Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə.[1]
Həyatı
Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı.[2]
Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı.[2]
Məşədi Məmmədin oxuduğu "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Kürdü Şahnaz", "Heyratı", "Mənsuriyyə", "Səmayi–Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı", "Kərəmi", "Əfşarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də "Şüştər" ustası kimi daha məşhur idi.[3]
Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən bir dəvət aldı. O, Varşavada tarzən Qurban Pirimov, kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə 40-a qədər muğam, təsnif və mahnını oxuyub vala yazdırır.[4] Daha sonra Kiyev şəhərindən dəvət gəldi. Görkəmli sənətkar burada "Ekstrafon" şirkəti tərəfindən muğam və xalq mahnılarını qramofon valına yazdırdı.[1] Müasirləri yazırlar ki, Məşədi Məmməd bütün muğam və mahnılarında ən çox Natəvanın qəzəllərini ifa edərmiş. Məşhur bir xanəndə kimi tanınmış Məşədi Məmməd 1913-cü ilin yazında Zubalov adına xalq evi tərəfindən Tiflisə dəvət edilir. 1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda konsertlər verir.[5][6]
1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır.
1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxmış, bir daha Azərbaycana qayıtmamışdır. Məşədi Məmməd Fərzəliyev uzun illər Türkiyənin İstanbul şəhərində yaşamış və 1962-ci ildə dünyasını dəyişmişdir.[5][7]
İstinadlar
Ədəbiyyat