Arkada 23 yanvar 1998 yanvar 1998 Dreamcast 25 mart 1999 30 sentyabr 1999 23 iyun 2000 PlayStation 11 noyabr 1999 27 yanvar 2000 31 yanvar 2000 Origins Collection PlayStation Network 25 sentyabr 2012 10 oktyabr 2012 PlayStation Network 26 sentyabr 2012
Marvel vs. Capcom: Clash of Super Heroes[a] — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinqvideooyunu. "Marvel vs. Capcom" videooyun seriyasındakı 3-cü əsas epizoddur və 1997-ci ildə satışa çıxarılan "Marvel Super Heroes vs. Street Fighter" videooyununun davamıdır. Videooyun ilk dəfə 1998-ci ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. Oyun "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3 və Xbox 360 platformaları üçün yenidən buraxılmışdır.
"Marvel vs. Capcom: Clash of Super Heroes" videooyununun geympleyi və estetikası "Marvel Super Heroes vs. Street Fighter" videooyununa çox oxşayır. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər. Videooyun əvvəlki buraxılışdakı "Street Fighter" heyətinin çoxunu digər "Capcom" franşizalarından olan personajlarla əvəz edir. Əlavə olaraq, videooyunun geympleyinə iki mühüm dəyişiklik edilmişdir: ənənəvi personaj köməyi sistemi və "Dəyişkən çarpaz" hücum fəndinin təqdim edilməsi.
Əvvəlki buraxılışda olduğu kimi "Marvel Super Heroes vs. Street Fighter" videooyunu da geympleyi, kəskin animasiyaları, personaj reyestrinə görə ümumiyyətcə müsbət rəylər almışdır. Oyunun Dreamcast versiyası arkada kimi möhtəşəm bir konversiyasına görə təriflənmişdir. PlayStation konsolunun yaddaş məhdudiyyətlərinə görə, əsas oyunun sürətini və qrafik bütövlüyünu qoruyub-saxlamaq üçün teq-tim döyüşləri portdan yığışdırılmışdır. Bu da portun qarışıq rəylər almasına səbəb olmuşdur. Oyunun sikveli olan "Marvel vs. Capcom 2: New Age of Heroes" 2000-ci ildə buraxılmışdır.
"Marvel vs. Capcom: Clash of Super Heroes" videooyunu "Marvel vs. Capcom" ikiölçülü faytinq videooyunları seriyasının üçüncü buraxılışıdır.[2] Videooyun "Marvel Super Heroes vs. Street Fighter" videooyunundakı eyni təkbətək teq-tim komanda formatından istifadə edir. Burada oyunçular iki döyüşçüdən ibarət komanda seçirlər. Döyüşçülərin hər birinin özlərinə xas sağlamlıq sayğacı var. Matçın başlanğıcında birinci seçilən personaj oyunçu tərəfindən idarə edilir, ikinci seçilən personaj isə ekrandan kənarda, köməkçi personaj rolunu canlandırır. Oyunçu coystik hərəkətlərindən və düymə sıxmaqdan ibarət kombinasiyalardan istifadə edərək müxtəlif döyüş fəndlərini icra etməlidir ki, rəqib komandanın sağlamlıq sayğaclarını tükətsin. Ekrandan kənarda olan personaj yavaşca sağlamlıq sayğacının bir qismini doldurur.[3] Döyüşən personajın sağlamlıq sayğacı tükənirsə, bu zaman ekrandan kənardakı personaj avtomatik olaraq döyüşə daxil olur. Rəqib komandanın hər bir personajının sağlamlıq sayğacını tükədən birinci oyunçu matçın qalibi olur. Əgər vaxtölçən sıfıra çatırsa, bu zaman sağlamlıq sayğacı ən yüksək olan oyunçu matçın qalibi olur.[4]
