Məhdəvi Kani gənclik illərindən bəri islam elmləri ilə məşğul olmuşdur. O, Qumda ayətullah Ruhullah Xomeyni kimi islam alimlərinin yanında təhsil almışdır. Məhdəvi Kani Pəhləvi rejimi əleyhinə fəaliyyət göstərmiş və bu dövrdə üç dəfə həbs edilmişdir. O, 1979-cu il İslam İnqilabına gətirib çıxaran siyasi və inqilabi fəaliyyətlərdə dərindən iştirak etmişdir. Məhdəvi Kani İran İslam Respublikasının siyasi mənzərəsində mühafizəkar və mötədil fraksiyalar arasında birləşdirici rol oynamışdır.
Erkən illəri
Məhəmmədrza Məhdəvi Kani 25 avqust 1931-ci ildə İranda, Tehran yaxınlığındakı Kan bəxşinin bur kəndində anadan olmuşdur.[2] Onun əsl soyadı Hacı Baqiri idi, lakin sonralar İmam Mehdiyə böyük bağlılığına görə Məhdəvi adı ilə tanınmış və bundan sonra soyadını Məhdəvi Kəni olaraq dəyişmişdir.[3] Onun atası ayətullah idi və Mofid məktəbində dərs deyirdi. Əsas təhsilini Kan ibtidai məktəbində aldıqdan sonra Məhəmmədrza Tehranda yerləşən Bürhan Liseyinə daxil olmuş və 1947-ci ildə Qum şəhərinəlokalhövzədə təhsil almışdır.[4] Onun müəllimləri arasında ayətullah Əli Əkbər Burhan, Əbdül Cavad Sedayeyi, Məhəmməd Sadiqi, Seyid Məhəmməd Bağırsultani, Mücahidi, Seyid Əbülhəsən Rafiyeyi Qəzvini, Əbülhəsən Şəyarani, Seyid Məhəmmədhüseyn Təbatəbai, Seyid Seyid Hüseyin Bürucirdu, Mohammad Saduqi, Lütfəli Lütfiyan, Ruhullah Musəvi Xomeyni və Məhəmmədrza Gülpəyaqani var idi.[5] Ona islamfiqhini, interpretasiyası və fəlsəfəsi tədris edilmişdir.[6] Bundan əlavə, Məhəmmədrza fiqh elminin əsaslarını təkbaşına öyrənmiş,[7] həmçinin Tələbə Məclisinin iclasları çərçivəsində materialist və kommunist kitablarını tədqiq və müzakirə etmişdir.[6]
1949-cu ildə 18 yaşlı Məhdəvi Kani Pəhləvi siyasəti ilə bağlı çıxışlarına görə ilk dəfə həbs olunmuş və işgəncələrə məruz qalmışdır. Bu məlumat Qumda yayılanda Borucerdi tələbələrini narahat etdiyinə görə baş nazir Mənuçöhr İqbalı kəskin tənqid etmişdir.[6]
Karyerası
Məhdəvi Kani 1961-ci ildə Tehrana dini elmlərdən dərs demək üçün qayıtmışdır. Həmin dövrdə ruhanilərin əksəriyyəti şah Məhəmmədrza Pəhləviyə qarşı etiraz aksiyalarında iştirak edirdi. Məhdəvi Kani bu din xadimlərinə qoşularaq ayətullah Xomeyni ilə ittifaq yaratmışdı.[8] Məhdəvi Kani yeni yaradılmış Mərva məktəbində ilahiyyat üzrə müəllim olmuş və Cəlili məscidinin imamı təyin edilmişdir. Məscid keçirdiyi görüşlər və dini-siyasi məsələlərlə bağlı müzakirələr səbəbilə Pəhləvi rejiminə qarşı mübarizədə fəaliyyət üçün münasib baza olmuşdu.[7][9] Məhdəvi Kani 1970-ci ildə yenidən SAVAK üzvləri tərəfindən saxlanılmış və işgəncələrə məruz qalmışdır.[4] O, bundan sonra dörd il həbs cəzasına məhkum edilmiş, lakin iki ildən sonra Xomeyninin səyləri nəticəsində azad edilmişdir.[6] Ümumiyyətlə, Məhdəvi Kani Pəhləvi rejimi dövründə üç dəfə həbs olunmuşdur.[10] O, 1977-ci ildə Mübariz Ruhanilər Assosiasiyası qurucusu və rəhbəri olmuşdur.[11] Bu təşkilat İran şahını devirmək və sonralar inqilabın nailiyyətlərini müdafiə etmək məqsədi güdürdü.[12] Məhdəvi Kani vəfat edənə qədər təşkilatın rəhbəri olaraq qalmışdır.[13]
