Azərbaycan Hərbi Dəniz Qüvvələri — 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamış Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növü.[1] 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı.
Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi.[2]
Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına (indiki Maxaçqala) qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır.
Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız "Ərdahan" və "Astrabad" gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı.[1]
1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi.
Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məktəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı.
Texniki təminatın yaxşılaşdırılması məqsədilə Paris Sülh Konfransına təqdim olunmuş memorandumda donanmanın sualtı qayıqlar, lazımi qədər mərmi ehtiyatları və digər zəruri vəsaitlərlə təmin olunmasına köməklik olunması ilə bağlı müraciət olunmuş, 6 sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artilleriya silahları sifariş olunmuşdu. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar güclü hərbi donanmanın yaradılması mümkün olmadı.[1]
Azərbaycan Respublikası dövrü
1990-cı illər
Azərbaycan Hərbi Dəniz Qüvvələri yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Parlamentinin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olundu. Sabiq SSRİ dövləti tərkibində olan müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Xəzəryanı dövlətləri arasında əldə olunan razılığa görə Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25% hərbi gəmilərinə sahib oldu.[1]
26 iyul 1992-ci ildə "Bakılı" gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırıldı və Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başladı. İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion və sahil bölmələri daxil oldu. Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmağa başlandı.
Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırıldı. Ağdam-Tərtər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə 1994-cü ilin 19 aprel tarixində cəbhə bölgəsinə göndərildi və 25 iyul 1994-cü il tarixində vəzifə borclarını yerinə yetirdikdən sonra hərbi hissəyə döndü.
4 noyabr 1997-ci il tarixli "Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında" qanuna əsasən hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edildi. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırıldı.[1][2]
Avqustun 5-i Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yaranma günüdür. "Qars", "Ərdahan" qayıqları, "Astrabad", "Göytəpə" poçt gəmiləri, "Araz" hidroqrafik gəmisi və "Bayıl" liman daşıyıcı gəmisindən ibarət Azərbaycanın hərbi dəniz donanması 1918-ci ildə yaradılıb. Daha sonra Bakını tərk edən ingilis əsgərləri özlərinin döyüş gəmilərinin və yardımçı üzgüçü vasitələrinin bir hissəsini Azərbaycana verib. Demokratik cumhuriyyətin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olub.
Keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilib. Hərbi gəmiləri Azərbaycanın balansına qəbul edilməsində HDQ-nin keçmiş komandanı, kontr-admiral Rafiq Əsgərov mühüm rol oynayıb. O vaxt Rusiya müəyən bəhanələrlə Bakı bazasında yerləşmiş müasir gəmiləri açıq dənizə çıxararaq Mahaçqalaya aparıb və geri qaytarmayıb.
2000-ci illər
Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı hərbi əməkdaşlıq müqaviləsinə əsasən P-223 kiçik artilleriya kateri Azərbaycana hədiyyə olunmuşdur. 22 iyul 2000-ci ildə İzmir şəhərindən səfərə başlamış, 3 dövlətin (Türkiyə, Ukrayna, Rusiya) ərazisindən 5 dəniz (Egey, Mərmərə, Qara, Azov, Xəzər), 3 boğaz (Çanaqqala, İstanbul, Kerç), 2 çay (Don, Volqa) və onları birləşdirən 18 hovuzu keçərək 2345 dəniz mili məsafəni qət etmiş, 7 avqust 2000-ci ildə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən Hərbi Dəniz Qüvvələrinin əsas bazasına gətirilmişdir.[1]
Hərbi Dəniz Qüvvələrinin Xüsusi təyinatlı mərkəzin şəxsi heyəti Türkiyə və ABŞ Dəniz Piyadaçıları ilə bir sıra birgə təlimlərdə iştirak etmişlər. Zabit kadrlarının ixtisas hazırlığının yüksəldilməsi məqsədilə bir sıra xarici ölkələrlə təcrübə mübadilələri aparılmış, zabit heyətinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunmuşdur.
