Seylor Mun pişikləri (美少女戦士セーラームーンの猫,Bishōjo senshi sērāmūn no neko?) — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında yer alan pişik personajlar. Seriyada 3 pişik personaj vardır: Luna, Artemis və Diana
Bu üç pişik personajının öz sahibləri var. Hər pişik danışmaq qabiliyyətinə malikdir və alınlarında aypara işarəsi var. Yetkin pişiklər — Luna və Artemis əsas süjet xətti başlamazdan qabaq Gümüş Minillikdə Kraliça Serenitiyə xidmət vermişlər. Üçüncü pişik Diana isə onların XXX əsrdəki uşağıdır, daha gəncdir və Yerdə doğulmuşdur. Ayla əlaqədər münasibətlərinə görə üçü də adlarını Roma və yunan mifologiyasındakı ilah və ilahələrdən almışdır. Pişiklər Seylor döyüşçülərinə müşavir və dost kimi xidmət verirlər. Həmçinin komandanı yeni əşyalarla, güclərlə və məlumatlarla təmin edirlər. Onların əlavə fiziki formaları da var.
Animedə pişiklərdən ancaq Luna insana çevrilmişdi. Manqanın 41-ci seriyasından Seylor Munun gücünə görə üçü də insan olmuşdurlar. Lunanın şəkli əvvəl qazandığı şəkillə eynidir. Onların üçünün də bu çevrilmələri manqanın 46-cı aktına qədər izah olunmamışdır. 46-cı aktda onlar Seylor Tin Nyanko tərəfindən hücuma məruz qalmışdırlar. Seylor Tin Nyanko Mau planetindən (bu planet adını Misir mausu pişik növündən almışdır) gəlmiş saxta Seylor döyüşçüsüdür. Artemis onu sülh yolu ilə dayandırmaq istəyəndə Seylor Tin Nyanko ona başa salmışdır ki, onlar Mau planetindən atıldıqdan sonra Mau planeti Seylor Qalaksiya tərəfindən məhv edilmişdir. Seylor Tin Nyanko üçünə də hücum etmiş, qolbağının köməyi ilə alınlarındakı aypara işarəsi silmişdir, buna görə də onlar adi, danışa bilməyən pişiklər olmuşdurlar. Daha sonra Şahzadə Kakyu Usaqiyə demişdir ki, üçünün də içində Seylor kristalı vardır. Manqanın 48-ci aktında onların üçü Lete çayında Seylor Let tərəfindən öldürülmüşdür, lakin seriyanın sonunda digərləri kimi reinkarnasiya olmuşdurlar.
Bu üç pişik arasında ən əhəmiyyətli rolu Luna daşısa da, Artemis ondan qabaq peyda olmuşdur ("Codename: Sailor V" manqasında) və Seylor Veneranın ayılmasında köməklik göstərmişdir.
"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Luna və Artemis real pişik kimi yox, oyuncaq kimi göstərilir.
Qriqsbinin fikrincə seriyadakı pişik personajlar qadın sirləri və maneki-neko kimi müasir inancları əks etdirirlər.[1]
Luna (ルナ,Runa?) — Kraliça Serenitinin keçmiş köməkçisi, Usaqi Tsukinonun sadiq xidmətçisi olan qara dişi pişik. Ay Krallığının məhv olmasından sonra Luna və Artemis uzun yuxuya girmiş, daha sonra isə Seylor döyüşçülərini birləşdirmək üçün yenidən ayılmışdırlar. Luna ayıldıqdan sonra ilk vəzifəsi Seylor döyüşçülərini tapmaq idi.[2] O, ilk olaraq Usaqi Tsukino ilə rastlaşmış, ona Seylor Mun olmağı öyrətmişdir, lakin onun Şahzadə Serenitinin reinkarnasiyası olduğundan xəbərsiz idi. Luna həmçinin Seylor döyüşçülərini xüsusi əşyalarla təmin edir. Seriya boyunca Luna Usaqinin ən yaxın dostudur, ona həmişə məsləhətlər verir. Ami Mizuno ilə də yaxın dostdur. Luna ilə Artemis arasında sevgi münasibətləri vardır, XXX əsrdə onların Diana adlı qızları olmuşdur. Seylor ulduzlarının anime adaptasiyasında Luna "Tree Lights"-ın üzvü Kou Yaten ilə yaxınlaşmışdır.
"Şahzəda Kaquyanın sevgilisi" adlı yan manqa hekayəsində Kakeru adlı insana aşiq olmuşdur. Bu hekayə "Seylor Mun S: Film" filminə adaptasiya olunmuşdur və bu filmdə Luna insana çevrilmişdir. O, özünü cəmiyyətdən uzaq hesab etmiş, Artemisin etirazlarına baxmayaraq evə qayıtmağın yollarını axtarmışdır.
