Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səudərəb.عبد العزيز آل سعود həmçinin qısaca olaraq İbn Səud və yaxud II Əbdüləziz və Əbdüləziz bin Əbdürrəhman (15 yanvar 1875[1] — 9 noyabr 1953) — hökmdar, hərbi və dövlət xadimi, Səudiyyə Ərəbistanının qurucusu və ilk kralı (1932-1953). Ərəbistanın birləşdirilməsi üçün çoxsaylı müharibələr aparmışdır. 1902-1926-cı illərdə Nəcd dövlətinin əmiri, daha sonra - 1932-ci ilə qədər Hicaz, Nəcd dövlətinin və ilhaq edilən bölgələrin kralı.
Əbdüləziz Nəcd əmiri Əbdürrəhman bin Faysalın oğlu idi. Ailə 1890-cı ildə Riyad şəhərindəki iqamətgahlarından qovulmuşdu. Əbdüləziz, 1902-ci ildə yenidən Riyadı fəth etmiş, 30 illik mübarizə apararaq mərkəzi və şimali Ərəbistanın hökmdarı olmuşdur. 1922-ci ildə Nəcd üzərində nəzarətini möhkəmləndirdi, sonra 1925-ci ildə Hicazı fəth etdi. 1932-ci ildə daha sonra Səudiyyə Ərəbistanı Krallığına çevriləcək ərazini genişləndirdi. Kral olaraq, 1938-ci ildə Səudiyyə Ərəbistanında neftin kəşf edilməsinə və IBirinci Dünya müharibəsindən sonra genişmiqyaslı neft çıxarılmasının başlanmasına nəzarət etmişdi. 45 oğlu,[2] və Səudiyyə Ərəbistanının bütün sonrakı kralları da daxil olmaqla bir çox uşağın atası idi.
Səudlar ailəsi son 130 il ərzində mərkəzi Ərəbistanda əsas qüvvə idilər. Sələfiliyə arxalanan səudlar əvvəllər Osmanlı-Səudiyyə müharibəsi müharibəsində Osmanlı ordusu tərəfindən məhv edilənə qədər XIX əsrin əvvəllərinə qədər Ərəbistan yarımadasının çox hissəsini “ilk Səudiyyə dövləti” olan Diriyyə əmirliyi şəklində idarə etməyə çalışdılar.[3]
Əbdüləziz 1875-ci il yanvarın 15-də Riyadda anadan olub.[4][5] O dövrdə ərazisi yalnız Riyad ətrafından ibarət olan İkinci Səudiyyə dövlətinin başçısı Əbdürrəhman ibn Faysalın dördüncü oğlu idi.[6] Əbdüləzizin anası Sudayri ailəsinin üzvü idi Sara bin Əhməd idi.[7] Sara Ərəbistanın aparıcı nəsillərindən olan Sudayri sülaləsinin başçısı Əhməd Sudayrinin qız olmuş,[8] 1910-cu ildə rəhmətə getmişdir.[9] Onun doğma bacı və qardaşları Faysal, Nurə, Bazza, Həyya və Saad idilər.[10] Bundan əlavə atasının digər evliliyindən[11] Səudiyyə dövləti rəhbərliyində əhəmiyyətli rol oynayan Məhəmməd, Abdulla, Əhməd və Musaid də daxil olmaqla bir neçə ögey qardaşları da olmuşdu.[12]
Əbdüləziz dinlə az maraqlanmış, daha çox qılınc və tüfənglə oynamağa həvəs göstərirdi. O, Quranı yalnız 11 yaşında oxumağı öyrənə bildi. Əbdüləzizin Riyadda Qurqn müəllimi Abdulla Əl Xarji olmuşdur.[13] Gələcək kral gənc yaşlarından ailə şərəfini bərpa etməyi, Səud sülaləsinin şöhrətinin və sərvətinin qaytarılmasını arzulayırdı.
