən böyük memarlıq əsərləri olan Qanat-i Zengi-abad, Bezirganlar Xanı, Cami-i Cədid Şirazi, Əminəddin mədrəsəsi, Kerk karvansarası, Əsvaq-i Mirabba-i Atabəgi bazarı və bu gün Şirazda Bazar-i Hacı adı ilə tanınan Suk-i Kəbir inşa edilmişdir. Şiraz memarlığı türk izlərini özündə çox zərif şəkildə əks etdirməkdədir. Bu gün İranın hər yerində olduğu kimi Şiraz və Fars əyalətindəki məscidlər, camilər, türbələr, minarələr Səlcuqlu memarlığına görə tikilmişdir (15,599).
Mənbələrdə Səlcuqlar dövrünün 40-a yaxın minarəsi haqqında məlumatlar vardır. Bu minarələrdə bir və ya iki sıra pillələr, mərkəzi sütunlar mövcud olmuşdur. Çətir formasında eyvan, üç sıra aynabənd, tinli sütunlar və iki minarə bir girişlə əlaqələnirdi (həm binanın girişi, həm də qiblə eyvanı). Belə sənət əsərləri Səlcuq memarlığında yenilik olmuşdur. Buna görə də Səlcuqlar dövründə minarələr moizə və ibadət rolunu daşımır, daha çox rəmzi səciyyə daşıyırdı. Həmin dövrdə bəzi müstəqil, (yəni başqa binalara birləşmiş) minarələr də olmuşdur. Bu cür minarələr düzənliklərdə, səhralarda mayak (yol, istiqamət göstərən işarə) rolunu oynamışdır.
Bu dövrdə düşmən hücumu istiqamətində yerləşmiş şəhərlərin tikililəri başqa şəhərlərin binalarından fərqlənirdi. İbn Bəlxi Kazerun şəhərinin binaları barədə yazmışdır: "Həmin şəhərdə binaların istehkam şəklində inşa edilməsinə səy göstərilirdi. Çünki, onlar (şəhər sakinləri) Şəbankarə tayfasının hücumundan qorxurdular (6,145).
Bəzi şəhərlər düşmən hücumundan və yaxud istidən qorunmaq məqsədilə iki hissədən ibarət tikilirdi. Şəhərin bir qismi yer üzündə, ikinci hissəsi isə yerin altında olurdu. Nasir Xosrov Ərcan şəhəri haqqında yazmışdır: "Bu şəhərdə yer üzündə olan binalara oxşar tikililər yer altında da inşa edilmişdi. Yerin altındakı binalarda və saraylarda su daha çox olduğu üçün yayda əhali bu hissədə yaşayır" (14,164).
Digər bir müəllif Rey şəhəri barədə yazmışdır: "Bütün binalar yerin altında yerləşir. Onlar qaranlıq və keçilməz vəziyyətdədirlər". Yaqut əl-Həməvi Rey şəhərinin düşmən ordularının keçid mərkəzində yerləşməsi, talanlara və qarətlərə məruz qalmaq təhlükəsi qarşısında olduğuna görə belə inşa edildiyini qeyd edir.
Səlcuq dövrünün saray binaları müasir zamanadək qalmamışdır. Lakin arxeoloji axtarışlar nəticəsində Mərvdə və Koşkda olan dörd eyvanlı binanın, Şimali Azərbaycandakı Qız qalasının (Bakı) qalıqları aşkar edilmişdir. Qeyd edək ki, Qız qalası bu abidələr arasında müəyyən qədər salamat qalması və unikallığı ilə seçilir.
Bu zamanın karvansaralarını xüsusilə qeyd etmək olar. İmperiyanın Şərq, mərkəzi hissəsində olan şəhərlərin əksəriyyətində bu cür obyektlər olmuşdur. Kirmanda müsafirlərin gecələməsi üçün nəzərdə tutulmuş karvansaralar mövcud idi. İsfahanda "Kutraz" adlanan küçədə 50 karvansara var idi. Bəzi şəhərlərdə karvansaraların sahəsi çox geniş idi. Nasir Xosrov bu barədə yazmışdır: "1300 xarvar yükü olan karvanla bu şəhərə gəldim. Yer və heyvanlar üçün ot — ələf baxımından bir problemlə üzləşmədim (14,123).
Mənbə məlumatlarına görə, Şiraz şəhərində bir ev tapmaq mümkün deyildi. Gözəl bağ və axar suyu olmayan Zayəndərud çayı İsfahan şəhərinin ortasından axır, bağ və bostanları bu çayın suyu ilə suvarılırdı. Bəzi məntəqələrdə olan çayların üzərində dəyirmanlar qurulurdu. Nişapur şəhərində olan çayın üzərində 40 dəyirman inşa edilmişdi. Həmdullah Müstofi Qəzvini yazmışdır: "Bu çayın suyu elə surətlə axır ki, bir xarvar büğdanı üyütmək mümkündür". Nişapur əhalisinin içməli suya olan tələbatı bulaqlar vasitəsilə təmin olunurdu. Həmin bulaqların bəziləri şəhərin içindən axıdılaraq su anbarlarına yığılırdı (3,375).
