O, "Bazel" komandası ilə iki dəfə İsveçrə superliqasını (2012-2013, 2013-14), "Çelsi" komandası ilə isə Premyer Liqanı (2014-2015) və Liqa Kubokunu (2014-2015) qazanıb. 2012-ci ildə Afrikanın ən yaxşı gənc futbolçusu mükafatını alıb.[5]2013-cü ildə İsveçrə superliqasının ən yaxşı oyunçusu mükafatına layiq görülmüşdür.
Salah "Əl-Mokavlun Əl-Ərəb" futbol klubunun yetirməsidir. O, 2010-cu il mayın 3-də "Əl-Mənsur" komandasına qarşı oyunda birinci komandanın heyətində debüt edib. 2010-11 mövsümündə Məhəmməd əsas heyətdə yerini möhkəmlədib. 2010-cu il dekabrın 25-də "Əl-Əhli" komandasına qarşı oyunda Salah komandanın heyətində ilk qolunu vurub. 2012-ci ilin əvvəlində Port-Səid stadionunda baş verən faciədən sonra Misirdə futbol çempionatının oyunları qeyri-müəyyən müddətə dayandırılıb.[10]
Bazel
Məhəmməd Salah 2012-ci ilin yayında İsveçrənin "Bazel" komandasına keçib. 23 iyun2012-ci ildə Rumıniyanın "Styaua" komandasına qarşı keçirilən yoldaşlıq oyununda yeni klubunun heyətində debüt etmiş və ilk qolunu vurmuşdur. Klubun heyətində rəsmi debütü UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Norveçin "Mölde" komandası ilə görüşə təsadüf edib.[11] O, avqustun 12-də "Tun" komandası ilə keçirilən görüşdə İsveçrə çempionatında debüt edib. Salah bu görüşdə "Bazel"in vurduğu bütün qollarda yaxından iştirak etmiş və komandasının 3:1 hesablı qələbəsində böyük pay sahibi olmuşdur.[12]Avqustun 18-də "Lozanna" komandası ilə keçirilən görüşdə çempionatda ilk qolunu vurub.[13]