Teymur Məmməd bəy oğlu Bayraməlibəyov (22 avqust 1862, Yeddioymaq, Lənkəran qəzası – 2 sentyabr 1937, Bakı) — tarixçi-etnoqraf, pedaqoq, maaarifçi. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu.
Teymur bəy 1862-ci il avqustun 22-də Lənkəran qəzasının Yeddioymaq kəndində anadan olmuşdur. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlar nəslinə mənsub olmuş və XVI əsrin sonlarında Muğana köçmüşlər. 1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə ayırmaq olar. Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra — 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir. Azərbaycanın ziyalısı Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat etmişdir.[1][2]
İlk təhsilini kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş və Sədi Şirazinin (1210–1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir. Daha sonra qardaşının təklifi ilə Lənkərandakı 2 sinifli rus məktəbində indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində oxumuş, 1875-ci ildə oranı bitirib Tiflisdə yenicə açılmış feldşerlik məktəbinə təhsil almağa göndərilir. O, burada öz şəxsi hesabına deyil, Bakı torpaq Şöbəsinin xərci ilə oxuyurdu. Burada olduğu illərdə Qori Müəllimlər Seminariyasında Azərbaycan Şöbəsi fəaliyyətə başlayır. Teymur bəy böyük məhəbbətlə öz sənədlərini buraya verir və 1879-cu ildə seminariyanın Azərbaycan şöbəsinə daxil olur. O bu seminariyaya daxil olan ilk 3 azərbaycanlıdan biri idi. Onunla yanaşı Şuşadan S. Vəlibəyov, Naxçıvandan isə M. Xəlilov ilk üçlükdə yer alırdılar.[1]
Qadınların təhsilinə böyük əhəmiyyət verən Bayraməlibəyov 1917-ci ildə Lənkəranda "Ünas" (qızlar) məktəbinin əsasını qoyur. Teymur bəy Bayraməlibəyovun inqilabi hərəkatda fəal iştirakı bəhanə göstərilərək, o, 1918-ci ildə Muğan Radası tərəfindən həbs edilmiş və Bakıya göndərilmişdir. Onun işini qızı- Məryəm xanım davam etdirmişdir. Məryəm xanım Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində Azərbaycanın xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya gəlmişdir. Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir[3]. Məryəm xanım həmin məktəbin müdiri və davamçısı olmuşdur. 1918–1920-ci dərs ilində Qızlar məktəbi şəhərin keçmiş Pioner döngəsində, iki otaqdan ibarət bir binada yerləşmişdir. Sonra onları indiki Səttərxan küçəsindəki 69 saylı binaya (Bayraməlibəyovun öz evinə) köçürmüşlər.[4]
Böyük maarifpərvər Teymur bəyin səyi və qızı Məryəm xanımın böyük əməyi sayəsində təşkil edilən məktəbdə ali təhsilli müəllimə Nəsibə Bayraməlibəyova və tibb elmləri namizədi Rəhilə Bayraməlibəyova, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın ilk opera müğənnisi Həqiqət Pzayeva, əməkdar artistlərdən Münəvvər Kələntərli və Cahan Talışinskaya, Məhbubə Seyidzadə, Dilşad Talışlı, Xanımcan Kərimova, Bacıxanım Axundova, Tacı Zeynalova, Qöncə Axundova, Aliyə Qurbanova, Sərvər Sakayeva və b. bu kimi tanınmış qabaqcıl ziyalı qadınlar yetişmişlər.[4] Teymur bəy Bayraməlibəyov həmvətənlərinin bu məsələyə münasibətini hələ bir neçə il əvvəl öyrənib ümumləşdirəndən sonra problemin həllinə çalışmışdır. Bu məqsədlə o, ilk növbədə səlahiyyət sahiblərinin dilini bilməyi vacib saymışdır.
Teymur bəy Bayraməlibəyov yazırdı:
Teymur bəy Bayraməlibəyovu müsəlman qadınlarının hüquqsuzluğu son dərəcə narahat edirdi. O, qadın azadlığının qəti tərəfdarlarından biri kimi, bu məsələni mühüm ictimai vəzifə hesab edirdi. Bu məsələ ilə bağlı Teymur bəy Bayraməlibəyov "Müsəlman qadınlarının ailədə vəziyyəti"[6] adlı əlyazmasında da ailədə qızların tərbiyəsi və təhsil məsələlərindən danışaraq qeyd edir ki, "Çoxəsrlik tarixə malik qadın əsarətinin əsasını onların elm və maarifdən təcrid olunmasında axtarmaq lazımdır. Qadın ailənin ev-məişət işlərini idarə etməklə yanaşı, uşaqların ilk tərbiyəçisi, savadsızlıq və avamlıq isə bu istiqamətdəki tərəqqinin düşmənidir". Odur ki, Teymur bəy müsəlman qadınlarının cəmiyyətdə, ailədə öz doğru yerini tutmaları üçün onların oxumasını, maariflənməsini, elmə, mədəniyyətə yiyələnməsini vacib saymış və yerlərdə məktəblərin açılmasına səy göstərmişdir.[4]
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda Teymur bəy Bayraməlibəyova məxsus bir neçə sənəd və fotoşəkillərlə yanaşı yanaşı onun "Lənkəran–Ərdəbil şose yolunun tikilməsi layihəsi" və "Böyük Aleksandır haqqında Fars əfsanəsi", "Şah Abbas haqqında türk əfsanəsi" və "Azərbaycan qızlarının fala baxmaları" əlyazmaları sənədlər xüsusu maraq döğurur. O, fonda saxlanılan Lənkəran–Ərdəbil şose yolunun tikilməsi layihəsi haqqında məqaləsində, Lənkəran–İran arasında dəmir yolunun çəkilməsinin iqtisadi cəhətdən üstünlüklərini açıqlamış və onların hansı ərazilərdən keçəcəyini göstərmişdir.[8].