Məhəmməd Əzəm 12 avqust 1681-ci ildə atası tərəfindən vəliəhd şahzadə elan edilmiş və bu vəzifədə atasının ölümünə qədər qalmışdır.[2] Özünün hərbi kareyerası zamanı Əzəm Berar Subahın, Malvanın, Qucaratın və Dəkkənin canişini kimi xidmət etmişdir. Atasının ölümündən sonra 14 mart 1707-ci ildə Əhmədneqarda moğol taxtına oturmuşdur. Lakin qısa müddət sonra o, 20 iyun 1707-ci ildə Cacau döyüşündə ögey qardaşı Şah Aləmə məğlub olaraq taxtdann endirilmiş və 3 oğlu ilə birlikdə öldürülmüşdür. Şah Aləm isə Bahadur şah adı ilə taxta çıxmışdır.
Qütbəddin Məhəmməd Əzəm 28 iyun 1653-cü ildə moğol şahzadəsi Mudi-unj-din (taxta çıxdıqdan sonra Övrəngzib adını götürmüşdür) ilə onun birinci və əsas arvadı Dilras Banu Bəyimin ailəsində Burhanpurda dünyaya gəlmişdir.[3][4][5][6] Anası Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. O, I İsmayılın oğlu olan Bəhram Mirzənin soyundan gələn Bədiüzzaman mirzə Səfəvinin qızı idi. Atası moğol sarayında güclü şəxslərdən biri olmaqla bərabər, orada Şahnəvaz xan adı ilə tanınmaqda idi. Dilras Banu Bəyim Əzəmi dünyaya gətirdikdən 4 il sonra qız övlad dünyaya gətirərkən yoluxduğu infeksiyadan vəfat etmişdir. Ata tərəfdən Teymuri qanı kimi böyük soyun qanını sahib olmaqla qalmayan, Əzəm ana tərəfdən də o dövrün dünyanın ən soylu sülalələrindən hesab edilən Səfəvi sülaləsinə mənsub idi və bununla fəxr edirdi.[7] Özünün kiçik qardaşı olan Şahzadə Məhəmməd Əkbərin vəfatından sonra o, atasının belə bir əsilzadə qanı daşıyan yeganə oğlu idi.[8]
Əzim digər ögey qardaşları olan Şah Aləm (I Bahadur şah) vı Məhəmməd Kam Baxş Övrəngzibin əhəmiyyətsiz hesab edilən hindu arvadlarından olan övladları idi.[9]Nikkolao Manucciyə görə, moğol sarayı Əzəmin Səfəvi şahlıq qanına və əcdadlarına sahib olmasından çox təsirləniblərmiş. Bunda onun ana babası Şahnəvaz xan Səfəvinin də yaddaşlardakı yerinin xüsusi əhəmiyyəti vardır.[10]
Xarakteri
Əzəm böyüdükcə müdrikliyi, mükəmməlliyi və cəngavərliyi ilə seçilirdi.[11][12] Övrəngzib oğlunun nəcib xasiyyətindən və gözəl əxlaqından hədsiz dərəcədə sevinir və onu oğlundan çox öz yoldaşı hesab edirdi. O, bəzən deyirmiş ki, "bu cür bərabərsiz cütlüklər arasında ayrılıq qaçınılmazdır". Əzəmin doğma bacı və qardaşları sırasına Şahzadə Zeb-un Nisə, Zinat-un Nisə, Zubdat-un Nisə və kiçik qardaşı Məhəmməd Əkbər daxil idi.[13]
Şəxsi həyatı
Əzəm ilk evliliyini 13 may 1668-ci ildə Ahom şahzadəsi Ramani Qabharu ilə etmişdir. Arvadının sonradan adı Rəhmət Banu Bəyimə dəyişdiriləcəkdir. O, Ahom kralı Svargadeo Cayadhvayın qızı idi və onların evliliyi nikah diplomatiyasına əsaslanmaqda idi.
3 yanvar 1669-cu ildə Əzəm özünün əmisi olan Dara Şükuhun sevimli arvadı Nadirə Banu Bəyimdən olan qızı Cahanzeb Banu Bəyimlə evləndi. Cahanzeb tez bir zamanda Əzəmin sevimli və əsas arvadı oldu. Deyilənə görə, onlar bir-birilərini səmimi şəkildə sevirlərmiş. Bu cütlüyün ilk oğlanları 4 avqust 1670-ci ildə dünyaya gəldi və uşağın babası Övrəngzib ona Bidar Bəxt adını qoydu. Cahanzeb özü də qayınatasının ən sevimli gəlini idi. Deyilənə görə, Övrəngzib Əzəm, Cahanzev və Bidar Bəxti saraydakı hər kəsdən daha çox sevirmiş. Bidar Bəxt özünü gələcəkdə uğurlu və cəsur sərkərdə kimi sübut etməyi də bacarmışdır.
