Yaşayış binası — 1896-cı ildə Xaqani küçəsi, 9 (keçmiş Molokanski, 9) ünvanında inşa edilmiş binanın memarı İohan Edeldir. Müstəqillikdən sonra bir müddət İraq səfirliyi kimi fəaliyyət göstərən bina hazırda istifadəsizdir.[1]
Xaqani küçəsi, 9 ünvanında yerləşən bina Bakının mərkəzində sayca çox az olan əsl villalardan biri idi. Bağçalı bina, qırmızı xəttən kənarda yerləşirdi ki, bu da Bakıda tarixi məhəllənin salınmasında nadir hal idi. Bina, memarlıq üslubu baxımından italyan intibahına meyllidir. Burada korinf sütunları və klassik formalı eyvanlardan istifadə olunmuşdur. Bina, fasadının plastikliyi, incə qurulmuş interyerləri və ümumi plan xüsusiyyətlərinə görə fərqlənir.[1]