Bəzi məntəqələrdə suyun çirklənməsinin qarşısını almaq məqsədilə onu keramik (saxsı) borular vasitəsilə anbarlara yönəldirdilər. Boruları bir-birinə birləşdirmək üçün əhəng daşına müəyyən qədər su vurmaqla onu yandırırdılar. Sonra həmin kütləni üyüdür, ələyir və hər 12 batman əhəngə bir batman yağ əlavə edirdilər. Beləliklə, bu məhlulu boruların birləşən yerlərinə sürtürdülər. Bəzən boruların daha möhkəm olması üçün məhlula yumurta əlavə edir, əldə olunan yeni məhlula zeytun yağı da tökürdülər. Su anbarlarında və hovuzlarda yaranmış çatların tutulması işində də bu məhluldan da istifadə edirdilər[14].
Səlcuq dövründən indiyədək dörd karvansara qalmışdır. "Rəbat mülk", "Daye xatun", "Rəbat mahi" və "Rəbat şərq" karvansaraları çox gözəl və möhtəşəm tərtibata malikdir. Səlcuq karvansaralarının əksəriyyəti daşdan tikilmişdir. Bəzi karvansara binalarında dörd eyvan olurdu. İqtisadi inkişaf, ticarət yollarının abadlığı, Səlcuq sultanlarını karvansaraların təhlükəsizliyini qorumağa vadar edirdi. Onlar ticarət yollarında karvansaralar inşa etdirməklə, su quyuları qazdırmaqla müsafirlər üçün şərait yaradırdılar. Beləliklə, müsafirlər Aralıq dənizindən Bəlxə qədər rahatca səfər edə bilirdilər.
Səlcuqlar dövründə inşa edilmiş karvansaralar çox görkəmli idi. Burada müsafirlər üçün nəzərdə tutulmuş otaqlar tövlələrdən tamamilə ayrı idi. Həmin dövrün karvansaraları arasında "Zəfəraniyyə" və "Rəbat Şərəf"i qeyd etmək olar.
"Rəbat Şərəf" və yaxud "Şərəf karvansarası" Sultan Səncərin hakimiyyəti dövründə, onun anası Səfəriyyə xatunun istəyi əsasında inşa edilmişdi. Şərəfəddin Əbu Tahir İbn Səədəddin Əli Əlqəmi bu binanın banisidir. Həmin şəxs bir müddət ərzində Mərv şəhərinin hakimi, sonra isə Sultan Səncərin naziri olmuşdur (17,252).
"Şərəf karvansarası" böyük bir binadır. Onun 4863 m² sahəsi vardır. Bu karvansara iki həyətdən və dörd eyvandan ibarətdir. Karvansaranın şimal hissəsində böyük, cənubunda isə kiçik həyət yerləşir (9,249).
Mütəxəssislərin fikrincə, Səlcuq dövründən qalmış "azan" (müəzzin) məkanları kərpiclə inşa sənətinin ən gözəl nümunələridir. "Azan" məkanlarının yuxarı hissəsinin tünd rəngdə tərtib olunması Səlcuq dövrünə xasdır. Sultan Məlikşahın dövründə Bağdadda inşa edilmiş "Sultan məscidi" bu üslubda inşa olunmuşdur. Səlcuq dövrünün bu üslubu XIII–XIV əsrlərin Monqol memarlığına da təsir etmişdi.
Biz İranda dini təyinatlı binalardan olan məqbərələrin inşa edilməsinə görə də Səlcuqlara borcluyuq. Onlar bu məkanda ənənəvi olmuş qülləvari məqbərələrin növlərinin artırılmasına səy göstərmişlər. Qülləvari məqbərələr iki müxtəlif şəkildə inşa edilirdi. Birincisi, qülləvari məqbərənin tavanını bir günbəz örtürdü. İkincisi, tavanı konus şəklində tikilən məqbərələr idi. Bu qüllələr dairəvi və yaxud çoxbucaqlı (4, 8 və yaxud 10 bucaqlı şəkildə) inşa edilirdi. Həmin məqbərələrin üstünlüyü onların divarlarının kərpiclə bəzədilməsindədir. Çoxbucaqlı əski qüllələrdən biri Həmədan-Qəzvin yolu üzərində olan Xəqandadır, burada iki günbəzli məqbərə yerləşir. Bu abidələr 1076-cı və 1093-cü illərdə inşa edilmişdir. Günbəzli məqbərələr ruhanilərin və hakim dairə nümayəndələrinin dəfn olunduğu yerlərdə tikilirdi. Bəzən kvadrat şəklində olan məqbərələri məscidə bitişik surətdə inşa edirdilər. 1157-ci ildə Mərv şəhərində tikilən Sultan Səncər məqbərəsi məhz bu üsulla inşa edilmişdir.
Bir çox şəhərlərdə xeyli məscid, hamam, məktəb mövcud olmuşdur. Bəzi binalarda hətta xüsusi hamam da var idi. İbn Cübeyr yazmışdır ki, hamamların sayı iki minə qədər olmuşdur. Həmin hamamların tavanları qırla örtülürdü. Bu tikililər uzaqdan qara daşa oxşayırdı" (8,615).
