Vest Çester Universiteti (ing.West Chester University) — ABŞ-nin Pensilvaniya ştatında yerləşən dövlət universiteti.[1]
Əsası 1871-ci ildə Pensilvaniya əyalətində ali təhsilin instusionallaşdırılması ilə qoyulmuşdur. Yerləşdiyi şəhərin ən böyük dövlət universitetidir. Hazırda 6 kollec və 1 peşə məktəbində 118 bakalavr, 103 magistr və 4 doktorantura proqramı üzrə təhsil alan 17719 tələbəsi vardır. Əsas kampusları Filadelfiya və Vest Çester şəhərlərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Mərkəzi Ştatlar üzrə Ali Təhsil Komissiyası tərəfindən tənzimlənir. Bundan əlavə, ali təhsil müəssisəsi Pensilvaniya Dövlət Ali Təhsil Sisteminin tərkib hissəsidir.
Forbes jurnalının dərc etdiyi siyahıya görə Vest Çester Universiteti ABŞ-də yerləşən dövlət universitetləri arasında ən nüfuzlu 150 ali təhsil ocağı arasında yerləşir.[2] Həmçinin Vest Çester Universiteti 2019-cu ildə "U.S. News" reytinq cədvəlində ABŞ-nin şimal ştatlarında fəaliyyət göstərən 1400 universitet arasında 17-ci yerdə qərarlaşmışdır.[3] Eyni region üzrə dövlət ali təhsil müəssisələri reytininqdə ilk onluqdadır.[4]
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Vest Çester Universitetinin məzunları sırasında ABŞ-nin birinci xanımı Cill Bayden, ABŞ Senatının üzvü Yozef Luper və ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Brayen Pitermanla yanaşı, ABŞ Nümayəndələr Palatasının çoxsaylı üzvləri də vardır.
Vest Çester Universitetinin tarixi 1812-1871-ci illərdə Filadelfiyada fəaliyyət göstərmiş "Vest Çester Akademiyası" adlanan təhsil müəssisəsinə söykənir. Ali təhsil qurumu kimi mütəşəkkil fəaliyyətə isə 1871-ci ildə başlamışdır. 1913-cü ildən etibarən isə universitet Pensilvaniya ştatının qüvvədə olan ali təhsil qanunları əsasında fəaliyyət göstərir. Vest Çester Universitetinin çoxsaylı qədim binalardan ibarət əsas kampusu ABŞ-nin Tarixi Yerlərinin Milli Reyestrində tarixi abidələr toplusu kimi qeydiyyata alınmışdır.
1983-cü ildə Pensilvaniya Dövlət Ali Təhsil Sisteminə üzv olaraq, sözügedən ştatın ən böyük dövlət universiteti kimi fəaliyyətini davam etdirmişdir. Məhz bu üzvlükdən sonra universitet bir sıra təşkilati islahatlar apararaq, yeni idarəetmə sistemi ilə tədris proqramlarını genişləndirmək imkanı əldə etdi.
Universitetdə "Qızıl qoçlar" ləqəbli tarixi idman klubu da mövcuddur.
Elmi strukturu
Vest Çester Universitetində tədris prosesi 6 kollec və 1 peşə məktəbində, 118 bakalavr, 103 magistr və 4 doktorantura proqramı üzrə aparılır.
Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Mərkəzi Ştatlar üzrə Ali Təhsil Komissiyası tərəfindən tənzimlənir. Bundan əlavə, ali təhsil müəssisəsi Pensilvaniya Dövlət Ali Təhsil Sisteminin tərkib hissəsidir. Forbes jurnalının dərc etdiyi siyahıya görə Vest Çester Universiteti ABŞ-də yerləşən dövlət universitetləri arasında ilk 150 ali təhsil ocağı arasında yerləşir.[2] Vest Çester Universiteti 2019-cu ildə "U.S. News" reytinq cədvəlində ABŞ-nin şimal ştatlarında fəaliyyət göstərən 1400 universitet arasında 17-ci yerdə qərarlaşmışdır.[3]