Arçinlər (arç. аршишттиб, arşishttib, rus. арчинцы, arçinsı) – Rusiyada, Cənubi Dağıstanın səkkiz kəndində yaşayan etnik qrupdur. Arçib bunların içərisindəki əsas kənd hesab olunur, çünki ilin üç ayı arçinlər kommunal işlə məşğul olmaq üçün Arçibdə toplaşırdı.[1] Onların mədəniyyəti Dağıstanın bütün mədəniyyətləri içərisində ən fərqli və ən yaxşı qorunanlardan birisidir.[2]
Arçilərin cəmi 1200 nəfər əhalisi var və öz dillərində danışırlar. Onların yaşayış yeri Qafqaz sıra dağlarının ərazisindəki Qara-Göysu hövzəsində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdədir.[1]
Tarixi
Arçin xalqının mənşəyi məlum deyil. Onların adı ilk dəfə 13-cü və ya 14-cü əsrdə Məhəmməd Rəfinin Şirvandan yazdığı tarixi salnamələrdə qeyd edilmişdir.[3] Avar icması olan Dursax (və ya Rissib) bir hissəsi idilər və zaman-zaman Qazıqumux xanlığına xərac verirdilər.[4] 1813-cü ildə Dağıstan Rusiya tərəfindən ilhaq edildikdən sonra onlar da Rusiya imperiyasının subyektləri oldular. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə 1886-cı ildə Qazıqumux dairəsində 802 arçin yaşayırdı.[5] 1899-cu ildən sonra onlar Dağıstan vilayətinin Qunib dairəsinə daxil oldular.[3]
1921-ci ildə Dağıstan MSSR-in tərkibinə daxil oldular. Sovet İttifaqının Birinci Ümumittifaq siyahıyaalmasına görə 1926-cı ildə Sovet İttifaqında 863 arçin var idi.[6] Növbəti siyahıyaalmalarda onlar ayrı bir etnik qrup deyil, avarların alt qrupu olaraq qəbul edildilər. 1959-cu il Sovet siyahıyaalınmasında Böyük Sovet Ensiklopediyasına görə, arçinlər hələ də ana dillərini və bəzi etnoqrafik xüsusiyyətlərini qorumaqlarına baxmayaraq, özlərini avar olaraq təqdim edirdilər.[7] 2002-ci il Rusiya siyahıyaalınması zamanı yenə avarların alt qrupu sayılan 89 arçin Rusiyada qeydiyyata alındı.[8] 2010-cu il Rusiya siyahıyaalınmasında cəmi 12 arçin qeyd olundu.[9]
Dil
Arçin dili Nax-Dağıstan dillərinin ləzgi dilləri alt qoluna aiddir. Sadəcə günlük məişətdə istifadə olunan və yazısı olmayan bir dildir. Yalnız bir neçə kənddə danışılır. Əvəzində arçinlər arasında avar və lak dilləri yayılıb.
Arçin dili haqqında ilk məlumat "Lak dilinin qrammatikası" kitabının əlavələr hissəsində nəşr edilən, Piter von Usların 11 iyun 1863-cü ildə Anton Şifnerə yazdığı məktub idi.[4] Piter von Uslar arçin dilinin əfsanəsi haqqında belə demişdi:
“Tanrı millətlər və xalqlar yaratdı; xalqlardan çox daha az dil var idi. Tanrı bir neçə xalqa bir ortaq dil verdi, lakin bütün xalqlar dünyanın ən çətin dilini qəbul etməkdən imtina etdilər, nəticədə bu, ən az saylı xalqın dili oldu: Arçin xalqı və arçin dili”[10]
Mədəniyyəti
Arçin etnonimi lak dilindəki Arçib kəndinin adından yaranmışdır.[3] Arçinlər ilə bağlı əsas paradoks ondadır ki, onlar avar xalqlarının etnik identifikasiyasına görə alt qrup olsalar da, dilləri ləzgilərin dillərinə, mədəniyyətləri isə avar və lak mədəniyyətlərinə bənzəyir.[11] Bütün Sovet və Rusiya siyahıyaalmalarında avarların alt qrupu sayılıblar.
Arçin xalqının böyük əksəriyyəti sünni müsəlmanlardır. Ərəb dilində Kufi yazısında yazılmış abidələrin mövcudluğu onların 10-cu əsrdən gec olmayaraq İslamı qəbul etdiklərini göstərir.[11]
İstinadlar