Şimali Karolina (ing. North Carolina) - ABŞ-nin cənub-şərq hissəsində yerləşən ştat. Şimali Karolina, ərazisinə görə 28-ci, əhalisinə görə isə ölkənin 9-cu ştatıdır. Şimalda Virciniya, şərqdə Atlantik okean, cənubda Corciya və Cənubi Karolina, qərbdə Tennessi ilə həmsərhəddir. Raley paytaxtı, Şarlot isə ən böyük şəhəridir. 2018-ci ildə təxminən 2,569.213 nəfər əhalisi olan Şarlot, ABŞ-də Nyu-Yorkdan sonra ölkənin ən böyük bank mərkəzi olan, ştatın ən çox əhalisi olan metropolisidir. Raley şəhəri, 2018-ci ildə təqribən 1,362.540 əhalisi ilə ştatın ən böyük 2-ci bölgəsidir və ABŞ-dakı ən böyük tədqiqat parkı olan Tədqiqat Üçbucağı Parkına ev sahibliyi edir.
Şimali Karolina 1729-cu ildə kral koloniyası olaraq qurulmuş və ölkənin yerli on üç koloniyasından biridir. Şimali Karolina Britaniya koloniyasını ilk yaradan İngiltərə Kralı I Karlın şərəfinə adlandırılmışdır. 21 noyabr 1789-cu ildə Şimali Karolina ABŞ Konstitusiyasını təsdiqləyən 12-ci ştat oldu. Amerika Vətəndaş Müharibəsində iştirak edən Şimali Karolina 1861-ci il mayın 20-də İttifaqdan ayrıldığını elan etmiş, və Amerika Konfederativ Ştatlarına qoşulan on bir ştatın sonuncusu olmuşdur. Vətəndaş müharibəsindən sonra dövlət 25 iyun 1868-ci ildə yenidən İttifaq üzvü oldu. 17 dekabr 1903-cü ildə Rayt qardaşları ilk təyyarələrini burada havaya buraxmışdır. Şimali Karolina bu müvəffəqiyyəti xatırlamaq üçün avtomobil qeydiyyat nişanlarında "Uçuşda birinci" şüarından istifadə etməyə başladı. Sonralar ştat, yerli qeydiyyat nişanlarında Meklenburq Bəyannaməsinə istinadən "Azadlıqda ilk" şüarından istifadə etməyə başladı.
Şimali Karolina geniş yüksəkliklər və mənzərələr ilə xarakterizə edilir. Şimali Karolinada yerləşən Mitçell dağı, 2.037 m (6,684 fut) hündürlüyü ilə, Şimali Amerikanın Missisipi çayının şərq hövzəsində yerləşən ən yüksək nöqtəsidir. Dövlətin çox hissəsi rütubətli subtropik iqlim zonasına düşür, lakin vilayətin qərb və dağlıq hissələrində subtropik yüksək dağlıq iqlimi hökm sürür.
İstinadlar