Adil Asəm oğlu İbrahimli (9 sentyabr 1992, Sumqayıt – 7 noyabr 2020, Şuşa) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Həyatı
Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub.[1] 1999–2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008–2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.
Hərbi xidməti
Adil İbrahimli 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edirdi.
Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, [[Hadrutun azad edilməsi|Xocavənd]]in və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil İbrahimliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil İbrahimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil İbrahimli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adil İbrahimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
İrsi və xatirəsi
2021-ci ildə Sumqayıt şəhərində Adil İbrahimlinin adına yaşadığı ərazidə bulaq tikilib.[7]
2021-ci ildə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin adı verilmişdir.[8]
Təltifləri
İstinadlar