Hümeymə qəsəbəsində dünyaya gəldi. Doğum tarixiylə bağlı 718–726-cı illər arasında müxtəlif tarixlər verilsə də, 722-ci ildə doğulduğu güman edilir. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbül Abbas, uşaqlıq və gənclik illərini doğulduğu Hümeymə qəsəbəsində ailəsiylə birlikdə keçirdi. Böyük qardaşı İmam İbrahim, Əməvi xəlifəsiII Mərvan tərəfindən həbs edilmədən öncə qardaşı Əbül Abbası ailəsinin varisi elan etdi.
Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında Əbül Abbas ailəsiylə birlikdə Kufəyə gəldi. Ancaq şəhərdə heç xoş qarşılanmadı. Belə ki, şəhərin hakimi və gizli Əməvi tərəfdarı olan Əbu Sələmə çevrilişi gecikdirməyə çalışırdı. Ancaq vəziyyət çox keçmədən anlaşıldı və Xorasan birliyinə aid 12 nəfər dərhal Kufəyə gələrək burada Əbül Abbasa biat etdi. Beləcə, Abbasi çevrilişinin tərtiblənməsində heç bir səyi olmayan Əbül Abbas 28 noyabr 749-cu ildə cümə günü Kufə məscidində ilk Abbasi xəlifəsi elan edildi və adına xutbə oxundu.
Xəlifəlik illəri
Əbül Abbas xəlifə elan edilsə də, Əməvi sülaləsi hələ də hakimiyyətdə idi və ölkənin böyük bir qismi Əməvi sülaləsiin idarəsində idi. Suriya və İraqın mərkəzində Abbasilərə qarşı ayaqlanmalar başladı. Əməvilərinİraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrə təslim olmamışdı. Kufədən qaçan Əbu Sələmə qısa zamanda zərərsizləşdirildi (750).
Əbül Abbasın əmisi Abdullah ibn Əli idarəsindəki ordu Suriyaya doğru irəliləyirdi və son Əməvi xəlifəsiII MərvanDəclə çayı sahilində onları qarşıladı (16 yanvar 750). 10 gün davam edən döyüşün ardından II Mərvan məğlub oldu və Misirə qaçdı. Ancaq çox keçmədən ələ keçirilərək öldürüldü (avqust 750). Beləcə, bütün Suriyanın qapıları Abbasilərə açılmış oldu və Abbasi ordusu 26 aprel 750-ci ildə xilafətin paytaxtı Dəməşqə daxil oldu. Tabe olduğu son Əməvi xəlifəsinin ölüm xəbərinin gəlməsiylə Vasit canişini ibn Hübeyrə 11 aylıq mühasirənin ardından təslim olmağa məcbur oldu. Ancaq bağlanan təslim sazişinə zidd olaraq başda ibn Hübeyrə olmaqla, bir çox mühüm Əməvi tərəfdarı edam edildi.
Əməvi sülaləsi mənsublarının zalımca qətlə yetirilməsi isə Suriya və Əl-Cəzirə şəhərlərində bəzi üsyanlara səbəb oldu. Bu üsyanların böyük bir qismi xəlifənin qardaşı Əbu Cəfər və əmisi Abdullah ibn Əli tərəfindən yatırıldı. Bir çox üsyan rəhbəri isə ya döyüşlərdə həlak oldu, ya da ələ keçirilərək qətlə yetirildi. 751-ci ildə Buxarada başlayan üsyan da qanlı bir şəkildə yatırıldı və şəhər 3 gün boyunca talan edildi. Ələ keçirilən üsyançılar şəhər qapılarına asılaraq əhaliyə nümayiş etdirildi.
Əbül Abbas daxili çəkişmələrə son qoyaraq müsəlmanların birliyini təmin etmiş, Əndəlüs və şimali Afrikanın qərb torpaqları istisna olmaqla, bütün İslam dünyasında xəlifə olaraq tanınmışdır. Kufədə adına oxunan ilk xütbədə özünü Səffah, yəni Qantökən olaraq adlandıran Əbül Abbas sonrakı illərdə Əməvi sülaləsi mənsublarına qarşı törətdiyi qanlı cinayətlərlə bu ləqəbinin haqqını vermişdir Xilafətin mərkəzini Kufədən Haşimiyyəyə, ordan isə Ənbara daşıyan Əbül Abbas 5 illik xəlifəliyin ardından tutulduğu çiçək xəstəliyi (və ya humma) səbəbilə 10 iyun 754-cü ildə Ənbarda öldü.