İqor Mitreski (mak. Игор Митрески; doğ. 19 fevral 1979, Struqa, Yuqoslaviya) — müdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı.[3]
Karyerası
Klub karyerası
İqor Mitreski peşəkar karyerasını 1997-ci ildə Skopye şəhərini təmsil edən "Makedoniya" klubunda başlayıb. 1997-ci ildən 2001-ci ilə qədər Şimali Makedoniyanın müxtəlif klublarında forma geyinib. 2001-ci ildə Rusiyanın "Spartak Moskva" komandasına transfer olunub. Bu komandanın heyətində 2001-ci ildə ölkə çempionatının, 2003-cü ildə isə ölkə Kubokunun qalibi olub. 2004-cü ildə komandaya yeni baş məşqçi təyin olunmuş Aleksandr Starkov, heç bir səbəb göstərmədən Mitreskini əvəzedici heyətə göndərmək qərarını qəbul edib. Bu hadisədən sonra Mitreski agentinin köməyi ilə Moskva təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib. Ümumilikdə qırmızı-ağların heyətində 117 rəsmi oyunda meydançaya çıxan Mitreski, klubun heyətində ən çox oyun keçirmiş legioner futbolçular siyahısında yer almaqdadır.[4]
"Spartak"dan ayrıldıqdan sonra transfer pəncərəsinin bağlı olması səbəbindən bir müddət klubsuz qalıb.[5] 2005-ci ilin avqust ayında Ukraynanın "Metallurq Zaporojye" komandasına keçib.[6] Ümumilikdə bu komandanın heyətində 12 oyun keçirib. 2006-cı ildə İsrailin "Beytar Yerusəlim" komandasına transfer olunub.[7] Burada 12 oyun keçirdikdən sonra maddi vəziyyətin yaxşı olmaması səbəbindən komandanı tərk edib. 2006-cı ildə Almaniyanın "Enerji Kottbus" komandası ilə üç illik müqavilə bağlayıb.[8] Almaniya təmsilçisinin heyətində 63-ü Bundesliqada olmaqla, ümumilikdə 78 oyun keçirib. 2008-2009 mövsümünün bir hissəsini icarə əsasında Belçikanın "Beersxot" komandasında keçirib.[9]
2010-cu ildə Bolqarıstanın "MOİK Sofiya" komandasında 4 oyun keçirdikdən sonra,[10] Azərbaycanın "Neftçi" komandasına transfer olunub.[3] Bakı təmsilçisinin heyətində dörd mövsüm ərzində ümumilikdə 129 oyun keçirib, 1 qol vurub.
Milli karyerası
28 fevral 2001-ci ildə Çexiya milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Şimali Makedoniya milli futbol komandasının heyətində debüt edib. Mitreski 2001–2011-ci illər aralığında formasını geyindiyi Şimali Makedoniya milli futbol komandasının heyətində ümumilikdə 70 oyun keçirib və 1 qol vurub.
İqor Mitreski Şimali Makedoniya milli futbol komandasının heyətində ən çox oyun keçirmiş beşinci futbolçudur.[11]
Şəxsi həyatı
Evlidir, iki oğlu və bir qızı var. Oğlanları "Vardar Skopye" klubunun akademiyasında futbolla məşğul olurlar.[5]
Mükafatları
- Spartak
- Neftçi
İstinadlar
Xarici keçidlər