Sürgün və Riyadın geri alınması
1890-cı ildə səudlar sülaləsini regionda uzun müddət rəqibləri olan Rəşidilər Riyadı fəth etdilər. O vaxt Əbdüləziz 15 yaşında idi.[14] O və ailəsi əvvəlcə Ərəbistanın cənub səhrasında bədəvi qəbiləsi olan Al Murraha sığındılar. Daha sonra Əs-Səudlar Qətərə getdilər və iki ay orada qaldılar.[15] Onların növbəti dayanacağı qısa bir müddət qaldıqları Bəhreyn oldu. Osmanlı imperiyası onlara Küveytdə yerləşmələrinə icazə verdi[16] və təxminən on il orada yaşadılar.[15] Əbdüləziz 1896-cı ildən Küveyt kral ailəsinin üzvü və Küveyt hökmdarı Mübarək Əl Sabahla dostluq münasibətləri yaratdı və Mübarəkin qeyri-adi həyat tərzi səbəbiylə atası Əbdürrəhman tərəfindən bəyənilməyən ziyafətlərini tez-tez ziyarət edirdi.[6]
1901-ci il noyabrın 14-də Əbdüləziz və bəzi qardaşları, o cümlədən ögey qardaşı Məhəmməd və bir neçə əmisi oğlu (aralarında Abdulla bin Jiluvi), əsasən Rəşidilərlə müttəfiq qəbilələri hədəf alaraq Nejdə basqın etdilər.[17] Dekabrın 12-də Al Aqsaya çatdılar və sonra müxtəlif qəbilələrin dəstəyi ilə cənuba Boş Məhəlləyə doğru irəlilədilər.[17] Bu hadisədən sonra Əbdüləziz Əl-Rəşid Qətər hökmdarı Cəsim bin Məhəmməd Əl Taniyə və Bağdadakı Osmanlı valisinə müraciətlər edərək Əbdüləzizin ona sadiq qəbilələrə basqınlarını dayandırmaq üçün kömək istədi.[17] Bu hadisələr Əbdüləzizin basqınçılarının sayının azalmasına səbəb oldu və atası Əbdürrəhman ondan Riyadı ələ keçirmək planlarını ləğv etməsini istədi.[17] Lakin Əbdüləziz Riyad üzərinə yürüş üçün dəstə toplamağa davam etdi. 15-16 yanvar 1902-ci il tarixində atasının qarşı olmağına baxmayaraq, yürüşə başlamış Əbdüləziz, 60 nəfərlik bir dəstə ilə Riyadı ələ keçirdi.[17][18] Hücum zamanı o, yalnız iki döyüşçünü itirdi. Rəşididlərdən olan yerli vali Ajlan Abdulla bin Jiluvi isə qala qapıları qarşısında öldürüldü.[17] Əbdüləzizin qələbəsindən qısa müddət sonra Küveyt hökmdarı Mübarək Əl Sabah ona Əbdüləzizin kiçik qardaşı Səədin rəhbərliyi ilə əlavə yetmiş döyüşçü göndərdi.[17] Bu uğurdan sonra atası Əbdürrəhman əmir adından oğlunun xeyrinə imtina etdi. Atası Əbdüləzizə vassal andı içərək, oğlunun məsləhətçisi oldu.[19]
Hakimiyyətə qayıdış
Riyadın ələ keçirilməsindən sonra Səud sülaləsinin bir çox keçmiş tərəfdarı Əbdüləzizin çağırışı ilə silaha sarıldı. O, xarizmatik bir lider idi və ətrafına silahlı adamlar toplamaqda davam edirdi. Növbəti iki il ərzində o və qüvvələri demək olar ki, Nejdin yarısını Rəşidilərdən geri aldılar.
