Yucin Miller Van Rid (ing. Eugene Miller Van Reed; 17 may 1835, Ridinq, Pensilvaniya – 2 fevral 1873, Sakit okean) – hollandəsilli ABŞ biznesmeni, macəraçısı və diplomatı. Havay krallığının Yaponiyadakı birinci konsulu olmuşdur.
Həyatı
Yucin Miller Van Rid 1858-ci ildə San-Fransisko şəhərində yapon dənizçi Cozef Heko ilə tanış olmuş və 1859-cu ildə ABŞ-nin Yaponiyadakı konsulluğunun katibi kimi onunla Yaponiyaya getməyə qərar vermişdir. O, 1859–1872-ci illərdə Yaponiyanın Yokohama və Tokio şəhərlərində yaşamış, 1866–1873-cü illərdə Havay krallığının Yaponiyadakı birinci baş konsulu olmuşdur.[3] Satsuma hanı ilə yaxın biznes əlaqələri quraraq ABŞ diplomatlarını təəccübləndirmişdir. Yaponiyada "Yokohama Shimpo" qəzetini və "Moshio-gusa" jurnalını nəşr etdirmişdir.
Van Rid müxtəlif biznes sahələri ilə məşğul olmuş, 1868-ci ildə Havay krallığına göndərilmiş ilk yapon işçi qrupunu təşkil etmişdir. Onun başçılığı altında 148 yapon Havay adalarındakı şəkər plantasiyalarında işləməyə göndərilmişdir.[3] Van Rid, Havay hökuməti və yapon işəgötürənləri arasında olan razılıq Yaponiya, ABŞ və Havay arasında siyasi çətinliklərə səbəb olsa da, bu məsələ ABŞ-nin Yaponiyadakı səfiri Çarlz De Lonqun müdaxiləsindən sonra həll olunmuşdur.
1873-cü ildə "Japan" gəmisi ilə ABŞ-yə qayıdarkən Sakit okeanın ortasında ölmüş və San-Fransiskoda yerləşən Mason qəbiristanlığında dəfn olunmuşdur.[3]
İncəsənətdə
Ukiyo-e sənətçisi Sadahide 1861-ci ildə hazırladığı "Amerika: Van Rid" adlı əsərdə onu təsvir etmişdir.[3]
İstinadlar
Ədəbiyyat