Səlcuq dövründə keramikadan (saxsıdan) düzəldilmiş, üzərinə qızıl suyu çəkilmiş, minalanmış məmulatın çoxu Kaşan şəhərində istehsal olunmuşdur. Qırmızı, qızılı rənglərlə boyanmış keramika məmulatı isə Kirmanda istehsal edilirdi. Kaşı məmulatı həmişə zəruri olan əmtəə, inşaat materialı idi. Bu görkəmli və gözəl məmulatın istehsalı bir şəhərdə və yaxud bir məhəllədə mümkün deyildi. Ona görə də kaşı məmulatı Səmərqənd, Nişapur, Mərv kimi sənətkarlıq mərkəzlərində də istehsal edilirdi. Metaldan hazırlanmış və üzərinə naxışlar vurulmuş gözəl məmulat Herat şəhərinin məhsulu idi. Sənətkarların Xorasan, Herat, Mərv və Nişapur şəhərlərinə axını bu vilayətdə metal qabların istehsal həcminin artmasında mühüm rol oynamışdır[15].
Səlcuq imperiyasının Şərq vilayətlərində qüllələri konus şəklində olan məqbərələr geniş yayılmışdır. Onların divarları əvvəlcə silindir şəklində tikilirdi. Damğanda olan "Pir Ələmdar" məqbərəsi belə məqbərələrə misal ola bilər. Bəzən belə məqbərələrin səthində dərin yarıqlar açırdılar. Tehranın yaxınlığındakı "Radkan" məntəqəsində indi də konus şəkilli qülləsi olan məqbərə mövcuddur. Bəzi alimlərin fikrincə, bu konus şəkli Mavəraünnəhrdə yaşayan monqolların çadırlarından əxz edilmişdir.
Səlcuqlar dövründə metal işləmə sənəti də inkişaf etdi. Bu sənətin ən mühüm mərkəzləri Xorasan və Herat şəhərləri olmuşdur. Metal tərtibatının ilk mərhələsi metal üzərində rəsm çəkmək idi. Lakin tezliklə sənətkarlar bu sahədə yeni üsullar ixtira etdilər. Yəni, onlar metal üzərində qazma üsulu ilə naxış salır, onların üzərinə vərəq şəklində qızıl, gümüş, yaxud mis təbəqələr yapışdırırdılar. Bu üsul XI əsin birinci yarısında hələ yaranmamışdı. Metalişləmə sənətinin mərkəzi öncə Xorasan vilayəti şəhərləri olmuşdur. Sonralar bu sənət növü Səlcuq imperiyasının digər ərazilərinə, İraqın Mosul məntəqəsinə də yayılmışdı.
Səlcuq dövrünün əvvəllərində metalişləmə sənətinin gözəl nümunələrindən biri naxışlı gümüş boşqabdır. Bu boşqabın üzərində olan naxışlar arasında yazılar, qanadlı heyvan və bitki diqqəti cəlb edir. Sənətkarlar əski Sasani dövrünün sənət əsərlərində istifadə olunan tərtibat üslublarından faydalanmışlar. Bu boşqab üzərindəki yazıdan aydın olur ki, o, 1066-cı ildə Səlcuq Sultanı Alp Arslan üçün hazırlanmışdır[16].
Qızıl suyuna çəkilmiş gümüş gülabdanı bəzi tədqiqatçılar XII əsrin sənət əsəri hesab edirlər. Bu gülabdanın üzərində heyvan, bitki və digər naxışlar qabarıq şəkildə həkk olunmuşdur.
Xorasanda istehsal olunmuş bəzi qablar çoxbucaqlı formasındadır. Onların üzərində yonulma üsulu ilə quşlar, heyvanlar qabarıq şəkildə həkk edilmişdir. Boğazı uzun olan şərab qabı gözəl sənət əsəri kimi diqqəti cəlb edir. Bu qab Metropoliten muzeyində saxlanılır. Onun gövdəsi onikibücaqlıdır, qab şəbəkəli tərtibata malikdir. Qabın yuxarı hissəsində müxtəlif heyvaların başı təsvir olunmuşdur. Burada Kainat cisimlərinin təsviri də vardır. Qabın boğazı üzərində Səlcuqların yazı tərtibatına artırılmış üsullar nəzərə çarpır. Bu üsulda əlyazma hərflərinin sonu insan başının təsvirinə oxşayır. Bu cür qabları XIII əsrin sənət əsərləri hesab etmək olar. XII əsrdə metal üzərinə gümüş təbəqələrin əlavə olunması daha da kütləviləşdi.
Beləliklə, Səlcuq dövrünün əvvəllərindən etibarən İslam dünyasında keramika sənəti xeyli inkişaf etdi. Abbasilər dövründə həmin sənətin ən mühüm mərkəzləri Bağdad, Xorasan, Səmərqənd şəhərləri olmuşdur. Fatimi hakimiyyəti dövründə Fəstat şəhəri gözəl saxsı məmulatı istehsalı ilə şöhrət qazandı. Bu sənət Səlcuq imperiyasının Şərq bölgələrində çox inkişaf etdi. Bu sənət XII–XIII əsrlərdə xeyli inkişaf edərək zirvə məqamına çatdı. Bu dövrün sənətkarları yeni istehsal üsullarını mənimsədilər və inkişaf etdirdilər[17].