1903-1907-ci illərdə Əbdüləziz Rəşidilər sülaləsinin rəhbərlik etdiyi Cebel-Şammar (Hail) əmirliyi ilə müharibə apardı. 1904-cü ildə Əl-Rəşidlər sülaləsinin başçısı olan Əbdüləziz, hərbi qoruma və yardım üçün Osmanlı imperiyasına müraciət etdi. Osmanlılar buna cavab olaraq Ərəbistana əsgər göndərdi. Ümumilikdə müharibə ərzində 8 Osmanlı piyada batalyonu Rəşidilərin tərəfində döyüşmüşdü. 15 iyun 1904-cü ildə Əbdüləziz qüvvələri birləşmiş Osmanlı və Rəşidi qüvvələri tərəfindən ilk və sonuncu dəfə məğlubiyyətə uğradıldı. Bu hadisədən sonra o, qüvvələrini yenidən toplayaraq Osmanlıya qarşı partizan müharibəsi aparmağa başladı. Növbəti iki il ərzində onların tədarük yollarını poza bildi və onları geri çəkilməyə məcbur etdi. Lakin 1905-ci ilin fevralında Əbdüləziz Osmanlılar tərəfindən Cənubi Nəsdin kaymakamı titulunu aldı.[20] Əbdüləziz əl-Rəşidin həlak olduğu və rəşidilərin uduzduğu Rövdət Muhannada döyüşündən sonra Əbdüləziz əs-Saud 1906-cı il oktyabrın axrına qədər Osmanlı imperiyasının Nəcd və Qassımdakı varlığını sona çatdırdı. Bu qələbə həm də Küveyt hökmdarı Mübarək Əl Sabah ilə Əbdüləziz arasındakı ittifaqı, birincinin bölgədəki Səudiyyə gücünün artması ilə bağlı narahatlığı səbəbindən zəiflədi.[21]
İhvandlarla münasibət
1912-ci ildə o, Nəcd və Ərəbistanın şərq sahillərini fəth etdi. O, həmçinin eyni ildə "təmiz İslam"ı da qəbul etdi. Ən böyük qəbilələrin sədaqətini qazanmaq üçün İbn Səud, dini alimlərin və müəllimlərin tövsiyəsi ilə onları oturaq həyata keçirməyə başladı. Bu məqsədlə 1912-ci ildə hərbi-dini qardaşlıq İhvand (ərəbcə “qardaşlar”) quruldu. İhvand hərəkatına qoşulmaqdan imtina edən və İbn Səudu əmir və imam kimi tanımayan bütün bədəvi qəbilələri və vahələr Nəcdin düşməni kimi qəbul edilməyə başlandılar. İhvandlara qardaşlığın üzvlərini və vətənlərini sevməyə, imam-əmirə sözsüz itaət etmək və xarici ölkələrin (müsəlmanlar da daxil olmaqla) sakinləri ilə heç bir təmas qurmamağa çağırılan əkinçilik koloniyalarına ("hicrələrə") keçmək əmri verildi. Hər bir ihvand icmasında, yerli qarnizon üçün kazarma rolunu oynayan bir məscid tikildi. Beləliklə, ihvandların özləri təkcə əkinçilər deyil, həm də Səudiyyə dövlətinin döyüşçüləri oldular. 1913-cü ildə İbn Səud Əl-Həsə bölgəsini ələ keçirdi. 1915-ci ilədək İbn Səudun "kafirlər"lə müharibəyə girmək üçün ilk çağırışına hazır olan ən azı 60.000 nəfər daxil olmaqla 200-dən çox ihvand qəsəbəsi təşkil edildi.[22]
Ərəbistanın birləşdirilməsi
1914-cü ilin mayında Əbdüləziz, ingilislərlə müttəfiq olmaq üçün bir neçə səmərəsiz cəhdlərdən sonra Osmanlı ilə gizli müqavilə bağladı.[23] Lakin Birinci Dünya müharibəsinin başlanması səbəbi ilə Əbdüləzizi Nəcdin valisi edən bu razılaşma reallaşmadı və Osmanlıların Əbdüləzizlə əlaqələri davam etdirmək cəhdləri səbəbiylə Britaniya hökuməti qısa müddətdə Əbdüləzizlə diplomatik əlaqələr qurdu.[23] Britaniya agenti Kapitan Uilyam Şekspir bədəvilər tərəfindən yaxşı qarşılandı.[24] Bənzər diplomatik münasibətlər bölgəni birləşdirə və sabitləşdirə bilən bütün ərəb qüvvələri ilə quruldu. Britaniyalılar 1915-ci ilin dekabrında Darin müqaviləsinə imza atdılar ki, bu da Səud sülaləsinin torpaqlarını Britaniya protektoratı etdi. Bu müqavilə ilə britaniyalılar Səudiyyə dövlətinin sərhədlərini müəyyənləşdirməyə cəhd göstərdilər.[25] Əvəzində Əbdüləziz Osmanlının müttəfiqi olan İbn Rəşidə qarşı yenidən müharibə edəcəyinə söz verdi.