"Marvel vs. Capcom: Clash of Super Heroes" videooyunu seriyanın əvvəlki buraxılışından iki əhəmiyyətli geympley dəyişikliyinə sahibdir. Videooyunda "Dəyişkən yardım" funksiyası yoxdur, hansı ki, seriyanın əvvəlki buraxılışında təqdim edilmişdir. Bu funksiya ilə oyunçular ekrandan kənarda olan personajlarını hal-hazırda istifadə etdikləri personajları dəyişmədən xüsusi fənd icra etmələri üçün çağıra bilərlər. Oyun bu funksiyası "Qonaq personaj/Xüsusi partnyor" sistemi ilə əvəz etmişdir. Bu sistem texniki baxımdan Dəyişkən yardım funksiyasına oxşasa da, qonaq personajlar matçın əvvəllində ixtiyari şəkildə oyunçuların hər birinə verilir.[5] Onlar həmçinin, hər raundda bir neçə dəfə istifadə edilə bilərlər. "Marvel vs. Capcom: Clash of Super Heroes" videooyunu "Cüt komanda hücumu" adı ilə tanınan "Dəyişkən çarpaz" funksiyasını təqdim etmişdir.[6] Dəyişkən çarpaz funksiyasını həyata keçirən zaman oyunçu qısa bir müddət ərzində idarə etdiyi hər iki personaj ilə rəqibinə hücum edə bilər.[2] Əlavə olaraq, oyunçuya "Hiper kombinasiya kalibri"ndən sonsuz istifadə haqqı verilir. Hiper kombinasiya kalibri oyunçunun müxtəlif xüsusi fənd icra etməsinə imkan yaradan, ekranın aşağısında yerləşən rəngli bir sayğacdır. Bu sayğac dolarsa, oyunçu rəqibə yüksək dərəcədə zərər yetirən müxtəlif hiper kombinasiya fəndini sürətli ardıcıllıqla icra edə bilər.[3][4]
Rejimlər
"Marvel vs. Capcom: Clash of Super Heroes" videooyununun Dreamcast versiyasında beş oyun rejimi var. Onlar: Arkada, Qarşı-qarşıya, Məşq, Sağ qalma və Çarpaz hərarət. Arkada rejimində oyunçular süni intellekt tərəfindən idarə edilən rəqib komandalar dalğası, bir müddət irəlilədikdən sonra isə İks-adamlar komiks seriyasında da görünən boss personaj Qırğına qarşı döyüşürlər.[7] Boss personaj məğlub edildikdən sonra oyunçu hər oyunçu personaja özəl bir videoçarx izləyir. Qarşı-qarşıya rejimində iki oyunçu bir-birləri ilə döyüşməzdən əvvəl öz personajlarını, handikap səviyyələrini və mərhələləri seçə bilər. Məşq rejimində oyunçular passiv kompüter rəqiblərinə qarşı fəndləri və kombinasiyaları məşq edir. Oyunçular bu rejimdə süni intellektin çətinlik səviyyəsini, eləcə də Hiper kombo kalibrindəki zolaqların sayını dəyişdirə bilər.[4] Sağ qalma rejimində oyunçular sonsuz komanda dağlasına qarşı döyüşürlər. Əlavə olaraq, oyunçu personajın sağlamlıq sayğacı növbəti raundlarda da eyni qalır.[5][8] Çarpaz hərarət rejimində dörd oyunçu iki-ikiyə matç formatında bir-birləri ilə döyüşürlər. Oyunun PlayStation versiyasında bu, konsola eksklüziv olan Kross-over rejimi ilə əvəz edilmişdir.[9] Kross-over rejimində oyunçu və rəqibi olan kompüter eyni personajlarla döyüşürlər. Oyunçu matçın qalibi olarsa, kompüter hər iki komandadan bir personajı bir-birləri ilə əvəz edir. Kross-over oyunun PlayStation portunda teq-tim geympleyinə icazə verən yeganə rejimdir. Teq-tim sistemi konsolun yaddaş məhdudiyyətlərinə görə portdan yığışdırılmışdır.[10]
Oyunçu personajlar
"Marvel vs. Capcom: Clash of Super Heroes" videooyununda 15 personajdan ibarət döyüşçü reyestri var.[11] "Capcom" tərəfdən sadəcə "Street Fighter" personajlarından ibarət döyüşçü reyestrinə sahib olan "Marvel Super Heroes vs. Street Fighter" videooyunundan fərqli olaraq, "Marvel vs. Capcom: Clash of Super Heroes" videooyununda "Darkstalkers", "Mega Man" və "Strider" kimi digər "Capcom" franşizalarından personajlar var. Videooyunda "Marvel" və "Capcom" kainatlarından olan 20 qeyri-oyunçu "qonaq" personaj var, hansı ki, döyüş zamanı kömək kimi istifadə olunur.[3][8]