Səlcuq dövrünün keramika ustaları laklanmış qabların lakının altında müxtəlif təsvirlər, ornamentlər yarada bilirdilər. Belə məmulatın şəffaf laklarının altında qara rəngli naxışlar salınırdı. Rey şəhərində istehsal olunmuş, indi isə Britaniyanın Viktoriya və Albert muzeyində saxlanılan bir sini belə qablara misal ola bilər. Həmin qabın üzərində qara rəngli heyvan təsvirləri vardır. Mavi lak altında qara, sadə rənglərlə şəkillər təsvir edilmişdir. Bu tərtibat məcmusundakı heyvan, insan başı, quş, iki pələng, gül, bitki rəsmləri qabın xarici səthində çəkilmişdir.
Şərab qabı Səlcuq istehsalının gözəl sənət əsərlərindən biridir. Bu qabın Kaşanda istehsal olunduğunu ehtimal etmək olar. Həmin qab özünəməxsus tərtibata malikdir. Yəni, sənətkar bu əsərdə çox bacarıqla lak altında sadə şəkillərin rəsmi ilə yanaşı, yonma üsulu ilə qabarıq heykəllər də yaratmışdır. Qab mavi rəngdədir və hal-hazırda Nyu-Yorkun Metropoliten muzeyində saxlanılır. O, qabarıq və şəbəkəli şəkildə tərtib edilmişdir. Qab üzərində heyvan, əfsanəvi quşlar, bitki təsvir edilmişdir. Bu qab üzərində həkk olunmuş yazılar onun 1215-ci və yaxud, 1216-cı ildə hazırlandığını göstərir[18].
Səlcuqlar dövründə İranda keramika tərtibatı xeyli inkişaf etdi. Səlcuq dövlətinin şərqində aşkar olunan ən əski tarixli saxsı qab 1179-cu ilə aiddir. Həmin bölgədə bu sənətin inkişaf dövrü XII əsrdən başlayır. Həmin dövrün aşkar edilmiş ən qiymətli saxsı qabları onu göstərir ki, Rey şəhəri belə sənət mərkəzi olmuş və 1220-ci ildə monqollar tərəfindən dağıdılmışdır[19].
Rey şəhərinin keramika ustaları bu sahədə xeyli uğurlara nail oldular. Lakin onlar bu sahədə kütləvi istehsal səviyyəsinə çata bilmədilər. Səlcuqlar dövründə Kaşan şəhəri ustaları laklı keramika məmulatı istehsalında Reylilərdən sonra ikinci yeri tutdular. Özünəməxsus laklı kərpic istehsalı baxımından bu şəhər şöhrət qazandı. Müxtəlif şəkilli, ölçülü belə kərpiclər "kaşı" və yaxud "keramika" adlandırıldı[19].
Səcuqlar dövründə tikmə sənəti xeyli inkişaf etmişdi. İmperiyanın Şərq bölgələrində bu sənət Albuyə sülaləsinin hakimiyyəti dövründən inkişaf etməyə başlamışdı. Səlcuq dövründə bu sənət sahəsində yeni tərtibat üsulları yarandı. İranlılar bu sənətdə bitki ünsürlərindən daha çox istifadə edirdilər. Onlar əski Sasani dövrünə aid olan tərtibat üslublarından, üsullarından əlavə yeni üsullarla da ipək toxuculuğunda çox gözəl sənət əsərləri yaratdılar. Bu bölgədə İslamaqədərki dövrdə də ipək toxuculuğunda bənzərsiz tərtibat nümunələri olmuşdur. Məsələn, ipək parça üzərində təsvir edilmiş "həyat ağacı" adlanan mənzərədə quşlar, uçan aslanlar təsvir edilmişdir. Bu naxışlar dairəyə bənzəyir. Həmin sənət əsəri XI və yaxud XII əsrlərə aid oluna bilər.
Səlcuqlar dövründə İran rəssamları əlyazma şəklində olan kitablara gözəl tərtibat verdilər. Bu kitablarda olan rəsm nümunələrində də ustalar saxsı əşyaların tərtibatında istifadə olunan üsullardan faydalanmışlar. Bu dövrün kitablarından yalnız bəziləri İstanbulun Topqapı Sarayı muzeyində saxlanılır. Bu əsərlərdən birinin üzərində olan insan, heyvan rəsmləri mina rəngli saxsı qabların üzərində olan rəsmlərlə müqayisə etdikdə görürük ki, bu əsər də XIII əsrə aiddir. Həmin əlyazma kitabı "Vərqa və Gülşah" mövzusundadır[20]. Bu əlyazma kitabında 70 rəsm əsəri vardır. Həmin əsərlərin dəyəri ondadır ki, onlar Monqol və Səlcuq dövrlərinin sənət ənənələri əsasında tərtib edilmişdir. Bu kitabın yuxarı hissəsində xeyli insan təsviri, fonunda (kənarlarında) isə bitki təsvirli naxışlar mövcuddur. Portretlərin ətrafında parlaq hilal (ay) şəklində təsvirlər vardır. İnsan təsvirləri, onların simaları, geyimi gözəl və cəlbedicidir.
İran xalqları kitabların bu üslubda, qızılı tərtibatda hazırlanmasını ərəblərdən əxz etmişlər. Səlcuqlar dövründə Quran nüsxələrinin kufi xətti ilə yazılması xeyli inkişaf etmişdi. XII əsrin sənət nümunələrindən bunu açıq şəkildə görmək olar. Bu Quran nüsxələrinin fonu xurma yarpağına bənzər naxışlarla bəzənmişdir. Kitabların səhifələrində açıq qəhvəyi mürəkkəblə ayələr kufi xətti ilə yazılmışdır[21].