Birinci Dünya müharibəsi ərzində səudlar Britaniya müttəfiqi kimi Osmanlı imperiyasına qarşı döyüşdülər. 1920-ci ildə isə ingilislərin maddi dəstəyindən istifadə edərək Əbdüləziz nəhayət Rəşidiləri darmadağın etdi. Osmanlı imperiyası dağılan zaman Ərəbistan yarımadasında beş müstəqil dövlət meydana gəlmişdi: Hicaz, Nəcd, Cebel-Şammar, Asir və Yəmən. Əbdüləziz 1921-ci ilin aprel-may aylarında Cebel-Şammarı ilhaq etməyə çalışdı, ancaq yalnız avqust ayında ər-Rəşidilərin paytaxtı Hail Əbdüləzizin qoşunları tərəfindən alındı. Həmin il noyabrın 1-də Cebel-Şammar əmirliyi mövcudluğunu dayandırdı.[26]
Məkkə şərifi ilə qarşıdurma
Bu qələbədən sonra İbn Səudun əsas rəqibi Məkkənin şərifi və Hicaz kralı Hüseyn ibn Əli əl-Haşimi oldu. 1922-ci ildə Əbdüləziz şimaldakı Asiri döyüşsüz ələ keçirdi və 1924-cü ilin iyulunda Hicazda dindən qopmuşlara qarşı cihada çağırdı. 1924-cü ilin avqustunda müharibə gedən Hicaz torpağında Sovet konsulu Kərim Əbdüraufoviç Hakimov (1892-1938) İbn Səudun nümayəndəsinə etimadnaməsini təqdim etdi. Sentyabrın əvvəlində ihvan dəstələri sərhəd şəhəri Et-Taifə girərək burada əsasən dinc insanları öldürdülər. Əl-Taif hadisələrindən qorxmuş Hicaz əyanları Hüseyinə qarşı çıxdılar. O, taxdan oğlu Faysalın lehinə imtina etmək məcburiyyətində qaldı. Yeni kralın Məkkəni müdafiə etməyə gücü çatmadı və tərəfdarları ilə Ciddəyə sığındı. Oktyabr ayının ortalarında ihvanlar Müqəddəs şəhərə daxil oldular və 1925-ci ilin yanvarında Ciddənin mühasirəsi başladı. Dekabrın 6-da Mədinə təslim oldu və dekabrın 22-də Faysal Ciddəni tərk etdi. Bundan sonra Nəcd qoşunları şəhərə daxil oldular. Elə həmin il İbn Səud Məkkəni ələ keçirdi və bununla da Haşimilərin 700 illik hakimiyyətinə son verildi.[27] 1926-cı il yanvarın 10-da Əbdüləziz əl-Səud Hicazın kralı elan edildi.[28] Yeni Nəcd və Hicaz krallığı quruldu.[29] Bir neçə il sonra Əbdüləziz demək olar ki, bütün Ərəbistan yarımadasını tutdu.[30]
İhvan üsyanı
İbn Səud Avropa sivilizasiyasına böyük rəğbət bəsləyirdi. Telefon, radio, avtomobil və təyyarənin əhəmiyyətini qiymətləndirirdi və bu yenilikləri Ərəbistanda tətbiq etməyə başladı. Bunlarla eyni zamanda o, ihvanların təsirini tədricən məhdudlaşdırmağa başladı. Kraldan özlərinə qarşı münasibəti hiss edən ihvanlar 1929-cu ildə üsyan qaldırdılar. Sibil döyüşündə İbn Səud keçmiş müttəfiqlərini məğlub etdi.[31] Lakin məğlub olanlar partizan müharibəsinə başladılar. Kral bütün gücünü onlara qarşı yönəltməyə məcbur oldu. Onlar tərəfindən bəzi Avropa mübarizə metodları istifadə edilirdi. Lakin ilin sonunda ihvanlar Küveytə sıxışdırıldı və orada ingilislər tərəfindən tərksilah edildi. İhvan liderləri - Dəviş və əmisi oğlu İbn Hitlein Neyif sonradan ingilislər tərəfindən İbn Səuda təhvil verildi. Hər ikisi Riyad həbsxanasına salındı. Əbdüləzizin düşmənləri üzərində qələbəsində və fəthlərində mühüm rol oynayan hərəkat tamamilə məğlub oldu və tezliklə sıradan çıxarıldı. İbn Səud Hicaz, Nəcd və ilhaq edilmiş ərazilərin kralı adını qəbul etdi.[32]
Səudiyyə Ərəbistanı kralı
1932-ci il sentyabrın 23-də Nəcd və Hicaz Səudiyyə Ərəbistanı adlanan bir dövlətə birləşdirildi. Əbdüləziz özü isə Səudiyyə Ərəbistanının kralı elan olundu.[33] Bu yalnız krallığın birliyini gücləndirmək və Hicaz separatizminə son qoymaq üçün deyil, həm də ərəblərin mərkəzləşmiş dövlətinin yaradılmasında kral evinin mərkəzi rolunu vurğulamaq idi. İbn Səudun hakimiyyətinin bütün sonrakı dövründə daxili problemlər onun üçün xüsusi bir çətinlik yaratmadı.
