2019 UEFA Çempionlar Liqası finalı – Çempionlar Liqasının 2018–19 mövsümünün final matçıdır. 1 iyunda Madriddə yerləşən Vanda Metropolitano stadionunda keçirilmişdir.[5]
Finalda iki ingilis klubu: Liverpul və Tottenhem Hotspur üz-üzə gəldi. Bu həm də Tottenhemin oynadığı ilk ÇL finalı oldu. Bu finalda yeddinci dəfə eyni ölkənin klubları üz-üzə gəldi. Həmçinin, bu 2008-ci il finalından bəri ikinci ingilis klublarının qarşılaşdığı final idi.
Matçda rəqibinə 2–0 hesabı ilə qalib gələn Liverpul 6-cı dəfə bu kuboka yiyələndi. Həmçinin, 2018–19 UEFA Avropa Liqası qalibi Çelsi ilə 2019 UEFA Super Kuboku çərçivəsində oyun oynama hüququ qazandı. Bundan əlavə komanda 2019-cu ilin dekabrında Qətərdə keçiriləcək klublararası dünya çempionatında da iştirak edəcək.
Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır.[6]. 2018-ci ilin martında UEFA matçda əlavə vaxtın oynanacağı təqdirdə komandalara dördüncü oyunçu əvəzetmə hüququnu vermişdi. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndi.[7] Matçda həm də Çempionlar Liqası finalları tarixində ilk dəfə video köməkçi hakimdən (VAR) istifadə olunmuşdu.[8]
Məkan
Bu Madriddə keçirilən beşinci Çempion Klublar Kuboku / UEFA Çempionlar Liqası finalı oldu. Burada ən son final 2010-cu ildə Santyaqo Bernabeu stadionunda keçirilmişdi.[9]
2017-ci ildə stadionda yenilənmə-bərpa işləri bitdi. Atletiko Madrid klubu ev oyunlarını burada keçirir. UEFA-nın sponsorluq qaydalarına görə stadion UEFA turnirlərində "Estadio Metropolitano" olaraq adlandırılır.[9]
Seçimlər
İlk dəfə 9 dekabr 2016-cı ildə UEFA klub turnirlərinin finallarının keçirilməsiylə bağlı açıq təklif vermə prosesini başlatdı. Bununla bağlı assosiasiyalar öz maraqlarını 2017-ci ilin yanvarın sonuna kimi bildirməli idilər və rəsmi sənədləri həmin ilin 6 iyununa kimi təsdiqləməliydilər.[10]
UEFA 2017-ci ilin fevralın üçündə Azərbaycan və İspaniyanın finalla yaxından maraqlandığını bildirdi.[11] Təkliflərin dəyərləndirilməsi 14 sentyabr 2017-ci ildə UEFA tərəfindən dərc edildi. Vanda Metropolitano sentyabrın 20-si UEFA İcraiyyə Komitəsi tərəfindən finalın keçiriləcəyi stadion olaraq seçildi. Bakı Olimpiya Stadionu isə Avroliqa finalına ev sahibliyi etmə hüququ qazandı.[12][13]
Finala gedən yol
- Ətraflı bax: UEFA Çempionlar Liqası 2018/2019
Qeyd: E–ev, S–səfər oyunu
Oyun öncəsi
Səfir
Finalın ulduz səfiri Atletiko Madriddə 2002–03 və 2007–09 illərində oynamış Luis Qarsiya idi. O həm də 2005-ci ildə Liverpulla Çempionlar Liqası kubokunu başı üzərinə qaldırmışdı.[14]
Biletlər
Final üçün stadionda 63500 yer ayrılmışdır. Həmin yerlərin 38000-lik hissəsi əsas publikaya, azarkeşlərə təqdim edilir. Buna hər iki finalçı klub üçün hərəsinə ayrıca ayrılmış 17000-lik yerlər də daxildir. Yerdə qalan 4000 bilet isə UEFA.com tərəfindən 4 qiymət kateqoriyasında satışa çıxarılır: €600, €450, €160 and €70. Yerdə qalan hissə isə yerli icraiyyə komitəsinə, təşkilatlara, ticari partnyorlara və sponsorlara, beynəlxalq telekanallara verilir.[15]
Açılış mərasimi
Amerikanın məşhur pop rok qrupu Imagine Dragons matç başlamazdan öncə bir sıra pirotexniki vasitələr və fişənglərin müşayiəti ilə ard-arda "Believer", "Thunder", "Radioactive", "On Top of the World" kimi hit mahnılarını səsləndirərək gözəl performans sərgilədi.[16][17][18] Ukraynanın çalğı alətləri kvarteti olan Asturia Girls isə oyunçular stadiona gəldiyi vaxt UEFA Çempionlar Liqası Himnini səsləndirdilər.[19]
Matç
Xülasə
Start fitindən öncə elə finalın olduğu gün maşın qəzası nəticəsində həyatını itirən ispaniyalı futbolçu Xose Antonio Reyes 1 dəqiqəlik sükutla yad edildi. Liverpul matça sürətli başladı və 24-cü saniyədə penalti qazandı. Belə ki, Sadio Manenin pası Musa Sissokonun qoluna dəymişdi. Matçın ikinci dəqiqəsində penaltini qola çevirən Salah həm də Çempionlar Liqası finalları tarixində ən erkən ikinci qolun müəllifi oldu.[20] Ümumiyyətlə, birinci hissədə topa sahib olmada Tottenhem daha üstün olsa da, qol imkanları tapmaqda çətinlik çəkirdi. Liverpul isə daha ehtiyatlı və əks-hücuma meyilli oynayırdı. 18-ci dəqiqədə naməlum qadının meydançaya girməsi nəticəsində oyunda bir az fasilə yaşandı.[21]
İkinci hissə başlayarkən ard-arda Liverpul qol fürsətləri yaratmışdı. Məsələn, Ceyms Milnerin zərbəsi qapıdan azca aralı keçmişdi. Hər iki klubun məşqçisi əvəzetmələrini 60-cı dəqiqədən sonra etdi. Tottenhem vaxt daraldıqca daha çox hücuma çıxırdı, lakin hücumlar qolla bitmirdi. Və "vurmayana vurarlar" prinsipi yenə özünü doğrultdu. 87-ci dəqiqədə künc zərbəsi zamanı Tottenhemli oyunçular topu cərimə meydançalarından uzaqlaşdıra bilmədilər və nəticədə topu əldə edən Divok Origi qapının sağ aşağı küncünə dəqiq zərbə endirərək hesabı artırdı. Matç bu hesabla bitdi və Liverpul 6-cı dəfə bu titula yiyələndi. Yürgen Klopp isə Liverpulda ilk kubokunu qazandı.[22]
Detallar
Statistika
İstinadlar
Həmçinin bax
|
---|
Avropa Çempionlar Kuboku dövrü, 1955–1992 | Mövsümlər | |
---|
Finallar | |
---|
|
UEFA Çempionlar Liqası dövrü, 1992–davam edir | Mövsümlər | |
---|
Finallar | |
---|
|
|