Əzəmin üçüncü evliliyi də nikah diplomatiyasına əsaslanmalı idi. Onun bu dəfə atası Övrəngzibin dayısı olan Şaysta xanın qızı Pəri Bibi və ya digər adı ilə Duxt Rəhmət Banu ilə evlənməsi planlaşdırılırdı. Lakin evlilik Pəri Bibinin 1678-ci ildə qəflətən Dhakada vəfat etməsinə görə baş tutmadı. Onun xatirəsi üçün Dhakada Fort Övrəngzibabadda (indiki Lalbağ Fort) məqbərə ucaldıldı.
Sonuncu evliliyi də yenə nikah diplomatiyasının bir parçası kimi 1681-ci ildə baş tutdu. O, bu dəfə Şəhər banu Bəyim və ya digər adı ilə Padşah Bəyimlə evləndi. Şəhər Banu Bəyim Adilşahilər sülaləsinə mənsub idi və II Əli Adilşahın qızı idi. Bütün bu evliliklərə baxmayaraq, Əzəmin Cahanzebə olan sevgisi azalmamışdı. Onun 1705-ci ildə vəfat etməsindən Əzəm böyük kədər və acı hiss etməyə başladı. Bu onun ölümünə qədər davam etdi.
Bicapurun mühasirəsi
Zəmin
1637-ci ildə gənc şahzadə Övrəngzib Dəkkənin canişini kimi 25 minlik ordu ilə Bicapuru və onun hökmdarı Məhəmməd Adilşahı mühasirəyə aldı. Mühasirə uğursuz oldu, çünki Adilşahilər bir digər şahzadə Dara Şükuhun vasitəçiliyi ilə Sultan Şahcahanla sülh imzalamağa nail oldular.
II Əli Adilşah beləliklə problemli dövləti irsi olaraq almışdı. Bicapur sultanlığının ən bacarıqlı komandiri Əfzal xanla vuruşan və onu sülh danışlqlarında iştirak etmək adı ilə çağırıb öldürən Şivacinin başçılıq etdiyi Maratxanın hücumu ilə üzləşməli oldu və Bicapurun lidersiz qoşunları bundan sonra Şivaji üsyançıları tərəfindən darmadağın edildi. Nəticədə, Adil Şahi sülaləsi əsasən Şivaci və oğlu Sambhacinin başçılıq etdiyi üsyankar Maratha sayəsində xeyli zəiflədi.
İsgəndər Adilşah Adilşahi sülaləsinə rəhbərlik etmək üçün rəhbər seçildi. Əbülhəsən Qütbşah ilə ittifaqa girən və moğol vassalı olmaqdan imtina edən İsgəndər Adilşah Övrəngzibin qəzəblənməsinə səbəb oldu və moğollar onlara müharibə elan etdilər.
Mühariə
1695-ci ildə Övrəngzib Məhəmməd Əzəmi 50 minlik qoşunla Bicapuru ələ keçirməyə göndərdi. Ona bu işdə Ruhullah xan da yardım etməli idi. Moğol ordusu Bicapura 1685-ci ilin martında çatdı. Moğol ordusunun elit bölmələrinə komandanlıq edən Dilir xan və Qasım xan döyüşməyə və Bicapurun mühüm yerlərini ələ keçirməyə başladılar. Mühasirəyə alma bitdikdən sonra Əzəm mühasirə tikintilərinin təşkil edilməsini və topların gətirilməsini əmr etdi.[14]
Bicapur qalası İsgəndər və onun sərkərdəsi Sarza xan tərəfindən yaxşı qorunurdu. Qalaya edilən moğol top atəşləri daha güclü toplara sahib olan Bicapur topları tərəfindən cavabla sakitləşdirilirdi. Bu zaman Bicapurun sahib olduğu məşhur top olan Məlik-i Meydan topunun bir mərmisinin diametri 69 sm-a çatırdı.[15] Moğollar açıq yerdə əraziləri ələ keçirmək əvəzinə uzun xəndəklər qazdılar və toplarını diqqətlə yerləşdirdilər, lakin heç bir irəliləyiş əldə etmədilər.
