| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Mir Həmzə Nigari |
---|
Seyid Mir Həmzə Mir Paşa oğlu Qarabaği |
Təxəllüsü |
Nigari |
Doğum tarixi |
1805 |
Doğum yeri |
|
Vəfat tarixi |
1885 |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Uşağı |
Siracəddin Əfəndi |
Atası |
Mir Paşa |
Anası |
Xeyrənsə Xanım |
Fəaliyyəti |
şair, yazıçı |
Janr |
təkkə-təsəvvüf ədəbiyyatı |
Mir Həmzə Nigari Vikimənbədə |
Mir Həmzə Nigari (1805, Cicimli, Laçın rayonu – 1885, Amasya) — Sufi şairi, təsəvvüf alimi.
Həyatı
Seyid Mir Həmzə Seyid Nigari Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində 1805-ci (bəzi mənbələrə görə 1795[1], 1797[2]) ildə dünyaya gəlmiş Qarapapaq türklərindəndir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin əfəndi, anası isə Qız Xanım adı ilə tanınan Xeyrənsə Xanım olmuşdur.
Təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Səyahəti əsnasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Harputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən, rəvayətə görə, “ulu babası Həzrət Əlinin mənəvi işarəsi” ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur.
Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır.
İsmayıl əfəndidən izin alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə getmişdir. Ziyarətlərinin sonunda Amasyaya qayıtmış və bir il sonra “seyri süluk”unu tamamlayaraq mürşidi İsmayıl Şirvanidən xilafətnamə alıb Azərbaycana qayıtmışdır.
İrşad fəaliyyətinə Bərgüşad və Bərdə ətrafında başladı. Rusiya ilə Osmanlı dövləti arasında çıxan Krım müharibəsi zamanı Osmanlı ordusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə gizlicə Qarsa gəldi. Və ruslara qarşı vuruşdu. Müharibədən sonra Ərzuruma yerləşərək Bakırlar məhəlləsindəki məscidin dərsxanasında üç il qaldı.
Ərzurumdan İstanbula gedən Həmzə Nigari sonra Amasiyaya qayıdaraq orada məskunlaşmışdır. Burada uzun müddət təfsir və hədis dərsləri deməklə yanaşı təsəvvüfi fəaliyyətlə də məşğul olmuşdur, lakin onun fəaliyyətindən narahat olanların şikayətindən sonra Harputa sürgün edilmişdir.
1885-ci ildə Harputda vəfat edən Nigarinin nəşi vəsiyyətinə uyğun olaraq şeyxinin yanına Amasiyaya gətirilmişdir. Qazaxlı Hacı Mahmud Əfəndinin himməti ilə Qarabağ, Qazax və Gürcüstandakı müridlərinin də yardımı ilə türbəsi və türbənin yaxınlığında məscid inşa edilmişdir.
Həmzə Nigarinin Muhyiddin Arabinin "Fütuhatı-məkkiyyə" əsərinə yazdığı Təvzihat, türkcə və farsca divanı, həmçinin "Nigarnamə" və "Saqinamə" adlı əsərləri var. Onun şeirləri Amasiya ətrafında, Şərqi Anadoluda, Borçalı, Qazax və Qarabağda yaşayan türklər tərəfindən əzbərləndi, zikir məclislərində sürətlə böyük mistik həyəcanla illərlə oxundu. Onun Türkiyəyə hicrətindən sonra Şimali Qafqazdan minlərlə insan köçərək Amasiya və ətrafında məskunlaşdı.
Divanı Tiflisdə (1908) və İstanbulda (1883) dərc edilmişdir. Farsca divanı da yenə İstanbulda 1911-ci ildə nəşr olunmuşdur.
Həmzə Nigarinin Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda çox sayda müridi və xəlifəsi olmuşdur. Türkiyə və Azərbaycanda onun nəslindən olan bir çox insan var. Onun xəlifələrindən bəziləri bunlardır: Oğlu Siracəddin əfəndi[3], Hacı Mahmud əfəndi Aslanbəyli, Cəfər Təyyar paşa, Ömər Kəşfi Dağıstani, Ərzurumlu Mehmet Zakir əfəndi, Ərzurumlu Xoca Hafiz Osman Siraci, Mir Seyid Həsən Hüsnü əfəndi Dağıstani, Hacırəhim ağa Dilbazi, Şahnigar Xanım Rəncur, Qazi Osman əfəndi, Hacı Zəkəriyyə əfəndi, Sadi Qarabaği, Hafız Mehmet Kaşif Dağıstani, Trabzonlu Osman Nəfi, Dağıstanlı Rəcəb Haberi, Hacı Teyyub əfəndi, Hacı Mustafa əfəndi, Postlu Hacı Mahmud əfəndi, Amasyalı Payasizadə Hacı Haqqı əfəndi.
Yaradıcılığı
Mir Həmzə Nigari sufi şairdir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Yəhya Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə, Mövlanə Cəlaləddin Rumi və Fəridəddin Əttar[4] kimi şerlərində təsəvvüfi mövzuları işləmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi şairdir. Şeirlərində Allah, peyğəmbər və əhli beyt eşqi və məhəbbəti işlənmişdir. O "vətən sevgisi imandandır" sözünü rəhbər tutaraq Azərbaycan və Qarabağı da şeirlərində yazmışdır.[5]
Hələ 9 yaşında olanda, iddiaya görə, “məna aləmində görüb aşıq olduğu Qarabağ bəyləri nəslinə mənsub və özü kimi eşq əhli” Nigar adlı bir qadına görə şeirlərində “Nigari” təxəllüsünü seçdi.[6]
Vətəni Qarabağa çox böyük məhəbbət bəsləmiş, Türkiyədə olduğu vaxtlar Qarabağa olan həsrətini şeirlərində dilə gətirmişdir. Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şerində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu izdiraba qərq etdiyini ifadə edir.
Simpozium
31 may - 1 iyun 2012-ci ildə MİRAS — Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Mədəniyyət, Sənət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə “Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” keçirilib.[7][8]
2022-ci il mayın 17-19-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa İli”nə həsr edilən V Beynəlxalq Həmzə Nigari Simpoziumu keçirilib.[9][10]
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər