İran–Pakistan münaqişəsi — 16 yanvar 2024-cü ildə İran Pakistanın Bəlucistan əyalətinin daxilindəki Ceyşül-Ədl təşkilatını hədəf aldığını iddia edərək Pakistan daxilinə bir sıra raket zərbələri endirir. Hücum İranın İraq və Suriya ərazilərində oxşar silsilə raket zərbələri endirməsindən bir gün sonra baş verir. O, yanvarın 3-də İslam Dövlətinin məsuliyyəti öz üzərinə götürdüyü Kirman partlayışlarına cavab verdiyini bəyan edib. Pakistan hökuməti hücumu pisləyib. Üstəlik Pakistan Xarici İşlər Nazirliyi İranın Pakistanın hava məkanını “əsassız şəkildə pozması” nəticəsində iki uşaq həlak olduğunu bəyan edib. İki gün sonra, yanvarın 18-də Pakistan İranın Sistan və Bəlucistan əyalətinin daxilində Bəlucistan Azadlıq Ordusu və Bəlucistan Azadlıq Cəbhəsini hədəf aldığını iddia edərək, İran daxilində cavab raket zərbələri endirib. Pakistan bu hərbi müdaxiləsi 1988-ci ildə İran-İraq müharibəsi başa çatdıqdan sonra başqa bir ölkənin İran ərazisinə hücumunun ilk nümunəsi olur.
İranın Sistan və Bəlucistan və Pakistanın Bəlucistanını əhatə edən İran-Pakistan sərhədi son dərəcə təhlükəli və yüksək miqdarda qaçaqmalçılıq və terror fəaliyyətinə, xüsusən də Bəluc üsyançılarına[3] qarşı həssas bölgədir. Hər iki ölkə ümumiyyətlə dostluq münasibətlərini qoruyub saxlasa da, onlar tez-tez bir-birini terrorçulara sığınacaq verməkdə və sərhədin öz tərəflərində təhlükəsizliyi təmin etmək üçün kifayət qədər iş görməməkdə ittiham ediblər. Bu narahatlıqlar İran-Pakistan sərhədində maneənin artmasına səbəb olur. Beləki sərhəd boyunca İran istehkamların tikintisinə 2011-ci ildə, Pakistan isə 2019-cu ildə başlayıb[4][5][6].
İranın Pakistana raket zərbələri endirməsi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq və Suriyada hava zərbələri endirdikdən sonra Pakistanın Bəlucistan əyalətinin Pəncqur rayonunda yerləşən Koh-e-Sabz məntəqəsini hədəfə alıb. Pakistan tez bir zamanda hücumu pisləyib, İran səfirini İslamabaddan qovmaqla diplomatik tədbirlər görüb, öz səfirini Tehrandan geri çağırıb və potensial cavab tədbirləri ilə bağlı İrana sərt xəbərdarlıq edib.
İran öz hərəkətlərini Sistan və Bəlucistan qiyamında iştirak edən Bəluc üsyançı qrupu olan Ceyşül-Ədli hədəf aldığını iddia etməklə əsaslandırıb. Bu qrup əvvəllər 2019-cu ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunu hədəf alan Xaş-Zahidan intiharçı partlayışına görə məsuliyyəti öz üzərinə götürmüşdü.
Pakistanın İrana raket zərbələri endirməsi
Yanvarın 18-də Pakistan İranın Sistan və Bəlucistan əyalətində Bəlucistan Azadlıq Ordusu və Bəlucistan Azadlıq Cəbhəsi silahlı qruplarının yeddi hədəfinə Pakistan Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən cavab zərbəsi endirir[7][8].