Moğollar Bicapur qalasını əhatə edən 10 fut dərinlikdəki xəndəkdən keçə bilmədilər. Üstəlik, 50 fut hündürlüyü 25 fut enində incə qranit və əhəng məhlulu divarlarını aşmaq demək olar ki, mümkün deyildi. Maratha imperatoru Sambhajinin rəhbərliyi altında Melgiri Panditin başçılıq etdiyi Maratha qüvvələri Solapurda moğal qarnizonundan gələn ərzaq, barıt və silah təchizatını kəsdikdə moğalların vəziyyəti daha da pisləşdi.[16] Bundan sonra artıq moğollar eyni zamanda həm Adilşahilərə, həm də Maratha dövlətinə qarşı mübarizə aparmalı idi. Bijapuri top gülləsi 500 piyadanın ölümünə səbəb olan xəndəklərdə güclü partlayışa səbəb olan moğol barıt mövqeyinə dəydikdə vəziyyət daha da pisləşdi.[17]
Buna cavab olaraq, Övrəngzib özünün bir digər oğlu Şah Aləmi və məşhur sərkərdəsi Abdullah xan Bahadur Firuz Cəngi oraya göndərdi.[18] Bicapur qalasını mühasirəyə almış moğol ordusunun dağılmasının qarşısını almaq üçün moğolların bir digər məşhur sərkərdəsi Qaziəddin xan Firuz Cunq böyük bir qoşunla təchizat yollarını kəsmiş Maratha qüvvələri üzərinə yürüşə başladı. Eyni zamanda Abdulla xan Rəsulpur yaxınlığında 6 minlik Maratha ordusunu darmadağın etdi. Bu ordu Bicapurda mühasirəyə alınanlara maddi-texniki təminat daşımaqda idi.[19]
Solapurdan gələn təminat yollarını yenidən bərpa edən moğollar Məhəmməd Əzəmin cəhdlərinə baxmayaraq, Bicapuru ələ keçirə bilmədilər. Qala qarşısındakı vəziyyətin durğunlaşmasından sonra Övrəngzib böyük bir ordu hazırlayaraq Bicapura yollandı. iyul 1686-cı ildə yola çıxan Övrəngzib 4 sentyabr 1686-cı ildə ora çatdı və Abdulla xanın yanında mövqe aldı. İmperatorun da şəxsi iştirakından cəsarətlənən və sayları təxminən 100 min nəfər olan moğol ordusu 8 günlük kəskin hücumlardan sonra qalannı 5 qapısını zədələməyi bacardılar, nəticədə istehkam divarlarının əhəmiyyətli bir hissəsini yıxdı, beləliklə, moğollara xəndəyi yarmağa və şəhəri fəth etməyə imkan yarandı.
İsgəndər Adilşah döyüşlər zamanı ağır yaralandı və aldığı yaralara görə 12 sentyabr 1686-cı ildə vəfat etdi. Onun ölümü ilə Adilşahilər sülaləsinə son qoyuldu. Övrəngzib Seyid qardaşlarının atası Seyid Miyanı oraya ilk canişin təyin etdi.
Moğollar Bicapuru ələ keçirsələr də, onların oradakı nəzarəti 1712-ci ildə I Bahadır Şahın ölümündən sonra zəiflədi. Bir neçə onillikdən sonra bölgədəki nəvvablar özlərinin müstəqilliyini elan etdilər. 1753-cü ildə isə, Maratha dövləti Bicapurun əksər hissəsini ələ keçirdi.
Benqalın subahdarı
Şahzadə Əzəm sələfi Əzəm Xan Kokanın ölümündən sonra Berar subahlığının,[b] Malvanın və Benqalın 1678-ci ildən 1701-ci ilə qədər subahdarı[c] olmuşdur. O, uğurlu şəkildə Kamrup bölgəsini 1679-cu ilin fevralında ələ keçirmişdir. Əzəm Dəkkəda Lalbağ qalasının tikintisinə başlasa da, bu qalanın tikintisi yarımcıq qalmışdır. Onun hakimliyi dövründə, Mir Mövla Divana, Muluk Çand da Huzur-Navisə təyin edilmiş, ehtiyatların toplanmasına nəzarətlə səlahiyyətləndirilmişdir. Əzəm atası Övrəngzib tərəfindən geri çağırılmış və 6 oktyabr 1679-cu ildə Dəkkəni tərk etmişdir. O, daha sonra 1701–1706-cı illər aralığında Qucaratın canişini olmuşdur.
