Azərbaycanda təbii qaz

Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmış və Azərbaycan müəyyən dövrlərdə Sovetlər İttifaqının vahid qaz sistemindən əlavə yanacaq alaraq bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. İttifaqın dağılması ilə əlaqədar olaraq Azərbaycan mavi yanacağa olan təlabatını daxili mənbələr hesabına təmin etmək zorunda qalmışdır. 1990-cı illərdə respublikada hasil olunan (1998-ci ildə 5589,5 min m³) qaz onun ehtiyaclarından aşağı miqdarda idi. Yeni neft-qaz yataqlarında istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə yaxın vaxtlarda bu problemin həllini reallaşdırdı, Azərbaycan qaz ixrac edən bir ölkəyə çevrildi.

Tarixi

Azərbaycanda da qazdan geniş istifadə ötən əsrdən başlanğıc götürmüşdür. 1859-cu ildə Suraxanıda kiçik olmayan zavodda buxar əldə etmək üçün təbii qazdan yanacaq kimi istifadə olunmuşdur. 1902-ci ildə elə bu ərazidə qazılan quyu qaz fontanı yaratmışdır. Sutkalıq debiti 57 min kubmetr olan bu quyu Azərbaycanda ilk qaz nəqletmə sisteminin yaranmasına səbəb olmuşdur. 1907-ci ildə Azərbaycanda 130 milyon kubmetr qaz hasil edilmişdir. Respublikada neft və qaz hasilatı inkişaf etdikcə qaz enerjisindən istifadə edilməsi daha geniş vüsət tapmışdır. Artıq 1950–60-cı illərdə hasilat 6 milyard kubmetrə çatmışdır və bunun nəticəsində respublikanın sənaye, kommunal təsərrüfatı, elektrik stansiyaları əsasən bu enerji növündən istifadə sisteminə keçmişlər. Qaz sənayesinin inkişafı respublika iqtisadiyyatının bütün digər sahələrinə də öz təsirini göstərmişdir. 1982-ci ildə Azərbaycanda rekord miqdarda — 14,9 milyard kubmetr qaz hasil edilmişdir. 1990–91-ci illərdə isə respublikanın qaz istehlakı zirvə həddinə — 17 milyard kubmetrə çatmışdır ki, bunun da 5,5 milyard kubmetrini respublikanın enerji kompleksi, elektrik stansiyaları məsrəf etmişdir. Hazırda Azərbaycanın mövcud qaz şəbəkəsi böyük miqyaslı tranzit imkanlarına malikdir. Azərbaycanın qaz-nəqliyyat sistemindən 1990–1991-ci illərdə Gürcüstanın və Ermənistanın ehtiyaclarını təmin etmək üçün 12 milyard kubmetr qaz nəql edilmişdir.

Qaz ehtiyatları

BP şirkətinin icmalında 2019-cu ilin sonuna Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,8 trilyon kubmetr həcmində qiymətləndirilir. İcmala əsasən, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanın qaz ehtiyatları 2,1 trilyon kubmetr həcmində qiymətləndirilib. Beləliklə, il ərzində qaz ehtiyatları 0,7 trilyon kubmetr və ya 33,3% artıb.[1]

Hasilat

Azərbaycanda qaz quruda və dənizdə hasil edilir. Uzun illər Azərbaycanda qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz yataqlarının xeyrinə dəyişmişdir. Son üç ilə Azərbaycanda müvafiq olaraq hər il dənizdə 5,6–5,9, quruda isə 0,2–0,3 mlrd. kubmetr qaz hasil edilməkdədir. Azərbaycanda bu günə kimi 445,2 mlrd. kubmetr qaz hasil edilmişdir ki, onun da 320,1 mlrd. kubmetri dənizdə hasil olunmuşdur. İndi artıq dənizdə "Əsrin müqaviləsi" çərçivəsində qaz hasil edilməkdədir. Məlumatlara görə təkcə 1998-ci ildə Çıraq platformasından 200 milyon kubmetrdən çox qaz hasil edilmişdir. Axtarışlar nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi" və "Qarabağ" yataqlarında neft və qaz kondensat yataqları aşkar edilmişdir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan "Şahdəniz" yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-cu il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir. 2015-ci ilə kimi "Şahdəniz" yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir. Hazırda Xəzər hövzəsi regionunda qazın nəqli problemləri aktual xarakter almışdır. Bu baxımdan Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində bir çox şirkətlər maraq göstərirlər.

2005–2011-ci illərdə ARDNŞ və ümumi Azərbaycan üzrə təbii qaz hasilatı (mln. kub metr)[2]

İl ARDNŞ Azərbaycan
2005 3930.6 6487.8
2006 4456 9044.8
2007 5997.6 16964.4
2008 7752.6 23405.4
2009 6903 23681.6
2010 7178.9 26349.6
2011 7084.2 25752.9

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycanda 2021-ci ildə qaz hasilatının 45 mlrd.kubmetrə çatdırılacağı proqnozlaşdırılır. 2019–2020-ci illərdə "Abşeron"qaz-kondensat yatağı, "Şəfəq-Asiman", "Babək" perspektiv strukturları,"Qarabağ", "Ümid" yataqları üzrə görüləcək işlər yaxın gələcəkdə ölkənin qaz hasilatında artımı təmin edəcək.[3]

Həmçinin bax

İstinadlar

  1. "BP Azərbaycanda qaz ehtiyatlarının qiymətləndirilməsini artırıb". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
  2. Qaz hasilatı Arxivləşdirilib 2021-03-07 at the Wayback Machine Azərbaycan Respublikası Energetika Nazirliyi
  3. "Azərbaycanda 2021-ci ildə qaz hasilatı 45 mlrd.kubmetrə çatdırılacaq". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!