Yorklu Riçard (ing. Richard of York; 21 sentyabr 1411[1] – 30 dekabr 1460) — III York hersoqu. Ata şəcərəsi III Eduardın oğlu Edmond Lanqlinin, ana şəcərəsi isə yenə həmin kralın digər oğlu Antverpenli Lionelin şəcərəsindən idi. Bu səbəblə geniş mülk və əmlakları miras alaraq İrlandiya, Fransa və VI Henrinin son illərində naibi olaraq İngiltərə krallığında müxtəlif dövlət vəzifələrində xidmət etdi.
VI Henrinin xanımı Anjulu Marqarit və digər saray əyanlarıyla girdiyi siyasi mübarizəylə yanaşı, Yorklu Riçard ata-ana şəcərəsini irəli sürərək İngiltərə taxtında haqq iddia etməyə başladı. Bu isə tarixə Güllər müharibəsi olaraq düşən uzunmüddətli taxt mübarizəsinə səbəb oldu. Nəhayət baş tutan bir neçə cəhdin ardından sabiq kralın vəfatından sonra taxta çıxarılacağı vəd edilsə də, bu razılıq çox çəkmədi. Belə ki, bu razılıqdan bir neçə həftə sonra Yorklu Riçard döyüş meydanında öldürüldü. Onun taxt iddiasını miras alan oğulları mübarizəyə davam etdi və onlardan Eduard və Riçard İngiltərə kralı oldu.
Həyatı
Ailə şəcərəsi
Yorklu Riçard 22 sentyabr 1411-ci ildə Konisburqlu Riçard və Anna Mortimerin yeganə oğlu olaraq dünyaya gəldi. Onun hər iki valideyni İngiltərə kralı III Eduardın nəslindən idi: atası kralın dördüncü oğlu Edmond Lanqlinin oğlu, anası isə kralın ikinci oğlu Antverpenli Lionelin nəticəsi idi. Març qrafı olan dayısı Edmond Mortimerin 1425-ci ildə vəfatı və geridə varis buraxmaması, Yorklu Riçarda İngiltərə taxtı üzərində haqq iddiası qazandırdı. Üstəlik bu taxt iddiası o illərdə hakimiyyəti əlində saxlayan və Gentli Conun nəslindən gələn Lankaster ailəsinin taxt iddiasından daha güclü idi.
Riçard valideynlərinin yeganə oğlu idi və yalnız İzabel adlı bir bacısı idi. Anası Anna Mortimer onu dünyaya gətirərkən vəfat etmiş, atası Konisburqlu Riçard isə 1415-ci ildə V Henriyə qarşı tərib olunan saray çevrlişinə iştirak etməsi səbəbilə edam edilmişdi. Atasının ölümündən bir neçə ay sonra əmisi olan 2. York hersoqu Eduard da Azenkur döyüşündə həlak oldu və geridə rəsmi varis qoymadığı üçün bütün mülk və ünvanları 4 yaşlı Riçarda qaldı. Atasının ailəsindən aldığı York hersoqu ünvanı və mülkləriylə yanaşı, dayısının 1425-ci ildə vəfatının ardından Mortimer mirasını aldı.
Mənbə
İstinadlar