1979-cu ildə İslam İnqilabının qələbəsindən sonra Xomeyni onu İnqilab Şurasına təyin etmişdir.[4] Eyni zamanda, Məhdəvi Kani İslam İnqilabı Komitəsinin sədri idi.[14][15] Onun rəhbərliyi altında, hüquq müdafiəçilərinin ifadələrinə görə, Pəhləvi rejiminin mülki və hərbi rəsmilərinə işgəncələr və edamlar həyata keçirilmişdir,[16] lakin bununla belə, Məhdəvi Kani sərt yanaşmaya qarşı çıxmış, müxaliflərə və məhbuslara qarşı daha yumşaq davranılmasını istəmişdir. O, ABŞ səfirliyinin ələ keçirilməsini böyük səhv və beynəlxalq hüququn pozuntusu adlandırmış, bunun inqilabın məqsəd və vəzifələrinə uyğun olmadığını qeyd etmişdir.[17] Məhdəvi Kani 1979-cu ildə İslam Respublikası Partiyasına üzv olmaqdan imtina etmişdir, çünki din xadimlərinin partiyasız qalmalı olduğuna inanırdı.[18] Daha sonra Mübariz Ruhanilər Assosiasiyasında Məhdəvi Kaninin mühafizəkar siyasətləri ilə uyğunlaşmayan daha sosialist iqtisadiyyatın tərəfdarı olan solçu islahatçı qanad meydana gəlmiş və Mübariz Ruhanilər Assosiasiyasını təsis etmişdir.[19] Məhdəvi Kani 1980-ci ilin sonundan 1981-ci ilin ortalarına qədər Məhəmmədəli Rəcai və Məhəmməd Cavad Bahunər hökumətlərində növbə ilə ədliyyə naziri və daxili işlər naziri vəzifələrində çalışmışdır. O, 2 sentyabr 1981-ci ildə müvəqqəti olaraq baş nazir təyin edilmiş və 29 oktyabra qədər bu vəzifəni icra etmişdir.[20]
Məhdəvi Kani 1982-ci ildə İmam Sadiq Universitetinin qurucusu və ilk dekanı olmuşdur. Universitet dini məsələlərlə ənənəvi akademik dairələr arasında uçurumu aradan qaldırmağı hədəfləyirdi.[17] Məhdəvi Kani 1984-cü ildən 1986-cı ilə qədər Tehranda cümə namazının qılınmasına cavabdeh olmuşdur.[4] O, 1989-cu ildə Xomeyni tərəfindən İran Konstitusiyasına Dəyişikliklər üzrə Şuranın üzvü təyin edilmişdir və daha sonra Keşikçilər Şurasına daxil olmuşdur. Məhdəvi Kani elə həmin il Məscid İşləri Müdirliyinə rəhbərlik etmişdir.[21] O, 1997-ci il prezident seçkilərindən əvvəl mühafizəkar namizəd Əli Əkbər Natiq Nurini dəstəkləmişdi.[22] Məhdəvi Kani elə həmin il Məqsəd Şurasının üzvü seçilmişdir. O, 2009-cu ildə prezident seçkilərində Mahmud Əhmədinejadın namizədliyini dəstəkləmişdir.[4]