Döyüş hazırlığı planına əsasən Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafiəzsinin təmin edilməsi üzrə hər il Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin və hərbi gəmilərinin iştirakı ilə Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə qarşılıqlı birgə təlimlər keçirilir. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində davamlı iş aparılır.
Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və gəmiləri Silahlı Qüvvələrin yaranmasının 90-cı və 95-ci ildönümünə həsr olunmuş hərbi paradlarda və gəmilərin təntənəli düzülüşündə və keçidində iştirak etmişdir.
2005-ci ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin Həştərxan şəhərinə dostluq səfəri çərçivəsində Rusiyanının Xəzər Dəniz Donanmasına ziyarətlər təşkil olunmuşdur. 2012-ci ilin oktyabr və 2013-cü ilin avqust ayında Xəzər dəniz donanmasınınBakıya yoldaşlıq səfəri, 2013-cü ilin sentyabr ayında isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Rusiyanın Həştərxan vilayətinə səfəri təşkil olunmuşdur. Ziyarət proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-121 Gözətçi gəmisini ziyarət etmişlər.[1]
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Hərbi Dəniz Qüvvələri üçün tikilən yeni bazada tikinti-tamamlanma işləri davam edir. Yeni bazada müasir standartlara cavab verən qərargah, körpülər, hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün hərbi şəhərcik tikilir, kommunikasiya və digər infrastrukturla təmin olunur.[1]
Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin dəniz pişikləri, sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) xüsusi təyinatlı dəstəsinin birinci xüsusi təyinatlı qrupu müharibənin ikinci günündə Goranboy rayonunda milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan "Mübariz postu" istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib.[8] Sonra isə hərbi dənizçilər Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində hücumu davam etdirərək bir çox yaşayış məntəqələrini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərinə bayraq sancaraq azad edilən əraziləri aidiyyətı üzrə digər qoşunların bölmələrinə təhvil veriblər.[9]
Hərbi Dəniz Qüvvələri – xüsusi təyinatlılarının fədakarlığı nəticəsində Qubadlı rayonunun neçə-neçə kəndi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib. Polkovnik Zaur Quliyev Qubadlı şəhərinin azad olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edərək Qubadlı şəhərinin azad edildiyini bildirib.[10]
Hərbi dənizçilər Qubadlıdakı uğurlu əməliyyatlardan sonra Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərinin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri göstəriblər. Düşmənin alınmaz qalaya çevirdiyi və neçə-neçə igidimizin şəhid olduğu Qızılqayanın alınması uğrunda döyüşlərdə də hərbi dənizçilərimiz xüsusilə fərqləniblər.
HQQ hərbçilərindən miçman Fəqan Zalov (ölümündən sonra) və 1-ci dərəcəli Kapitan Zaur Quliyev Vətən müharibəsi qəhrəmanı adı ilə təltif olunmuşlar.
Hazırda Azərbaycanın HDQ-nin şəxsi heyətinin sayı 3,000 nəfər göstərilir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur.
HDQ tərkibinə həmçinin BakınınSuraxanı rayonun Zığ qəsəbəsində yerləşən dəniz piyada taburu və xüsusi təyinatlı diversiya – kəşfiyyat mərkəzi daxildir.
Azərbaycan HDQ-nin ən nəhəng gəmisi 1040 tonluq 159A layihəli "Bakılı" keşikçi gəmisidir. Bundan başqa, HDQ-nin balansında 10410 layihəsi əsasında inşa olunmuş qayıqəleyhinə artilleriya kateri, qayıqəleyhinə "Araz" kateri (Türkiyədə 1969-cu ildə qurulub, keçmiş AV-34), 205U layihəli raket kateri (keçmiş R-173), 205P tipli 3 kater, 1388R (KRX-1) layihəli keşikçi gəmiləri, 1400M "sərhədçi" layihəli kater, HDQ-nin balansına 3 ədəd 12650 layihəli əsas tral (keçmiş BT-16, BT-103, BT-155) və 2 ədəd 1258 layihəli reyd gəmiləri (keçmiş RT-136 və RT-473), amfibiya qüvvələri qrupuna 3 ədəd Polşa istehsalı (771A-D-431 layihəli keçmiş MDK-107, 770T və 770MA layihəli keçmiş MDK-37 və MDK-687) və 2 ədəd 106 və 106L layihəli gəmi, 1785 layihəli desant kateri (keçmiş D-603) daxildir.
