Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı şəhid olub, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Həyatı
Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.[1]
1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub.[2] Ailəli idi. İki qızı yadigar qaldı.
Hərbi xidməti
Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib.
2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi.
Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.[3]
2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub. 2019-cu ildə Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Valeh Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Valeh Bədəlov oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Tala kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Valeh Bədəlov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə",[4] Xocavəndin azad olunmasına görə",[5], "Füzulinin azad olunmasına görə",[6]
"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Təltifləri
İrsi və xatirəsi
2021-ci ildə Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun adı verilmişdir.[15]
İstinadlar
Xarici keçidlər