Beləliklə, türk soylu Səlcuqlar dövründə yaradılmış sənət əsərləri İslam mədəniyyətinin təkamülü prosesinə mühüm təsir göstərdi, geniş ərazidə yaşayan bir çox xalqların mədəni — tarixi baxımdan yaxınlaşmasına, qarşılıqlı surətdə zənginləşməsinə güclü, həlledici təkan verdi.
Elxanlılar dövrü memarlığı
Qaraqoyunlular dövrü memarlığı
Cahan şah dövrünün ən görkəmli tikintisi 1467-ci ildə ucadılmış Müzəffəriyyə memarlıq kompleksidir. Onun tərkibinə Cümə məscidindən başqa mədrəsə, xanəgah, kitabxana və türbə daxil idi. Kompleksin qərb hissəsində Cahan şah hamamı yerləşirdi. Bu nəhəng memarlıq ansamblından indiyə kompleksinin baş tikilişi memarlıq tarixinə Göy məscid adı daxil olmuş Cümə məscidinin əzəmətli uçuqları qalmışdır. Orta əsr Şərq memarlığında ikinci dərəcəli otaqların aydın ifadə olunmuş özəkkvadrat salon ətrafında yerləşdirilməsi Göy məsciddə özünün yetkin və çox orijinal həllini almışdır. Bir sıra müəlliflər Göy məscidin plan quruluşunun özümlüyünü ötəri qeyd etməyə, ayrıayrı alimlər isə onun analogiyasını səthi tutuşdurma yolu ilə tapmağa cəhd etsələr də indiyəcən onun planının genezisi ilə heç kim məşğul olmamışdır. XX əsrin əvvəllərində türk alimi C. Ə. Ərsevən qeyd etmişdi ki, "Təbrizdə sünni məscidin (Göy məscidin) planı Bursadakı Yaşıl Məscidin planını çəx xatırladır". Bu qeydi sonralar alimlər olduğu kimi götürmüş və təsdiq etmişlər. Bəziləri isə az qala Yaşıl Məscidi Göy məscidin prototipi saymışlar. Son vaxtlar isə bu tezis konkretləşdirilərək belə alınmışdır ki, guya Göy məscidin "planlaşması türk (Kiçik Asiya) məktəbi üçün səciyyəvidir". Göy məscidin iç məkanının üzvi bütövlüyünü nəzərə alan bir türk alimi O. Aslanapa ona daha yaxın analogiya gətirərək göstərmişdir ki, Vandakı böyük kərpiç məscidin planını ancaq Təbrizin Göy məscidi ilə tutuşdurmaq olar. Araşdırıcının dəqiq müşahidəsinə görə, hər iki məsciddə "bütün məkanın sadə günbəz və tağlar sistemi ilə birləşdirilməsi heyrət doğurur". Təbriz zonasında cümə məscidlərinin plan quruluşunun inkişafı XV yüzildə yerli ənənələrin kamilləşməsi yolu ilə getdi. Bu baxımdan Göy məscid həmin regionda bu tip tikintililərin təkamülünün yekunu oldu. Bu məsciddə memar mərkəzi kvadrat salonun məkanını üç tərəfdən dövrələmə qalereyalar və künc salonları ilə genişləndirilib Mərənd, Van, Urmi və Sultaniyyə məscidlərinin planlaşma ideyasını yaxşılaşdırmış və inkişaf etdirmişdir. Zəlzələ və baxımsızlıq üzündən Göy məscidin örtükləri uçulmuşdur. Buna görə də indiki görkəmi onun həcm məkan quruluşu haqqında dolğun təsəvvür yaratmır. Ancaq qrafik bərpa yolu ilə, bərpa sxemləri çəkməklə bu klassik memarlıq həllini dəyərləndirmək olar. Göy məscid orta əsr Azərbaycan memarlıq dekorunun az qala bütün nailiyyətlərini özündə toplamışdır. Onun zəngin ornamental kompozisiyaları müxtəlif materiallarla və müxtəlif üsullarla yerinə yetirilmişdir: yığma kaşı mozaikası, mərmər və gəç üzərində oyma, bişmiş və şirəli kərpiclərin naxışlı hörgüsü və s. Buna baxmayaraq, Göy məscidn bəzəyi hər şeydən öncə inkişaf etmiş kaşı bəzəyidir ki. Bu bəzək öz yüksək bədii və texniki keyfiyyətləri ilə bütün görkəmli Yaxın Şərq memarlığı araşdırıcıların diqqətini cəlb etmişdir. Onların çoxu bu reqionda keramik memarlıq dekorunun inkişafında Təbrizin rolunu yüksək qiymətləndirmiş və göstərmişlər ki, kaşı mozaikası özünün ən yüksək səviyyəsini Göy məsciddə almışdır. Öz həcmməkan həllinə görə Göy məscid Azərbaycan memarlığında tək olmamışdır. Göy məsciddən qabaq və sonra tikilmiş iki abidə göstərir ki, XV əsrdə Təbriz arenasında bu məscid də daxil olduğu dini tikililərin xüsusi tipoloji qrupu olmuşdur. Həmin abidələrdən birincisi Məşhəddəki Şah məscididir. Araşdırıcıların fikrincə memar Əhməd Təbrizi bu məscidi tikməklə Təbriz memarlıq məktəbi ənənələrini Xorasana gətirmişdir. Məşhəd məscidinin mərkəzi günbəzli salonu hər tərəfdən qalereya və yerləşgələrlə əhatə olunmuşdur. Şah məscidin Göy məscidlə tip ümumiliyi planın ümumi həllində, xüsusilə simmetrik quruluşlu baş fasadın işlənməsində özünü göstərir. Bir neçə il qabaq, Göy məscidin təmizlənməsi və bərpası zamanı üstü yazılı kvadrat kaşı lövhə tapılmışdır. Onun üstündə qabarıq hərflərlə nəsx xətti ilə yazılmışdır: "Be sərkareye Izzətdin Qapuçi ibn Məlik". Bələliklə, indi Göy məscidin tikintisində başcılıq edən əsas mütəxəssislər bəllidir: Baş memarXacə Əli Küçəçə, monumentalist xəttatmövlanə Nemətullah Bəbbab və baş iş icracısı Izzətdin Qapuçi. Bu yüksək ixtisaslı yerli ustalar Təbriz memarlıq məktəbinin zəngin ənənələri mühitində təsiri Azərbaycandan kənara çıxan nadir memarlıq əsəri yaratmışlar.
