Atasının ölümünün ardından hələ 5 yaşında ikən taxta çıxarıldı və 1331-ci ilin noyabrında Skon məbədində keçirilən mərasimlə tacqoyma mərasimində vəftiz edilən ilk Şotlandiya kralı oldu. Uşaq yaşda olması və taxt naibliyi uğrunda yerli əsilzadələrin mübarizəsindən istifadə edən İngiltərə kralıIII Eduard ölkədəki əsilzadələri krala qarşı ayaqlandırdı. Bu isə İkinci Şotlandiya Müstəqillik müharibəsinə səbəb oldu. 1333-cü ildə baş tutan döyüşdə ingilislərin qalib gəlməsinin ardından, II David və ailəsi Fransaya qaçırıldı və burada uzun müddət sürgündə yaşadı.
1346-cı ildə II David fransız dəstəyilə İngiltərəyə müharibə elan etdi. Ancaq qısa zaman sonra məğlub edildi və döyüş meydanında əsir düşərək 11 il İngiltərədə tutuldu. Bu illər ərzində Şotlandiya bacısı oğlu Robert Stüart tərəfindən idarə edildi. 1357-ci ildə tərəflər arasında bağlanan sülhün ardından II David külli miqdarda döyüş təzminatı ödəməyi öhdəliyinə götürərək azad edildi. Ancaq bu təzminatın toplanması üçün apardığı iqtisadi islahatlar və vergi siyasəti yerli əsilzadələrlə münasibətlərini zədələdi. 1363-cü ildə II David təzminatı verə bilməyəcəyini anladı və təzminat qarşılığında Şotlandiya taxt-tacını İngiltərə kralıIII Eduard və oğullarına buraxmağı təklif etdi. Üstəlik, uzun illərdir evli olmasına baxmayaraq bir varisi yox idi. Ancaq onun bu təklifi parlament tərəfindən qəbul edilmədi. Gələcəyin kralı olaraq görülən bacısı oğlu Robert Stüartın isə varisliyini qəbul etmədi və bu səbəblə, məşuqələrindən biriylə rəsmi evlənərək yeni bir varisin dünyaya gəlməsini gözlədi. Ancaq bu xanımından da övladı olmadı və onu boşamağa məcbur oldu.