Qırmızı mantiya, Altron-5, Altron-6, Altron-7, Altron-8, Altron-9, Altron-10, Altron-11, Altron-12, Altron-13, Altron-14, Altron-15, Altron-16, Altron-17, Altron-18, Mükəmməl Altron, Altron Pim, Üstün Altron, Henk Pim
Gücləri
dahilik səviyyəsində süni intellekt, qeyri-insani güc, sürət, dözümlülük, uçmaq, enerji topları
Altron (ing.Ultron) – Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə yaradılmış komiks personajı. Roy Tomas və Con Bessema tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 54-cü sayında kameo kimi peyda olmuşdur. Altron Henk Pim tərəfindən yaxşı məqsədlər üçün yaradılmış, lakin daha sonra tərəf dəyişdirmiş süni intellektdir. Qisasçılar komandasının əzəli düşmənidir. Adamantium elementindən özünə bədən hazırlamış ilk Marvel Comics personajıdır.[1]
Altron bir çox Qisasçılar animasiyasında və videooyununda peyda olmuşdur. IGN Altronu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 23-cü yerdə göstərmişdir. "Wizard" jurnalı isə onu "Ən böyük 200 supercinayətkar" siyahısında 189-cu yerdə göstərmişdir.
Personaj Roy Tomas və Con Bessema tərəfindən yaradılmışdır. İlk dəfə "The Avengers" komiksinin 54-cü sayında (iyul 1968) kameo etmişdir. Növbəti sayda isə tam olaraq peyda olmuşdur. Personajın adlandırılması zamanı Tomas -tron suffiksindən istifadə etmək istəmiş və Altron adını seçmişdir.[2] Tomasın dediyinə görə personaj üçün ilham mənbəyi "Kapitan Video" komikslərindəki Makino adlı robotik cinayətkar olmuşdur.[1]
Bioqrafiya
Altron ilk dəfə "The Avengers" komiksinin 54-cü sayında görünsə də, sayın böyük hissəsində "Qırmızı mantiya" adı ilə maskalanmış və üzünü ancaq son səhifədə göstərmişdir (adı isə verilməmişdir). Altron Qisasçılara qarşı Bədxahlıq ustaları komandasına başçılıq edir və Edvin Carvisi hipnoz edərək ona işləməyə məcbur edir. Növbəti buraxılışda personajın adı Altron-5, Yaşayan avtomat adı ilə verilmişdir.[3] Komiksin 57–58-ci buraxılışlarındakı (oktyabr-noyabr 1968) fleşbek səhnəsində Altronun Qisasçıları məhv etmək üçün Vijn adlı silah yaratdığı göstərilir, lakin Vijn Qisasçıların köməyi ilə Altronu məhv edir.[4]
Növbəti fleşbəkdə Altronun əslində Henk Pim tərəfindən yaradıldığı və Altronun Pimin beyn izlərindən istifadə etdiyi göstərilir. Robot vaxt getdikcə süni intellektini inkişaf etdirir və onda Edip kompleksi yaranır: yaradıcısı Henkə qarşı nifrət bəsləməyə başlayır, Cenet van Dinə qarşı isə marağı yaranır. Altron özünü 5 dəfə özünü yeniləyir və "atası" Henk Pimi hipnoz edərək onu yaratdığı unutdurur.[5]
66–68-ci saylarda (iyul-sentyabr 1969) özünə bu dəfə Altron-6 kimi xitab edən Altron adamntium adlı metaldan istifadə edərək bədənini demək olar ki, məhvedilməz edir və özünə Mükəmməl Altron adını götürür. Onun bəşəriyyəti məhv etmə planlarına yenə Qisasçılar mane olurlar.[6]
"Avengers" komiksinin 127-ci və "Fantastic Four" komiksinin 150-ci saylarını əhatə edən krossoverdə (sentyabr 1974) Maksimus tərəfindən android Omeqanın bədəni ilə yenidən yaradılmış Altron (Altron-7) Kristal və Civənin toyuna hücum edir, Qisasçılarla döyüşür və Qeyri-insanlar ilə Fantastik dördlük tərəfindən məhv edilir.[7] Personaj növbəti dəfə "Avengers" komiksinin 161–162-ci saylarında (iyul-avqust 1977) peyda olur və Altron-8 olaraq özünə Yokasta adlı robot gəlin yaradır.[8] 170–171-ci saylarda Qisasçılar Misis Marvelin köməyi ilə Altron-9-u məhv edirlər.[9]
Güc və bacarıqlar
Altronun güc və bacarıqları olduqca dəyişkəndir, lakin əsas güc və bacarıqları qeyri-insani güc, sürət, dözümlülük, reflekslərdir. Bundan əlavə sürətli uçma, enerji topları güclərinə malikdir. Altron rəqibini hipnoz etmə və istədiyini ona etdirmək gücünə sahibdir. O, elektromaqnit radiasiyanı elektrik enerjisini çevirib istifadə edə və ya saxlaya bilir. Altron süni intellekt olduğundan dahilik səviyyəsində intellektə malikdir, özünü asanlıqla düzəldə və yeni cihazlar düzəldə bilir. Çox böyük sürətlə hesablamalar apara bilir. Altron güclü robototexnikaçı və strategiyaçıdır.
Altronun xarici skeleti adamantium metalından təşkil olunub və buna görə də demək olar ki, məhvedilməzdir.