Vilyam Vayler (ing. William Wyler; 1 iyul 1902 – 27 iyul 1981) — ABŞ kino rejissoru, "Oskar" mükafatı (1942, 1946, 1959) laureatı.
Həyatı
Vilyam Vayler 1 iyul 1902-ci ildə isveçrəli yəhudi baqqalın ailəsində anadan olmuşdur. 1922-ci ildə o, skripka dərslərinə gedərkən, Parisdə təsadüfən "Universal Pictures" studiyasının əsasını qoymuş qohumu Karl Lemle ilə rastlaşır. Onun təklifi ilə 20 yaşlı Vayler ABŞ-yə yollanır.
1925-ci ildə ona qısametrajlı vestern filmə quruluş vermək tapşırılır. İkinci dünya müharibəsi zamanı ordu sıralarına mayor kimi daxil olur. Müharibə zamanı böyük bir risk edərək döyüşlərdə sənədli görüntülər çəkir. Müharibədən sonra isə Konstitusiyaya birinci düzəlişi müdafiə edən komitəyə rəhbərlik etmişdir.
Vilyam Vaylerin fikrincə, rejissor mizanları düzgün növbələməli və kadrların kompozisiyalarına xüsusi diqqət yetirməlidir. O, öz işinə çox aramla başlamışdı. Əvvəllər Vayler ən bəsit kadrları bir neçə dəfə lentə almaqdan belə çəkinmirdi. Getdikcə onun sorağı Hollivuda da çatdı.
"Oskar" mükafatının təqdimetməsi zamanı Vilyam Vayler rekord olaraq ən yaxşı rejissor işi nominasiyasında 12 dəfə namizəd olmuşdur. 1956-cı ildə onun ekranlaşdırdığı "Sülh yolları" filmi Beynəlxalq Kann kinofestivalında "Qızıl palma budağı"na layiq görülmüşdür. Rejissor filmlərinin quruluşuna görə üç dəfə ("Missis Miniver", "Həyatımızın ən gözəl illəri", "Ben-Hur") "Oskar" mükafatı qazanıb.
Vilyam Vayler 1981-ci ilin iyulun 27-də ABŞ-də vəfat etmişdir.
Filmoqrafiya
- Bu üçü (film, 1936) / These Three
- Dalan (film, 1937) / Dead End
- İldırımlı aşırım (film, 1939) / Wuthering Heights
- Missis Miniver (film, 1942) / Mrs. Miniver
- Həyatımızın ən gözəl illəri (film, 1946) / The Best Years of Our Lives
- Vərəsə (film, 1949) / The Heiress
- Roma tətilləri (film, 1953) / Roman Holiday
- Ümidsizlik saatları (film, 1955) / The Desperate Hours
- Sülh yolları (film, 1956) / Friendly Persuasion
- Böyük ölkə (film, 1958) / The Big Country
- Ben-Hur (film, 1959) / Ben-Hur
- Uşaqların vaxtı (film, 1961) / The Children’s Hour
- Kolleksiyaçı (film, 1965) / The Collector
- Milyonu necə oğurlamalı (film, 1966) / How to Steal a Million
- Məzəli qız (film, 1968) / Funny Girl
- L.B. Consun azad olunması (film, 1970) / The Liberation of L. B. Jones
İstinadlar
- ↑ According to son, David Wyler