8 mart 2011-ci ildə Əli Əkbər Haşimi Rəfsəncaninin özü ilə Əhmədinejadı dəstəkləyən ruhanilər arasında baş tutmuş mübahisəyə görə məcburi istefa verməsindən sonra Məhdəvi Kani iki il müddətinə Mütəxəssislər Məclisinin sədri seçilmişdir.[23][24] O, 5 mart 2013-cü ildə daha iki il müddətinə yenidən həmin vəzifəyə seçilmişdir.[25][26] Elə həmin il mötədil mühafizəkar hesab edilən[27] Məhdəvi Kani prezident seçkilərində Həsən Ruhanini dəstəkləmişdir.[24][28]
Vəfatı
Məhdəvi Kani 1985-ci, 2001-ci və 2005-ci illərdə ürək problemlərinə görə xəstəxanaya yerləşdirilmişdir.[4] O, 4 iyun 2014-cü ildə İslam İnqilabı rəhbəri Xomeyninin vəfatının ildönümündə Xomeyni türbəsini ziyarət edərkən infarkt keçirərək yenidən Bəhmani xəstəxanasına yerləşdirilmiş,[29] daha sonra komaya düşmüşdür.[30] Məhəmmədrza Məhdəvi Kani 21 oktyabr 2014-cü ildə, 4 ay komada qaldıqdan sonra 83 yaşında vəfat etmişdir.[31][32][33]İran PrezidentiHəsən Ruhani iki günlük matəm elan etmişdir. O, Məhdəvi Kanini "mömin alim və din xadimi" və "İslam hərəkatının böyük döyüşçüsü",[7]Ali RəhbərƏli Xamenei isə onu "həmişə haqq işin tərəfdarı olan böyük və dindar insan" adlandırmışdır.[34] Vida mərasimi 23 oktyabr tarixində Tehran Universitetinin kampusunda[35] İranın baş hakimi Sadiq Laricaninin iştirakı ilə,[36] dəfn mərasimi isə həmin gün Rey şəhərində yerləşən Şah Əbdüləzim türbəsində baş tutmuşdur.[37]
Məhdəvi Kanini Mütəxəssislər Məclisinin sədri vəzifəsində Mahmud Haşimi-Şahrudi əvəz etmişdir. "BBC" əməkdaşı Büzurqmehr Şərafəddin qeyd etmişdir ki, Məhdəvi Kani həm mühafizəkar, həm də mötədil dairələrə yaxın olduğu üçün "İran siyasətində birləşdirici fiqur" hesab edilirdi. Şərafəddin əlavə etmişdir ki, onun vəfat etməsi "mövcud qüvvələr balansının dəyişməsinə səbəb ola bilər", 2016-cı ildə baş tutacaq Mütəxəssislər Məclisinə seçkilər isə "bu iki düşərgə arasında mübarizə bayrağı altında keçə bilər".[38] "Patheos" jurnalisti Kavə Musəvi hətta Məhdəvi Kaninin vəfat etməsinin"mühafizəkarlığın ölümünü simvolizə etdiyi"ni və bu hərəkatın fəalları üçün "növbəti ali rəhbərin seçimi onların qu quşu mahnısı olacağı"nı yazmışdır.[19] Bu proqnozlara baxmayaraq, 10 mart 2015-ci ildə mühafizəkar din xadimi ayətullah Məhəmməd Yəzdi şuranın sədri seçilmişdir.[39][40]
Şəxsi həyatı
Məhdəvi Kani 1960-cı ildən Nisa Katon Sorkey ilə evlidir. Onların bir qızı və iki oğlu olmuşdur: Məryəm (1961-ci il təvəllüdlü), Məhəmmədsəid (1966-cı il təvəllüdlü), Mehdi (1972-ci il təvəllüdlü).[41] Məhdəvi Kaninin bütün övladları müxtəlif universitetlərdə müəllim olmuşlar.[7]
Əsərləri
Məhəmmədrza Məhdəvi Kaninin nəşr olunan əsərləri:[42]
Praktiki etikada başlanğıc nöqtələri
Bist-qoftar kitabı (20 diskurs)
Praktiki məntiqdə başlanğıc nöqtələri
Qurani-Kərimdə islam iqtisadiyyatının əsasları və prinsipləri