Ağalar Abbasbəyli 1941-ci il dekabrın 31-də Bakı şəhərində dünyaya gəlib.
1958-ci ildə orta məktəbi bitirib. M. V. Lomonosov adına MDU-nun tələbəsi, aspirantı, stajoru və doktorantı olub. Tarix elmləri doktoru elmi dərəcəsi və iki istiqamət üzrə elmi adı var: tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor. 500-dək elmi əsərin müəllifidir. Bunlardan 50-si monoqrafiya və dərsliklərdir. Elmi-pedaqoji fəaliyyət dövründə 25 alim – elmlər namizədi və elmlər doktoru hazırlyıb, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, "Beynəlxalq münasibətlər" ixtisası üzrə 50 nəfər magistrın ərsəyə gəlməsində mühüm rol oynayıb. 100-dən yuxarı elmi-nəzəri konfransda, o cümlədən xarici ölkədə keçirilən 30 konfransda iştirak edib. Müxtəlif illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Beynəlxalq əlaqələr" kafedrasının yaradıcısı və müdiri olub, müxtəlif dövlət və partiya vəzifələrində çalışıb, xarici ölkələrdə Sovet səfirliyində müşavir, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və AR Sülh Fondunun sədri olub, Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri, Azərbaycan KP Təşviqat Komissiyasının sədr müavini və sədr əvəzi, MSK-nın üzvü və s. vəzifələrdə işləyib. Uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında AAK Dissertasiya Şurasının üzvü, dəfələrlə Birdəfəlik Elmi Müdafiə Şuraların sədri olub, beş elmi jurnalın redaksiya heyətinin, BDU-nun Elmi Şurasının və AMEA — İnsan Hüquqları İnstitutunun üzvüdür.
1991-ci ildən bu günə kimi BDU-nun "Beynəlxalq münasibətlər" kafedrasına rəhbərlik edir. Rus, ingilis, portuqal, serb və ispan dillərindən sərbəst danışır. "Heydər Əliyev və dünya siyasəti", "Azərbaycan mənim ürəyimdir" (Heydər Əliyevin siyasi tərcümeyi-halından səhifələr), "Azərbaycanın gələcəyi naminə", "Azərbaycan müasir dövrdə", "Azərbaycan beynəlxalq və regional təşkilatlar sistemində", "XXI əsrin astanasında Rusiyanın Qafqaz siyasəti", "XXI əsrdə Rusiya Federasiyasının xarici siyasəti", "XXI əsrin geostrategiyası", "Qloballaşma və müasir beynəlxalq münasibətlər sistemi", "Qafqaz müasir geostrategiyada", "Konfliktologiya", "Beynəlxalq münaqişələr: nəzəri və konseptual yanaşmalar", "Beynəlxalq münasibətlərin proqnozlaşdırılması nəzəriyyəsinin bəzi problemləri", "Diplomatik protokol", "Diplomatiya terminləri lüğəti" və s. əsərlərin müəllifidir.[1]