Taxta çıxması
1707-ci ilin fevral ayının üçüncü həftəsində Övrəngzib varislik müharibəsinin ortaya çıxmasının qarşısını almaq üçün Əzəm ilə onnu xüsusilə nifrət etdiyi qardaşı Kam Baxşı ayırdı. O, Əzəmi Malvaya, Kam Baxşı isə Bicapura göndərdi. Ölümündən bir neçə həftə əvvəl o, Əzəmə vida məktubunu yazdı. Övrəngzibin ölümünün ertəsi günü səhər Malvaya getmək əvəzinə Əhmədnaqardan kənarda qalan Əzəm imperator düşərgəsinə gəldi və atasının cəsədini Dövlətabaddakı məzarına dəfn etmək üçün apardı.[22] Özünü imperator elan edən Əzəm taxta çıxdı.[23] Lakin onun qardaşları başda olmaqla, bir neçə sülalə üzvləri tərəfindən qəbul edilmədi. Hələ Övrəngzib vəfat edən zaman Əzəmdən başqa övladları olan Kam Baxş və Məhəmməd Müəzzəm vilayət hakimləri idilər. Müəzzəm Kabil hakimi ikən, Kam BaxşQucaratın hakimi idi Kam Baxş atası ölən kimi öz adına sikkə zərb etdirsə də, Əzəm özünü hökmdar elan etməyə fürsət tapmışdı. Beləliklə, elə əsas mübarizədə Əzəmlə böyük qardaşı Müəzzəm arasında getdi. Nəticədə Əzəm və onun oğlu Bidar Bəxt 20 iyun 1707-ci ildə Cacau döyüşündə Şahzadə Məhəmməd Muəzzəmə məğlub olub öldürüldülər.[24] Əzəm Şahın Quru Qobind Sinqh tərəfindən atılan oxla öldürüldüyü deyilməkdədir.[25] Bundan sonra Məhəmməd Müəzzəm taxta çıxdı. Onun hökmranlıq adı I Bahadır şah olaraq bilinir.[26]
O, arvadı ilə birlikdə məşhur Sufi dərvişi və şeyxi olan Şeyx Zaynuddin Şirazinin dərgahında dəfn edildilər. Bu dərgah Övrəngabad yaxınlığındakı Xuldabad məntəqəsində və Övrəngzibin məqbərəsindən qərbdə yerləşməkdədir.[27]
↑Moğol imperiyasında vilayət sözü üçün işlədilmişdir.[20]
↑Subahdar, həmçinin Nazim kimi və ya ingiliscə Subah olaraq bilini. Bu titul Hindistanda hökmdarlıq edən bir çox türk sülaləsi tərəfindən Subah adlandırılan vilayətin hakimi üçün istifadə edilmişdir. Bu sülalələrə Müəzzilər, Hilçilər, Məmlük, Xələclər, Tuğluqoğulları sülaləsi, Moğol sülalələri daxildir.[20] Subahdar farsca kökənli sözdür.[21]
Sirajul Islam. Subahdar. Banglapedia: National Encyclopedia of Bangladesh (Second ed.). Asiatic Society of Bangladesh. In Islam, Sirajul; Jamal, Ahmed A. (eds.). 2012.
Sir Jadunath Sarkar. Anecdotes of Aurangzib. M.C. Sarkar & Sons. 1925.
Sir Jadunath Sarkar. History of Aurangzib: Mainly Based on Persian Sources. I. M.C. Sarkar and Sons. 1912.
Sir Jadunath Sarkar. A short history of Aurangzib, 1618-1707. Orient Longman. 1979.
Sir Jadunath Sarkar. Studies in Aurangzib's reign: (being Studies in Mughal India, first series). Orient Longman. 1933.
Saqi Must'ad Khan və Sir Jadunath Sarkar. Maāsir-i-Alamgiri: A History of the Emperor Aurangzib-ʻĀlamgir. Bengal: Royal Asiatic Society of Bengal. 1947.
Sir Jadunath Sarkar. History of Aurangzib: Mainly Based on Persian Sources. III. South Asian Publishers. 1974.
Henry Miers Elliot. The History of India: 1959 Volume 30 of The History of India: As Told by Its Own Historians; the Muhammadan Period; the Posthumous Papers of H. M. Elliot, Sir Henry Miers Elliot. Susil Gupta (India) Private. 1959.