Kral Əbdüləziz hökmranlıq etmək üçün əvvəlcə atasının hökmdar hüququnu ortadan qaldırdı. Daha sonra dövləti qurmaq üçün döyüşlərdə və fəthlərdə onunla vuruşan qardaşı Məhəmməd başda olmaqla beş qardaşının hakimiyyət iddiasının qarşısını almaq məqsədilə onların hüququnu məhdudlaşdıran qanunlar qəbul etdi.[34]
1938-ci ildə iqamətgahını Masmak qalasından Mürəbba Sarayına köçürdü[35] və saray 1953-cü ildə vəfat edənə qədər əsas iqamətgahı və hökumət evi olaraq qaldı.[36]
Xarici siyasəti
İhvanların həddindən artıq sərt mövqeləri Səudiyyə rejimini düşmən hesab edən və "təmiz İslam müsəlmanları"nın müqəddəs şəhərlər və Həcc üzərində qurduğu tam nəzarətindən narazı qalan əksər müsəlman hökumətlərinin Səudiyyə Ərəbistanından uzaqlaşmasına səbəb oldu. İbn Səud ilə İraq və Transiordaniyanın Haşimi hökmdarları olan devrilən Hüseynin oğulları arasında qarşılıqlı bir düşmənçilik var idi.[37] İbn Səudun xilafəti dirçəltmək və özünü xəlifə elan etmək istəyindən şübhələndiyi Misir kralı Əhməd Fuadla münasibətlərini isti adlandırmaq mümkün deyildi. 1934-cü ilin fevralında İbn Səud Yəmən-Səudiyyə sərhədinin demarkasiyası səbəbi ilə Yəmən İmamı ilə müharibəyə başladı. Hərbi əməliyyatlar həmin ilin mayında sülh müqavilənin imzalanmasından sonra sona çatdı. İki il sonra dövlətlərarası sərhəd faktiki olaraq müyyən olundu. Sərhəd problemləri Ərəbistan yarımadasının şərq hissəsində də İbn Səudun 1933-cü ildə ABŞ-nin Kaliforniya Chevron Corporation şirkətinə neft güzəşti verdikdən sonra da mövcud olmuşdur.[38] Qonşu Britaniya protektoratları və mülkləri - Qətər, razılaşdırılmış Oman, Maskat və Oman və Ədən Şərqi Protektoratı ilə sərhədlərin müəyyənləşdirilməsinə dair Britaniya imperiyası ilə aparılan danışıqlar uğursuz nəticələndi.[39][40]
Səudiyyə-Yəmən müharibəsi
1932-ci ildə Əsirin keçmiş əmiri əl-İdrisi əmirliyin Səudiyyə Ərəbistanından ayrılaraq müstəqilliyini elan etdi. Əsir qiyamı yatırıldıqdan sonra əl-İdrisi Yəmənə qaçdı. 1933-cü ilin martında Yəmən kralı Yəhya və kral Əbdüləzizin nümayəndələri əl-İdrisinin hakimiyyətinin bərpa olunmasını müzakirə etmək üçün görüşdülər. Ancaq Əbdüləziz Şimali Əsirin ona verilməsini və əl-İdrisinin ailə üzvlərinin geri qaytarılmasını tələb etdi. Səudiyyə-yəmən danışıqlıqları 1932-ci ilin sonları — 1933-cü ilin əvvəllərində dayandırıldı. Mübahisəyə Nacran vilayəti səbəb oldu. Buradan Əsirə yol gedirdi. Yəmən Nacran vilayətini ələ keçirərək Əsirdən Necdə gedən yolu bağlayır. Yəmən qoşunları Nacranın bir necə yaşayış məntəqəsini tutaraq vilayətin daxilinə irəliləyirlər. Səudiyyə nümayəndə heyətinin üzvləri də Sənada əsir alınırlar. Bununla 2934-cü ildə Səudiyyə-Yəmən müharibəsi başlayır. 