Ağqoyunlular dövrü memarlığı
XV yüzillik orta əsr Təbrizin intellektual və bədii həyatının yeni çiçəklənmə dövrü olmuşdur. Bu əsrdə şəhər özünün memarlıqplanlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Ağqoyunlu hökmdarları Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri Müzəffəriyyə, Qəysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt, Baqe Şemal və s. meydana gəlir. Mərkəzi meydan Sahibabad meydanı ətrafına inzibati, dini və ticarət binalarının gərgin tikintisi nəticəsində Təbrizin ümumi şəhər mərkəzi xeyli böyüyür və daha mütəşəkkil olur.
Səfəvilər dövrü memarlığı
Səfəvilərin ordusu Şah İsmayılın başçılığı altında Şirvan – Şah Fərrux Yassarın qoşunlarına (1500 il) və Ağqoyunlulara (1501 il) qalib gəldi. Səfəvilər dövlətinin möhkəmlənməsində bu qələbələr əhəmiyyətli rol oynadı. 1510-cu ilə kimi Şah İsmayıl təkcə Azərbaycan deyil, İranı və qonşu vilayətləri də ələ keçirdi. Səfəvilər dövlətinin paytaxtını Şah İsmayıl Təbriz şəhərini seçdi.
Hökmdarlığının ilk illərində Şah İsmayıl yeni dövləti möhkəmlətmək və hərbi yürüşlərdə uğur qazanmaq üçün kəndlilərin vergilərini xeyli azaltdı.
Təbriz şəhərinin paytaxt seçilməsi Şirvanın əhəmiyyəti azaldı, ölkənin siyasi və iqtisadi mərkəzi şimaldan cənuba köçdü. Mühüm mədəniyyət, ticarət, sənətkarlıq sənayesi mərkəzi və karvan yollarının kəsişmə düyünü kimi Təbriz öz əhəmiyyətini XVI əsr ərzində bütövlüklə, XVII əsrdə isə qismən saxladı. XVI-cı əsrdə şəhərdə müxtəlif sənətlər: ipək parça toxuculuğu, yun emalı, pambıq parça toxuculuğu, rəngkarlıq, silah istehsalı və s. inkişaf etmişdi. XIV – XVII əsrlərdə Təbrizin əhalisi 100 minlərlə nəfər hüdudunda idi. Azərbaycan ustaları tərəfindən şəhərdə 20000 otaqdan ibarət olan "dövlətxana" tikilmişdi.
XVII — cı əsrin başlanğıcında ölkənin paytaxtı əvvəlcə Qəzvin şəhərinə, sonra isə İsfahana köçürülür.
Azərbaycan torpaqlarının bir mərkəzi dövlət daxilində birləşdirilməsi mədəniyyətin və incəsənətin inkişafına təkan verdi. XVI — cı əsr ədəbiyyatın çirklənməsi dövrü kimi qiymətləndirilir. Məhəmməd Füzulinin (1498–1556-cı illər) poeziya yaradıcılığı, onun lirik əsərləri Azərbaycanın orta əsrlər ədəbiyyatının zirvəsi hesab edilir. Füzuli azərbaycan dilinin sonrakı inkişafına böyük töhfə verdi, onu dərin fəlsəfi fikirləri idarə edə biləcək səviyyəyə yüksəltdi.
Səfəvilər dövlətinin əsasını qoymuş Şah İsmayıl özü də Azərbaycan ədəbiyyatı tarixində ləyaqətli yer tutan, Xətai təxəllüsü ilə məşhur olan şair idi.
