Nahid Hacızadə |
---|
Nahid Rəhim oğlu Hacıyev |
"Zamanla Üz-Üzə" verilişindən kadr. |
Təxəllüsü |
Nahid Hacıyev |
Doğum tarixi |
14 mart 1936(1936-03-14) |
Doğum yeri |
|
Vəfat tarixi |
18 yanvar 2018(2018-01-18) (81 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti |
ssenarist |
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru.
Həyatı
Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur.
Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub. Xalq şairi Bəxtiyar Vahabzadə o zaman (1995) bu əsərə tamaşa etdikdən sonra bir məqaləsində yazırdı: "Qisas qiyamətə qalmaz" tamaşası bugünün səsi kimi milli teatrımızdakı böyük boşluğu doldurur. Bu tamaşa əli qələm tutan bütün dramaturqlarımızı silkələməli, milli teatrımızın böyük ənənəsini yeni əsərlərlə özünə qaytarmalıdır".
Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri Qızıl Fonda daxil edilib. Maraqlıdır ki, Nahid Hacızadə lap gənclik çağlarından poeziyaya maraq göstərib. Onun şeirlərinə çoxlu sayda mahnılar bəstələnib. Tanınmış bəstəkarlardan Hacı Xanməmmədov, Adil Bəbirov, Cavanşir Quliyev, Tahir Əkbər, Səyavuş Kərimi onun sözlərinə musiqi libası biçiblər. Bəstəkar Eldar Mansurov Nahid Hacızadənin sözlərinə bəstələdiyi "Qalx, qalx, ulu torpaq!" mahnısı xalq artisti Mübariz Tağıyevin ifasında neçə illərdir ki, əzəmətlə səslənməkdədir. Bu mahnı Qarabağ müharibəsinin, müqəddəs torpaqlarımızın hünər və rəşadət himni kimi sevilir.
Təbiətindəki səmimiyyət qələminin vasitəsilə sözünə keçən və bunun da nəticəsində dəyərli əsərlər yaradan Nahid Hacızadə söyləyir: "Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına məni yetirdi". Yəqin ki, bu şükranlığın içində müstəqil Azərbaycanın buxovlardan azad olunduğu günün şərafəti də var. Mənəvi zənginliyi, qələminə sədaqəti və məsuliyyəti ilə fərqlənən Nahid Hacızadə Azərbaycanın əməkdar mədəniyyət işçisidir. Onun keçdiyi mənalı həyat yolu çoxumuza örnəkdir. Sözünün kölgəsi olan yazıçıdır. Bu nəcabət də hər kəsə nəsib deyil. Adətən, yazıçının yaradıcılığını təhlil edərkən əsərlərin say və həcmi önəmli deyil. Dəyərləndirmə mövzuya, dilə və üsluba görə aparılır. Çox fərəhli bir haldır ki, Nahid Hacızadə bütün yaradıcılığı boyu doğma dilimizin keşiyində əsl əsgər kimi dayanıb. Bu səbəbdən də yazdıqları maraqla qarşılanıb.
Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər şərəfli bir yol keçib. Neçə-neçə verilişlər, proqramlar, tamaşalar məhz onun imzası ilə ekran, efir həyatı alıb. Haqqında fikir söyləyənlər çox haqlı olaraq Nahid Hacızadəni Azərbaycan televiziyasında epoxa adlandırıblar. Bu da təsadüfi deyildir. Ustad sənətkarın ömrünün az qala, 40 ilə yaxını radio və televiziya ilə bağlı olub. Nahid Hacızadə bu sahədə bir məktəbdir. Ondan öyrənməyə dəyər.
O, ədəbiyyata 1969-cu ildə "Ulduz" jurnalında çap edilən "Lirik miniatürlər"lə gəlib. İlk kitabı da 1972-ci ildə "Gənclik" nəşriyyatında çap edilib. "Bir ana tanıyırdım" adlanan bu əsəri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı və qədəmləri yüngül oldu. Beləliklə, yazıçının dalbadal kitabları çap edilməyə başladı. Yazıçının müxtəlif illərdə yazdığı hekayə və povestləri təkcə Azərbaycanda deyil, o vaxt Sovet İttifaqının mərkəzi mətbuat orqanı sayılan "Moskovskiy komsomolets" qəzetində, "Nedelya" həftəliyində, "Oqonyok" jurnalında dərc olunurdu.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev yazıçı haqqında qələmə aldığı məqalələrinin birində maraqlı məqama toxunub: "Deyirlər, insan öz zamanının övladı olur. Burada bir həqiqət vardır. İnsan bəzən zamanın burulğanlarında, gündəlik qayğıların məngənəsində mütiləşir, sınır, zamanın hökmünə boyun əyərək dövrünün övladına çevrilir... Nahid müəllim "zamanın övladı" olmaqdan üstün çıxdı". Bəlkə elə bu məziyyətinə görə də Nahid Hacızadə Azərbaycan ədəbiyyatının solmayan səhifələrini yazanlardan biridir. "Ölən əsərlər" müəllifi olmamaq, həqiqətən, qələm sahibi üçün bir şərafətdir.
Nahid Hacızadə uzun sürən xəstəlikdən sonra 2018-ci il yanvarın 18-də vəfat etmişdir[1]. Binəqədi qəbiristanlığında dəfn edilmişdir.
Kitabları
- "Bir ana tanıyırdım", "Gənclik", 1972.
Filmoqrafiya
- Sevilin bacıları (film, 1971)
- Muğan qızı (film, 1972)
- Şamama (film, 1973)
- Uzunömürlü ağaclar (film, 1974)
- Tələbə avtoqrafları (film, 1976)
- Bəxtiyar Vahabzadə (film, 1987)
- Qayalarda qalan səs (film, 1995)
- Yurd yeri
- İstiqlal şairi (film, 1996)
İstinadlar
Mənbə