1934-cü ilin fevral ayında baş verən döyüş əməliyyatları zamanı Səudlar Əsirin cənubunu və Tihamanın bir hissəsini işğal edirlər. Səudiyyə qoşunlarında daha müasir silah və nəqliyyat vasitələri var idi. İkinci cəbhədə Səudiyyə Ərəbistan qüvvələri Nacranı işğal edərək Sənanın əsas mərkəzinə doğru irəlilədilər. Qərb dövlətləri Hudeydəyə və Səudiyyə sahillərinə döyüş gəmiləri göndərmək məcburiyyətində qaldılar. Qahirədəki Ərəb Birliyi danışıqlar üçün vasitəçiliyini təklif etdi. Çətin vəziyyətdə olan Yəmən danışıqlar təklifini qəbul etməyə məcbur qaldı. 1934-cü ilin mayında Əl-Taifdə Səudiyyə-Yəmən sülh müqaviləsi imzalandı.[41][42] The last Saudi troops left Yemen on 7 July.[43]
Sülhə görə Nacran və Əsirin bir hissəsi Ərəbistanın tərkibində qaldı. Səudiyyə qüvvələri Yəməndən çıxarıldı.[44] Uğurlu döyüş əməliyyatları Səudiyyə Ərəbistanının beynəlxalq aləmdə etibarını əhəmiyyətli dərəcədə artırdı.[45]
Neftin kəşfi və krallığın sərvətinin artması
1933-cü ildə Kral İbn Səud Amerika neft şirkətlərinə neftin axtarışı və istehsalı üçün güzəştlər verdi. Ərəbistanın ərazisində böyük "qara qızıl" ehtiyatlarının olduğu ortaya çıxdı. 1938-ci ildə Səudiyyə Ərəbistanında nəhəng neft yataqları kəşf edildi. Kral yataqları işlətmək üçün əsas hüquqları Saudi Aramco şirkətinə verdi. Hasil olunan neftin böyük bir hissəsi ABŞ-yə, ondan əldə olunan gəlirin demək olar ki, hamısı birbaşa kral ailəsinə gedirdi. Buna baxmayaraq mənfəət durmadan artırdı və pul dövlət xəzinəsinə daxil olurdu. Neftin kəşfindən əvvəl Səudiyyə Ərəbistanı çox kasıb ölkə sayılırdı. Ancaq yataqların istismarı nəticəsində krallığın gəlirləri çox sürətlə artdı. Xüsusən müharibədən sonrakı ilk illərdə, təkcə 1945-1952-ci illərdə büdcə gəlirləri 5 milyondan 212 milyon dollara qədər yüksəldi.[46] Beləliklə Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən zəngin dövləti oldu. Neftin satışı Əbdüləzizin 1952-ci ildə 200 milyon ABŞ dolları olduğu təxmin edilən böyük bir sərvət qazanmasına imkan verdi.[47]İkinci Dünya müharibəsi zamanı bitərəf qaldı. Yəhudi dövlətinin yaradılmasına qarşı ərəblərin mübarizəsinə rəhbərlik etdi və Ərəb Birliyinin liderlərindən biri oldu.
İkinci Dünya müharibəsi
İkinci Dünya müharibəsinin başlaması Əl-Hasa neft yataqlarının genişmiqyaslı işlənməsinə mane oldu, lakin İbn Səudun gəlir itkisinin bir hissəsi İngiltərə, sonra da ABŞ yardımı ilə ödənildi. Müharibə zamanı Səudiyyə Ərəbistanı Almaniya (1941) və İtaliya (1942) ilə diplomatik əlaqələrini kəsdi, ancaq demək olar ki, müharibə bitənə qədər bitərəf qaldı. Yalnız 28 fevral 1945-ci ildə Almaniya və Yaponiyaya rəsmi olaraq müharibə elan etdi. Müharibənin sonunda və xüsusilə də ondan sonra Amerikanın Səudiyyə Ərəbistanındakı təsiri artdı. 1 May 1942-ci ildə Ciddə şəhərində Kiçik James S.Mouzun başçılıq etdiyi ABŞ diplomatik nümayəndəliyi açıldı.