XVI – XVII əsrlərdə Azərbaycanda memarlıq qabaqkı dövrlərə uyğun ənənəni saxlamaqla inkişaf etmişdir. Bir sıra görkəmli əsrlər yaradılmışdır ki, bunların içərisində Ərdəbil dini qurğular kompleksi öz dövrü üçün görkəmli sənət əsəri kimi qiymətləndirilir. XVI – XVII əsrlərdə tikilmiş qurğular öz sadəliyinə, formasının məqsədəuyğunluğuna görə olduqca qiymətli olub, əsas ifadə vasitəsi olaraq kompozisiyanın həcm – fəza üsulları seçilmişdir. Baxılan dövrün memarlığı üçün ayrı – ayrı memarlıq abidələrinin səviyyəsi deyil, memarlığın inkişafı prosesi əsas götürülür. Qeyd edilən mühafizələr nöqteyi – nəzərindən XVII əsrdə Şamaxı rayonunun Qalaxana kəndində ucaldılmış məqbərələr xüsusi əhəmiyyətə malikdir. Burada səkkizüzlü birtipli məqbərələr öz xüsusiyyətlərinə görə bir – birindən fərqlənirlər. Qeyd edilən abidələri inşa edən memarın, yaxud memarların ustalığı ondadır ki, onlar tikintinin vahid həllini saxlamaqla hər bir məqbərəyə müstəqil memarlıq əsəri xüsusiyyətini vermişlər.
XVI – XVII əsrlərin memarlıq abidlərinə daha bir xüsusiyyət xasdır. Bu dövrdə tikintinin əsas ağırlıq mərkəzi nadir memarlıq abidələrinin yaradılmasında deyil, onun kütləvi tikilməsində olmuş, lakin dekorativ bəzəklərlə işlənmiş tikintilər müstəsnalıq təşkil etmişdir.
Şəhərsalma
XVI əsr şəhərsalmada durğunluq dövrü kimi qiymətləndirilir. Ayrıca şəhərsalma tədbirləri başlıca olaraq Cənubi Azərbaycanda aparılmışdır. Şəhərlərin quruluşunda şəhərsalma baxımından əhəmiyyətli dəyişiklik baş vermişdir.
XVII əsr bir sıra şəhərlərin əhəmiyyətli inkişafı, onlarda böyük mərkəzi komplekslərin yaradılması ilə xarakterikdir. Bu dövrdə şəhərlərin mərkəzləri onların ticarət hissəsinə doğru uzadılır.
Bir çox hallarda şəhərlərin əvvəlki mərkəzləri öz əhəmiyyətini itirirdi. Məhz XVII-ci əsrdə əksər şəhərlərin baş küçələri təşəkkül tapır. Bu mənada Bakı şəhəri xarakterik misal ola bilər. Əgər XV-ci əsrdə şəhərin mərkəzi karvansarayların, bazarların yerləşdiyi Cümə məscidi ilə Qız Qalasının aralığına köçürülmüşdür. Bu mərkəzə bilavasitə şəhərin digər baş küçələri birləşir.
Tarixi məlumatlar əsasında və eləcə də səyyahların apardığı qeydlərə görə o dövrdə Azərbaycanın böyük şəhərləri Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, bakı və Naxçıvan olmuşdur. XVI – XVII-ci əsrlərdə şəhərsalmanın öyrənilməsində rus hərbi mühəndisləri tərəfindən XVIII əsrdə Bakı, Gəncə, Şamaxı, Nuxa və Naxçıvan şəhərlərinin tərtib edilmiş planları böyük əhəmiyyət kəsb etmişdir.
Avşarlar dövrü memarlığı
Qacarlar dövrü memarlığı
Pəhləvilər dövrü memarlığı
Müasir dövr İran memarlığı
Ədəbiyyat
- 1. Azərbaycan tarixi, Yeddi cilddə, ikinci cild. Bakı, 1998.
- 2. Dimand S. M. İslam sənayesının göstəricisi. Tərcüməçi: Əbdulla Fəryar. Tehran: "Elm və Mədəniyyət" nəşriyyatı, 1986.
- 3. Əbülfəda İmadəddin İsmayıl. Təqvim əl-Bələdan. Tərcüməçi Məhəmməd Ayəti, I nəşri. Tehran: İran Mədəniyyət Mərkəzinin nəşriyyatı, 1960.
- 4. Həmdullah Mustofi Qəzvini. Nuzhetul-kulub. Nəşr. G. Le. Strange, Leyden, 1915.
- 5. Hüseyn bin Məhəmməd bin Əbülriza Avi. Tərcüme-yi Mehasin-i İsfahan. Abbas İqbal nəşri. Tehran, 1328/1949.
- 6. İbn Bəlxi. Farsnamə. Tərtibçilər: Qay Lestrenc və Rinold Alen Niks. II nəşri. Tehran: Kitab dünyası, 1984.
- 7. İbn Cübeyr Məhəmməd ibn Əhməd. Səfərnamə. Tərcüməçi: Pərvin Ətabəki. I nəşri. Astani Qüds Nəşriyyatı, Tehran, 1991.
- 8. İbn əl-Əsir İzzəddin ibn əl-Həsən Əli. Əl-Kamil fit- tarix. c. 6. Beyrut. Darül-ehya, əl-Tərasül-ərəbi, əl-Təbəətül- ola. 1989.
- 9. İqbal Abbas. Vezarət der- ahd-i Selatin-i Bozorg-i Selcuki. Tehran: Tehran Universiteti nəşriyyatı, 1959.
