Səhrada məhəbbət (isp. Amantes Del Desierto) — Kolumbiyanın Telemundo telekanalında yayımlanan teleserial.[1]
Teleserialda baş verən hadisələr 20-ci əsrin 50-60-cı illərinə təsadüf edir. Andres Bustamante; maddi problemlər səbəbindən lisenziya ala bilməyən gənc həkim. Lazımi məbləği toplamaq üçün o, qonşuluqda yaşayan insanlara tibbi yardım göstərir. Onun ofisi anası Elena ilə yaşadığı evində yerləşir. Elena Bustamante oğlunu böyütmək üçün çox şeylərdən keçmiş və böyük əmək sərf etmiş anadır.
Onlar davamlı pul çatışmazlığından evlərinin kirayə pulunu ödəyə bilmirlər və onların evi hər an Rafael Neqretanın əlinə keçə bilər. Rafael Neqreta ürəksiz, amansız bir insandır. O, evin kirayə pulunu ödəməyə imkanı çatmayan Andres və anasının borcuna daima faiz əlavə edir və onlardan pulu ödəmələrini tələb edir, əks halda o, onların evlərini ələ keçirəcəkdi.
Bir dəfə Rafaelin Bustamantelərin evinə gəlişi qalmaqal ilə nəticələnir. Andres sinirlərinə sahib ola bilmir və faizçini evdən qovur. Bundan sonra Rafael Neqreta öldürülür və Andres əsas şübhəli kimi göstərilir. Gənc oğlan məhkəməyə düşür və ona ömürlük həbs cəzası verilir. O, indiyə qədər heç kəsin sağ çıxa bilmədiyi "Faralion" həbsxanasına göndərilir. Andresi həbsxanaya apararkən səhra yolunda onunla bir maşında həbsxanaya göndərilən cinayətkar qaçmağa cəhd edir və onun planı baş tutmur, həbsxananın nəzarətçiləri onu güllələyir. Bu vaxtda yaxından öz atı ilə səhradan keçən "Faralion" həbsxanasının polkovnikinin qızı Barbara Santana hadisəyə şahid olur. Onun atı (Peqas) güllə səslərini eşitdikdə, qorxur və silkələnməyə başlayır. Barbaranın atdan yıxılacağını görən Andres qaçaraq, onu xilas edir. Beləlikə bir-birlərinə aşiq olan iki gənc "qadağan olunmuş sevgi" yaşayırlar. Barbaranın ailəsi üçün insanların sosial vəziyyəti çox vacib amil olduğundan onlar Andreslə Barbaraya bir yerdə olmağa imkan vermirlər. Lakin Andres və Barbara öz sevgiləri üçün daima vuruşurlar.