1943-cü ildən etibarən Ciddə diplomatik paytaxt kimi tanınır.[48] 1943-cü ildə bir ABŞ elçisi Ər-Riyada gəldi və bununla da 1933-cü ildə qurulan ABŞ ilə diplomatik əlaqələrin səviyyəsini yüksəltdi. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına Lend-liz aktını tətbiq etdilər. 1944-cü ilin fevral ayının əvvəllərində Amerika neft şirkətləri Dəhrandan LivanınSayda limanına qədər Trans-Ərəb neft boru kəmərinin inşasına başladılar. 1944-cü ildə Dahranda Amerika Baş Konsulluğu açıldı.[49] Eyni zamanda, Səudiyyə Ərəbistanı hökuməti, ABŞ-nin Yaponiyaya qarşı müharibə üçün lazım olan Dahranda böyük bir Amerika hava qüvvələri bazasının inşasına icazə verdi.
Yalta konfransından sonra ABŞ prezidenti Franklin Ruzveltin başçılıq etdiyi ABŞ heyəti Misirə uçdu, burada onu "Kuinsi" ağır kreyseri gözləyirdi. 14 fevralda Prezident Ruzvelt bu gəmidə İbn Səudu qəbul etdi. Amerika prezidentinin oğlu Elliot Ruzvelt, xatirələrində, ilk dəfə krallığını xüsusi olaraq Ruzveltlə görüşmək üçün tərk edən bu ərəb hökmdarı ilə atasının danışıqlarının təsvirini yazmışdı. İbn Səud üçün ABŞ kreyserinin göyərtəsində səhra çadırı quruldu. Kreyserin göyərtəsində, ABŞ Prezidenti Franklin Ruzvelt və Səudiyyə Ərəbistanı Kralı İbn Səud, "Kuinsi Paktı" olaraq bilinən, ABŞ-nin Səudiyyə yataqlarının işlənməsi üzərində inhisarçı olması haqqında müqavilə imzaladılar. Pakta əsasən, ABŞ yataqları kəşf etmək, işlətmək və Səudiyyə neftini almaq üçün müstəsna hüquqlar aldı və bu da Səudilərin hər hansı bir xarici təhdiddən qorunmasını təmin etdi.[50][51]
İslahatları
Hərbi qüvvələr
1953-cü ildə İbn Səudun ölümünə qədər ordu patriarxal qəbilə xarakterini qorudu. 1944-cü ildə yaradılan Müdafiə Nazirliyi, 1947-ci ilə qədər fəaliyyət göstərmədi və silahlı qüvvələrin qəbilə quruluşunda heç nə dəyişmədi, yalnız bir növ müasir görünüş yaratdı.
Neftdollarları, İbn Səudun 1952-1953-cü illərdə bütün daxilolmaların 53%-ni təşkil edən hərbi və təhlükəsizlik ehtiyacları üçün əhəmiyyətli miqdarda pul xərcləməsinə imkan verdi.
İlk dəmiryolu
1951-ci ildə krallığın ilk dəmir yolu açıldı və Ər-Riyadı Fars körfəzi sahilləri ilə birləşdirdi.
Xəstəlik və ölümü
Ömrünün son illərində kral yarı kor idi, ürək xəstəliyindən və artritdən əziyyət çəkirdi. 1953-cü ilin oktyabrında vəziyyəti pisləşdi. 9 Noyabr 1953-cü ildə Əl-Taifdə infarkt keçirərək yuxuda öldü.[52] Ər-Riad şəhərində, bacısı Nura Bin Əbdürrəhman Əl Səudun yanında dəfn edildi.
Ailəsi
Əbdüləziz Səudiyyə kral sülaləsinin qurucusu oldu. Ondan sonra çoxsaylı arvadlarından 45 qanuni oğlu qaldı. Onların arasında Səudiyyə Ərəbistanının ondan sonra hökmranlıq edən bütün kralları (taxt ümumiyyətlə qardaşdan qardaşa keçir) var idi. Əbdüləzizin ölümündən sonra oğlu Səud kral oldu.
Hal-hazırda Səud ailəsi o qədər çoxdur ki, (5-7 min şahzadə-əmir), nümayəndələri ölkənin bütün dövlət və iqtisadi həyatına nüfuz edirlər. Səudilərin hakim qrupu güc funksiyalarını yerinə yetirir, daxili və xarici siyasətdə əsas istiqaməti müəyyənləşdirir, iqtisadiyyatın və sənayenin inkişafında, neft və qazın əsasını təşkil edən milli iqtisadiyyatın dövlət sektorunu idarə etməkdə ortaya çıxan problemləri həll edir. Kral Əbdüləzizin bir neçə oğlu milyarderdir.[53].