- 10. Kesai Nurullah. Medaris-i Nizamiyyə və tesirat-i elmi və ictimai-yi İran. Tehran, 1363/1984.
- 11. Lütfullah Hunərfər. Kadimiterin ser-der-i tarixi-yi məscid-i Cuma-yi İsfahan. Hunər u Mərdom. Tehran, 1353/1974.
- 12. Maferruhi. Kitabu Mehasin-i İsfahan. Seyyid Cəlaləddin Tihrani nəşri. Tehran, 1312/1933.
- 13. Məhəmməd Həsən Zəki. Fünune-İran fi əsre İslami. Tehran, İqbal Nəşriyyatı, 1984.
- 14. Nasir Xosrov. Səfərname. Dəbir Səyaqinin nəşri. Tehran. Zvar Nəşriyyatı, 1996.
- 15. Nəcəf Ə. N. Səlcuqlu dövlətləri və Atabəyləri tarixi. Bakı, Qanun, 2010.
- 16. Özgüdenli G. O. Turco-İranika. Ortaçağ Türk-İran tarihi araştırmaları. Kaknüs yayınları, İstanbul, 2006.
- 17. Pirniya Kərim. Aşinai ba memari -İran. Tehran: "Mədəni İrs" nəşriyyatı, 1991.
İstinadlar
- ↑ Azərbaycan tarixi, Yeddi cilddə, ikinci cild. Bakı, 1998, səh. 350
- ↑ Məhəmməd Həsən Zəki. Fünune-İran fi əsre İslami. Tehran, İqbal Nəşriyyatı, 1984, s.18–19
- ↑ İbn Cübeyr Məhəmməd ibn Əhməd. Səfərnamə. Tərcüməçi: Pərvin Ətabəki. I nəşri. Astani Qüds Nəşriyyatı, Tehran, s. 1991,279
- ↑ Maferruhi. Kitabu Mehasin-i İsfahan. Seyyid Cəlaləddin Tihrani nəşri. Tehran, 1312/1933, s.101
- ↑ Hüseyn bin Məhəmməd bin Əbülriza Avi. Tərcüme-yi Mehasin-i İsfahan. Abbas İqbal nəşri. Tehran, 1328/1949, s.96–97
- ↑ Özgüdenli G. O. Turco-İranika. Ortaçağ Türk-İran tarihi araştırmaları. Kaknüs yayınları, İstanbul, 2006, s. 461
- ↑ Maferruhi. Kitabu Mehasin-i İsfahan. Seyyid Cəlaləddin Tihrani nəşri. Tehran, 1312/1933, s.104–105
- ↑ Kesai Nurullah. Medaris-i Nizamiyyə və tesirat-i elmi və ictimai-yi İran. Tehran, 1363/1984, s.220
- ↑ Özgüdenli G. O. Turco-İranika. Ortaçağ Türk-İran tarihi araştırmaları. Kaknüs yayınları, İstanbul, 2006, s. 462
- ↑ Lütfullah Hunərfər. Kadimiterin ser-der-i tarixi-yi məscid-i Cuma-yi İsfahan. Hunər u Mərdom. Tehran, 1353/1974, s.27
- ↑ Həmdullah Mustofi Qəzvini. Nuzhetul-kulub. Nəşr. G. Le. Strange, Leyden, 1915, s.49.
- ↑ Məhəmməd Həsən Zəki. Fünune-İran fi əsre İslami. Tehran, İqbal Nəşriyyatı, 1984, s.154
- ↑ İbn Cübeyr Məhəmməd ibn Əhməd. Səfərnamə. Tərcüməçi: Pərvin Ətabəki. I nəşri. Astani Qüds Nəşriyyatı, Tehran, 1991, s.183
- ↑ Həmdullah Mustofi Qəzvini. Nuzhetul-kulub. Nəşr. G. Le. Strange, Leyden, 1915, s. 148
- ↑ Dimand S. M. İslam sənayesının göstəricisi. Tərcüməçi: Əbdulla Fəryar. Tehran: "Elm və Mədəniyyət" nəşriyyatı, 1986, s.143
- ↑ Dimand S. M. İslam sənayesının göstəricisi. Tərcüməçi: Əbdulla Fəryar. Tehran: "Elm və Mədəniyyət" nəşriyyatı, 1986,184
- ↑ Məhəmməd Həsən Zəki. Fünune-İran fi əsre İslami. Tehran, İqbal Nəşriyyatı, 1984, s. 176–184
- ↑ Dimand S. M. İslam sənayesının göstəricisi. Tərcüməçi: Əbdulla Fəryar. Tehran: "Elm və Mədəniyyət" nəşriyyatı, 1986, s.99
- ↑ 1 2 Dimand S. M. İslam sənayesının göstəricisi. Tərcüməçi: Əbdulla Fəryar. Tehran: "Elm və Mədəniyyət" nəşriyyatı, 1986,99
- ↑ Məhəmməd Həsən Zəki. Fünune-İran fi əsre İslami. Tehran, İqbal Nəşriyyatı, 1984, s.62–63
- ↑ Məhəmməd Həsən Zəki. Fünune-İran fi əsre İslami. Tehran, İqbal Nəşriyyatı, 1984, s. 70–71
Xarici keçidlər