Kral V Corcun ikinci oğlu kimi o həmişə böyük qardaşı Eduardın kölgəsində olmuş və taxt-taca sahib olmağı heç düşünməmişdir. Birinci Dünya müharibəsində kral hərbi donanmasında xidmət etmiş, müharibədən sonra isə kral evinin ictimai fəaliyyətlərində iştirak etmişdir.
1936-cı ildə atası V Corcun vəfatından sonra böyük qardaşı Uels şahzadəsi Devid VIII Eduard adı ilə yeni varis elan edildi. Bir il keçməmiş o amerikalı və iki dəfə ərdə olmuş Uollis Simpsonla ailə həyatı qurmaq istədiyini bildirdi. Lakin, baş nazir Stenli Bolduin buna etiraz edərək, kralın Anqlikan kilsəsinin başçısı olduğu üçün boşanmış qadınla evlənə bilməyəcəyini xatırlatdı. Bu halda Britaniya monarxiyasının böhranı başlaya bilərdi. Bu halda o, ya bu izdivacdan əl çəkməli, ya da krallıqdan imtina etməli idi. Eduard taxt-tacdan imtina etmək qərarına gəlir və kiçik qardaşı Corc VI Corc adı ilə kral elan edilir. Bununla da o, Vindzorlar sülaləsinin taxtda əyləşən üçüncü nümayəndəsi olur.
Kral fəaliyyəti
Onun kral elan edilməsindən 24 saat sonra İrlandiya parlamenti xarici əlaqələr haqqında qanun qəbul etdi. Bu qanuna görə İrlandiya Azad Dövlətində kralın rolu əsaslı şəkildə azaldılırdı. Bundan başqa, Böyük Britaniyanın faşist Almaniyası ilə müharibə vəziyyətində olması, İtaliya və Yaponiya ilə müharibə etməsi də monarxiyanın vəziyyətini xeyli çətinləşdirirdi. Böyük Britaniya və onun müttəfiqlərinin İkinci dünya müharibəsində qələbəsinə baxmayaraq, ölkənin dünya proseslərinə təsiri xeyli azalmışdı. 1947-ci ildə Hindistan və Pakistanın müstəqillik qazanması və 1949-cu ildə İrlandiyanın respublika elan edilməsi ingilis imperiyasının dağılmasını sürətləndirdi və Millətlər Birliyi adlı yeni təsir formatı yaradıldı.
Həyatının son illəri
İkinci dünya müharibəsinin gərginliyi VI Corcun sağlamlığına ciddi təsir edir.[5] Həmçinin, ağır tütün növlərindən istifadə etməsi onda bir sıra xəstəliklərin, o cümlədən ağciyər xərçənginin yaranmasına səbəb olur. Qızı, vəliəhd Elizabet tez-tez onu monarx kimi əvəz etməli olur. Avstraliya və Yeni Zellandiyaya nəzərdə tutulan səfər onun 1949-cu ilin martında sağ ayağında aparılan cərrahi əməliyyata görə təxirə salınır.[6]
Kralın və kraliçanın təxirə salınmış səfərinin yerinə şahzadə Elizabet və onun həyat yoldaşı hersoq Filipin səfəri təşkil edilir. 1951-ci ilin mayında kral yaxşı əhvali-ruhiyyə ilə Böyük Britaniya Festivalını açır, ancaq 23 sentyabr 1951-ci ildə onun ağciyərindən bədxassəli şiş götürülür.[7] Noyabr ayında parlamentin ilk iclasında kralın yerinə təbrik məktubunu lord-kansler Gevin Simonds təqdim edir.[8] 31 yanvar 1952-ci ildə yaxınlarının etirazına baxmayaraq o, qızı Elizabeti Keniyaya yola salmaq üçün hava limanına gəlir. 6 fevralda VI Corc Norfolkdakı evində 56 yaşında ürək damarında trombdan yuxuda ikən keçinir.[9] Şahzadə Elizabet Keniyadan Böyük Britaniyaya kraliça II Elizabet kimi qayıdır.
O, 15 fevralda Vestminster-Hollda, tanınmış dövlət xadimlərinin dəfn edildiyi kilsə qəbiristanlığında dəfn edilmişdir.[10] 2002-ci ildə vəfat etmiş həyat yoldaşı ana-kraliça Elizabet Bouz-Layon və qızı Marqaret onunla yanaşı dəfn edilmişlər.
Xatirəsi
VI Corc indiyədək ölkəsində hörmətlə yad edilir. Onun heykəli qoyulmuş və bir çox filmlərdə obrazı yaradılmışdır.