Hazırda Səudiyyə Ərəbistanının kralı oğlu Salmandır. Salmanla yanaşı, kral Əbdüləzizin daha 5 oğlu sağdır:
Şahzadə Əbdül-İlah (1939-cu il təvəllüdlü) — Əl-Qasim əyalətinin valisi (1980-1992), Əl-Cəvf əyalətinin valisi (1998-2001), 2008-ci ildən nazir rütbəsində Kralın xüsusi müşaviri;
Şahzadə Mamduh (1940-cı il təvəllüdlü) — Tabuk əyalətinin valisi (1986-1987), Səudiyyə Strateji Araşdırmalar Mərkəzinin direktoru (1994-2004);
Şahzadə Əhməd (1942-ci il təvəllüdlü) — Məkkə əyaləti valisinin müavini (1971-1975), daxili işlər nazirinin müavini (1975-2012), daxili işlər naziri (18 iyun-5 noyabr 2012);
Şahzadə Mukrin (1945-ci il təvəllüdlü) — Hail əyalətinin valisi (1980-1999), El Mədinə əyalətinin valisi (1999-2005), xarici kəşfiyyat xidmətinin baş direktoru (2005-2012), vəliəhd şahzadə və baş nazirin müavini (23 yanvar - 29 aprel 2015.
Həyatı haqda faktlar
Jan-Jak Annonun rejissoru olduğu "Qara Qızıl" filmi, XX əsrin əvvəllərində mövcud olmayan iki böyük əmirlik - Salmaax və Hobeyki (Nəcd və Hicazın analoqları) arasındakı mübarizədən bəhs edir. Nəticədə əmirlərdən birinin gənc varisi Audanın himayəsi altında Ərəbistan yarımadasının ərazisi (açıq şəkildə Səudiyyələrə istinad) birləşdirilir, vahid ölkə yaradılır. O, həmçinin Amerika mədən şirkətlərinin zəngin neft yataqlarına daxil olmasına da imkan verir. Auda obrazı böyük ölçüdə Kral Əbdüləziz şəxsiyyətinə istinad edilib. Audanı Əlcəzair əslilli fransız aktyor Tahar Rahim canlandırıb.[54]
Əbdüləzizin ingilislərin köməyi ilə Osmanlı imperiyasına qarşı apardığı mübarizəni "Ərəbistanlı Lourens" filmində görmək olar.[55]
İstinadlar
↑His birthday has been a source of debate. It is generally accepted as 1875, although a few sources give it as 1880. According to British author en:Robert Lacey's book The Kingdom, a leading Saudi historian found records that show Abdulaziz in 1891 greeting an important tribal delegation. The historian reasoned that a nine or ten-year-old child (as given by the 1880 birth date) would have been too young to be allowed to greet such a delegation, while an adolescent of 15 or 16 (as given by the 1875 date) would likely have been allowed. When Lacey interviewed one of Abdulaziz's sons prior to writing the book, the son recalled that his father often laughed at records showing his birth date to be 1880. Abdulaziz's response to such records was reportedly that "I swallowed four years of my life." p. 561"
↑David W. Del Testa, redaktorSaūd, Abdulaziz ibn // Government Leaders, Military Rulers, and Political Activists. Westport, CT: Oryx Press. 2001. səh. 165. 2020-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.Questia vasitəsilə (abunə tələb olunur)
↑Mordechai Abir. "The Consolidation of the Ruling Class and the New Elites in Saudi Arabia". Middle Eastern Studies. 23 (2). April 1987: 150–171. doi:10.1080/00263208708700697. JSTOR4283169.
↑Fahd Al Semmari. "The King Abdulaziz Foundation for Research and Archives". Middle East Studies Association Bulletin. 35 (1). Summer 2001: 45–46. doi:10.1017/S0026318400041432. JSTOR23063369.
↑Bilal Ahmad Kutty. Saudi Arabia under King Faisal(PDF) (Tezis). Aligarh Muslim University. 1997. səh. 52. 17 March 2022 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: 30 April 2021.
↑Военно-политический аспект американо-саудовских отношений в 1942—1945 гг. Вопросы истории и политики: взгляд молодых исследователей: сб. научных статей / под ред. А. В. Сергеева. — Киров: Изд-во ВятГГУ, 2011. С. 41.
↑Дербенёв А. Вашингтон-Эр-Рияд: у истоков дипломатических отношений // Вестник Российского университета дружбы народов. Серия: Международные отношения. — 2013. — № 2. — С. 107—114.