Pakistan coğrafiyası (urdu جغرافیۂ پاکِستان) cənubda Ərəb dənizinin sahillərindən şimalda Qaraqorum dağlarına qədər müxtəlif təbii zonaları əhatə edir. Pakistan geoloji olaraq həm Hindistan, həm də Avrasiya tektonik platformasında yerləşir. Bu iki platformanın toqquşma zonasında yerləşən Gilgit-Baltistan və Azad Kəşmir bölgələrində tez-tez dağıdıcı zəlzələlər baş verir.
Pakistan şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin dövlətləri ilə həmsərhəddir. Ölkə geosiyasi baxımdan olduqca mürəkkəb, tez-tez hərbi toqquşmaların baş verdiyi regionda yerləşir. Regionda baş verən bu cür münaqişələrə Hindistanla Pakistan arasında Kəşmir və Əfqanıstanla Pakistan arasında Durand xətti kimi mübahisəli əraziləri misal göstərmək olar.[2] Pakistanın qərb sərhədləri istiqamətində yerləşən Heybər keçidi və Bolan keçidi kimi ərazilər Mərkəzi Asiya ilə Cənubi Asiya regionları arasında mühüm miqrasiya marşrutları hesab olunur.
Beynəlxalq sərhədləri
Pakistan qurudan dörd ölkə ilə həmsərhəddir. Sərhədlərinin ümumi uzunluğu 6,774 km təşkil edir.
Əfqanıstanla olan sərhəd Hinduquş, Pamir dağları və mübahisəli ərazi olan Durand xətti boyunca uzanır.[3][4] Sərhədin uzunluğu 2,430 km təşkil edir. 1947-ci ildə Pakistan müstəqillik əldə etdikdən sonra Durand xətti pakistanlılar və əfqanlar arasında münaqişə mövzusu olmuşdur. Hər iki tərəf ərazinin özünə məxsus olduğunu iddia edirdi. Bu ərazi barədə yekun qərar 1994-cü ildə qəbul edilmişdir. Hazırda Əfqanıstan ərazisi hesab olunan Vahan dəhlizi Pakistan və Tacikistanı bir-birindən ayırır.[5] Vahan dəhlizindən şərqə doğru ümumi uzunluğu 510 km olan Pakistanla Çin Xalq Respublikası arasında sərhəd başlayır. Bu sərhəd xətti Qaraqorum keçidinə qədər davam edir. Bu sərhəd xətti 1961-ci ildən 1965-ci ilə qədər rəsmi İslamabad və Pekin arasında danışıqlardan sonra razılaşdırılmışdır. Kəşmir məsələsi həll olunduqdan sonra bu barədə yenidən danışıqların olacağı da gözlənilir.
İran İslam Respublikası ilə Pakistan arasında sərhəd xəttinin tanınması barədə razılaşma 1957-ci ildə imzalanmışdır. Bu iki lkə arasında sərhədin ümumi uzunluğu 909 km təşkil edir.
Pakistanla digər qonşusu olan Hindistanla əlaqələr isə hər iki ölkə müstəqilliyini əldə etdikdən bəri hələ də gərgin olaraq qalır.[6][7] Lahor şəhərinin şimal-şərqindən Qaraqorum keçidinə qədər uzanan atəşkəs xəttinin uzunluğu 130 km təşkil edir. Bu xətt 2 iyul 1972-ci il tarixində İndira Qandi və Zülfüqar Əli Bhutto arasında imzalanmış Şimla razılaşmasından sonra "Nəzarət xətti" adlanır.[8]
Həmçinin bax
İstinadlar
Xarici keçidlər