"Seylor Mun" manqasının 27-ci aktında Luna insana çevrilmək qabiliyyəti əldə etmiş, özünə Luna Tsukino adını almış, Seylor Luna kimi Seylor döyüşçülərinə qatılmışdır.[3] O, bu halla Usaqinin ailəsində yaşamışdır. İnsan kimi xasiyyəti pişik halındakı xasiyyəti ilə eyni qalmışdır, lakin pişik təbiəti ona daim təsir göstərmişdir. Buna baxmayaraq Usaqi və anasından çox şey öyrənmişdir. Naoko Takeuçi onu Seylor Luna kimi təsvir etmişdir. Lunanın insan görünüşü Rina Koyke tərəfindən təsvir edilmişdir.[4]
"Seylor Mun" pərəstişkarları arasında keçirilmiş ilk sorğuda 38 personaj arasında Luna ən məşhur 8-ci personaj seçilmişdir.[5] Bir il sonra keçirilən ikinci sorğuda Luna 50 personaj arasında ən məşhur 22-ci personaj kimi göstərilmişdir.[6]
Luna 1992-ci il animesində Keyko Han tərəfindən,[7]"Sailor Moon Crystal" animesində Ryo Hirohaşi tərəfindən səsləndirilmişdir. DIC/Cloverway ingilis adaptasiyasında personajı Cill Frappier səsləndirmişdir.[8][8][9] Viz Media ingilis adaptasiyasında bu vəzifəni Mişel Raff yerinə yetirmişdir.
Artemis
Artemis (アルテミス,Arutemisu?) — əvvəlcə Seylor Vi, daha sonra Seylor Venera kimi çıxış etmiş və Seylor döyüşçülərinin lideri Minako Aynonun ən yaxın dostu və partnyoru, ağ erkək pişik. O, ilk dəfə Usaqi Tsukinoyavideooyun salonundakı "Sailor V" videooyunun köməyi ilə yol göstərərək peyda olsa da, əsl şəxsiyyəti üzə çıxmamışdı. Artemisin də texnologiyadan yaxşı baş çıxarması Lunanı qıcıqlandırmışdı.[10] Lakin daha sonra Artemisin əsl vəzifəsini öyrənmişdir.[2]"Seylor Vi" və "Gözəl Qoruyucu Seylor Mun"-da Artemis Seylor döyüşçülərinə xüsusi əşyalar versə də, Lunadan fərqli olaraq əşyaları düzəltdiyi göstərilməmişdir. O, bunu nə animedə, nə də manqada etmişdir. Artemis adını yunan qadın ilahəsi Artemidadan alsa da, bu faktı vecinə almır, halbuki Minako bunu tez-tez onun üzünə vurur.[11] Artemis Lunaya nisbətən daha yolagedəndir, Minako ona "böyük qardaş"ı kimi baxır.[12] Luna özünü pis hiss edəndə Artemis onun qayğısına qalmağa çalışır, daim Lunaya olan heyranlığını ifadə edir. Bundan əlavə Artemis yaxşı atadır.
"Seylor Mun" fanatları arasında keçirilmiş ilk sorğuda 38 personaj arasında Artemis ən məşhur 17-ci personaj seçilmişdir.[5] Bir il sonra keçirilən ikinci sorğuda Artemis 50 personaj arasında ən məşhur 26-cı personaj kimi göstərilmişdir.[6]
Artemisi orijinal yapon seriyalarında Yasuhiro Takato [7], "Sailor Moon Crystal" animesində isə Yohei Obayaşi səsləndirmişdir. "Gözəl Qoruyucu Seylor Mun" teleserialında isə Artemis Kappei Yamaquti tərəfindən səsləndirilmişdir. O, ilk Seylor Mun myuziklında peyda olmuş və onu pişik geyimində Keidzi Himeno canlandırmışdır. DIC/Cloverway ingilis adaptasiyasında onu Ron Rubin səsləndirmişdir. Viz Media ingilis versiyasında bu işlə Conni Yanq Boş məşğul olmuşdur.
Diana
Diana (ダイアナ,Daiana?) — Luna və Artemisin XXX əsrdəki qızı. Diana ilk dəfə "Qara Ay" hekayəsində Seylor döyüşçüləri XXX əsrə səyahət edərkən peyda olmuşdur. Ölü Kabusun məğlub edilməsindən sonra Seylor döyüşçüləri XX əsrə geri dönmüş və Diana da onlara qoşulmuşdur. Animedə isə ancaq dördüncü mövsümdə peyda olmuşdur: Artemisi "ata" çağırdıqda Luna təşvişə düşmüşdü. Lakin daha sonra məlum olmuşdur ki, Diana onların gələcəkdəki uşağıdır. Luna Usaqinin, Artemis Minakonun köməkçisi olduğu kimi, Diana Çibiusanın köməkçisidir. O, hər şeylə maraqlanır, hər kəsə kömək etməyə çalışır və çox nəzakətlidir, Usaqi və Mamorunu həmişə "-sama"sayğı şəkilçisi ilə çağırır, Çibiusaya isə Balaca Leydi adı ilə xitab edir. Gənc olmasına baxmayaraq Seylor döyüşçülərinə kömək edir.
Seylor Mun fanatları arasında keçirilmiş ikinci səsvermədə Diana personajı seriyanın ən məşhur 16-cı personajı seçilmişdir.[6]
Diana ilk seriyalarda Kumiko Nişihara tərəfindən səsləndirilmişdir.[7]"Sailor Moon Crystal" animesində isə bu vəzifəni Şoko Nakaqava yerinə yetirmişdir. Cloverway ingilis dublajında Diananı Loretta Ceyflis, "Seylor Mun Super S: Film" filmində Naomi Emmerson səsləndirilmişdir.