Azərbaycan HDQ-nin yardımçı donanması 20-dən artıq müxtəlif gəmilərdən ibarətdir. Onlar arasında 10470 layihəli tanker, 1844 layihəli kiçik baza tankeri, 871 və 872 layihəli 2 ədəd kiçik hidroqrafik gəmi (Polşa istehsalı), 1893 layihəli 2 ədəd yanğınəleyhinə (PJS551 və PJS-552) gəmi də var. Yardımçı donanmaya 364 layihəli (keçmiş PJK-12 və PJK-179) 2 ədəd yanğınəleyhinə kater, 1172 layihəli kiçik kabel gəmisi (keçmiş "Emba", Finlandiya istehsalı) və SK-620 layihəli sanitar-hospital kateri (12 yerlik lazaret, Polşa layihəsi) də daxildir.[2]
Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadası da mövcuddur. Bu briqadaya ABŞ-nin Sərhəd Mühafizəsi 2001-ci ildə S-201 patrul kateri ("S" seriyalı "Point Brower"), 48 futluq "Silver Shir" tipli 3 patrul kateri bağışlayıb.
Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Bu sahədə Azərbaycana Türkiyənin HDQ və onun hərbi mütəxəssisləri kömək göstərirlər. Hazırda AAHDM Amerikanın Sahil Mühafizəsi Akademiyası ilə əməkdaşlıq edir.
Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədilə 2003-cü ildən AAHDM-nin nəzdində gəmi şturmanı, suüstü gəmilərin silahları, suüstü gəmilərin rabitə və radiotexniki vasitələri, gəmi-dizel və dizel elektrik enerji qurğuları ixtisasları üzrə 10 aylıq zabitlər kursu fəaliyyət göstərir.
Azərbaycanla ABŞ arasında imzalanmış hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində də əsas yeri Azərbaycanın dəniz təhlükəsizliyinin gücləndirilməsi tutur. İş Planı çərçivəsində Azərbaycan HDQ-nin xüsusi təyinatlılarına xüsusi hərbi dəniz əməliyyatları, dəniz enerji infrastrukturlarının təhlükəsizliyini təmin etmək, minadan təmizləmə əməliyyatları, HDQ xüsusi təyinatlılarının Xəzər dənizində istənilən şəraitdə gəminin yoxlanılması, gəmiyə daxil olma, axtarış və zəbt etmə əməliyyatlarına hazırlamaq, sualtı əməliyyatlar və sahilyanı kəşfiyyat həyata keçirmək imkanı və s. sahədə təlimlər keçirilir.[2]
Xəzər Mühafizəsi Təşəbbüsü Xəzərin təhlükəsizliyini artırmaq üçün Azərbaycan və Qazaxıstanda ABŞ Mərkəzi Komandanlığı və digər ABŞ dövlət qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün nəzərdə tutulmuş çərçivə proqramıdır. Təşəbbüs iki ölkəyə Xəzər regionunda terrorizm, nüvə silahlarının yayılması, narkotik və insan alveri və digər transmilli təhdidlərin qarşısının alınması və lazım gəldikdə onlara cavab vermək imkanlarını təkmilləşdirməkdə kömək edir. Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı Azərbaycandakı bütün əməliyyatlara cavabdehdir.[12]
Qalereya
Azərbaycan Hərbi Dəniz Qüvvələri Bakı buxtasında hərbi parad zamanı
Puta Dəniz Bazasında mərasim tədbiri
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Bakıda keçirilən hərbi paradda
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanı, vitse-admiral Kevin Kosqrifin Bakıda vitse-admiral Şahin Sultanov ilə görüşündən.