Qəbələ şəhər stadionu 1985-ci ildə Tütün Fermentləmə Zavodunun nəzdində tikilib istifadəyə verilib. Ərazisi 6 hektardır. Stadionda əsas meydança ilə yanaşı, kiçik məşq meydançaları da mövcuddur. 2005-ci ildən etibarən stadionun bərpasına başlanılıb. Həmin dövrdə plastik oturacaqlar yerləşdirilib və tamaşaçı tutumu 2 minə bərabər olub. Eyni zamanda ot örtüyü də yenilənib. 2006-cı ildə müasir tələblərə cavab verən soyunub-geyinmə otaqları, su problemini aradan qaldırmaq üçün artezian quyuları və idmançıları fiziki hazırlıqlarını artırmaları üçün trenajor zalı istifadəyə verilib. 2007-ci ildən etibarən stadionun əsaslı təmir edilməsi qərara alınıb. Hazırda əsas komandanın oyunlarını keçirdiyi stadionun daxili yarışlar üçün 4, beynəlxalq yarışlar üçün 2 min nəfərlik tamaşaçı tutumu mövcuddur. Meydançanın örtüyü təbiidir və aşağıdan isitmə sistemi ilə fəaliyyət göstərir. 8 nəfərdən ibarət işçi qrupunun fəaliyyət göstərdiyi meydança məhz yüksək diqqət sayəsində nəinki ölkə və region, hətta bütün Avropada ən yaxşılardan biri hesab edilir.
Meydançalar
— Əsas stadionun meydançası (təbii, isitmə sistemli)
— Gənclərdən ibarət komandaların oyun meydançası (təbii)