"Marvel Comics" kainatından olan qonaq personajlara Siklop, Cubili və Tor, "Capcom" franşizalarından olan qonaq personajlara isə "Ghosts 'n Goblins" videooyun seriyasından Artur, "Forgotten Worlds" videooyunundan Naməlum əsgər və "Quiz Nanairo Dreams" videooyunundan Saki Omokane aiddir.[3] Həmçinin, personaj reyestrində altı gizli personaj da var. Oyunçu bu personajların kilidi açmaq üçün personaj seçmə ekranında müəyyən kodlar yazmalıdır. Gizli personajlar mövcud personajların fərqli fənd dəstlərinə sahib palitra dəyişikliyidir.[12][13] Məsəlüçün, Kölgə xanım Çun Linin modifikasiya edilmiş versiyasıdır.[14][15] Bu tendesiyaya yeganə istisna "Mega Man" seriyasından olan Rolldur.[13]
"Marvel vs. Capcom: Clash of Super Heroes" videooyununun personaj reyestri belədir:[11]
"Marvel Super Heroes vs. Street Fighter" videooyununda olduğu kimi "Marvel vs. Capcom: Clash of Super Heroes" də ilkin olaraq, "CP System II" arkada sistem lövhəsi üçün istehsal edilmişdir. Oyunun birbaşa Dreamcast portu 1998-ci il "Tokyo Game Show" tədbirində Kompüter Əyləncə Proqram Assosiasiyası tərəfindən anons edilmişdir.[8][16]Dreamcast versiyasına yeni oyun rejimi olan, dörd nəfərlik geympley imkanı yaradan Çarpaz hərarət də əlavə edilmişdir. Oyun daha sonra PlayStation konsoluna portlaşdırılmışdır.[17] Buna baxmayaraq, konsolun RAM ilə bağlı məhdudiyyətləri istehsalçının oyunun müəyyən funksiyalarını yığışdırmasına səbəb olmuşdur. Bunlardan ən diqqət çəkəni də döyüşlərin maksimum dörd nəfərlik yox, iki nəfərlik olmasıdır. Bu, oyunçunun ikinci personajının rolunu qonaq personajlara oxşar bir şəkildə sadəcə bir köməkçiyə çevirmişdir. İstehsalçılar məhdudiyyətlərin əvəzini ödəmək üçün oyunun PlayStation versiyasına Kross-over adlı eksklüziv bir oyun rejimi əlavə etməli olmuşdular. Kross-over rejimində oyunçu və rəqibi olan kompüter eyni personajlarla döyüşürlər. Oyunçu matçın qalibi olarsa, kompüter hər iki komandadan bir personajı bir-birləri ilə əvəz edir.[9][10] Məsəlüçün, əgər birinci oyunçu Ryunu, ikinci oyunçu isə Şimal porsuğunu idarə edirsə, bu zaman birinci oyunçunun partnyoru Şimal porsuğu, ikinci oyunçunun partnyoru isə Ryu olur.[18] Oyunun "PlayStation" portunda Qalereya rejimi də var. Burada oyunun reklam və personajlar üçün nəzərdə tutulmuş rəsm əsərləri, eləcə də oyunun sonluq animasiyaları var.[19] Personajların hərəkət animasiyalarının bir neçə kadrları RAM-dan istifadəni azaltmaq üçün silinmişdir.[20]
"Marvel vs. Capcom: Clash of Super Heroes" 1998-ci ildə Yaponiya və Şimali Amerika arkadalarında debüt etmişdir. Oyun 25 mart 1999-cu ildə Yaponiyada, 7 oktyabr 1999-cu ildə isə Şimali Amerikada Dreamcast konsolu üçün satışa çıxarılmışdır. Oyunun Dreamcast portunun Avropa versiyası "Virgin Interactive" tərəfindən 23 iyun 2000-ci ildə satışa çıxarılmışdır.[5][21] Videooyun 11 noyabr 1999-cu ildə Yaponiyada PlayStation konsolu üçün "Marvel vs. Capcom: Clash of Super Heroes EX Edition" başlığı ilə satışa çıxarılmışdır.[19][22] Oyunun PlayStation versiyası Şimali Amerika və Avropada 2000-ci ilin yanvar ayında satışa çıxarılmışdır.[10][23]
Oyunun yüksək dəqiqlikli versiyası "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir hissəsi olaraq satışa çıxarılmışdır.[24] Arkada ROM-dan istifadə edərək istehsal olunan kompilyasiyaya onlayn multipleyer, çellenclər və təkrarları yaddaşa yazmaq funksiyalarını əlavə edilmiş, ancaq orijinal geympley təcrübəsi qoruyub-saxlanılmışdır.[25] Kompilyasiya PlayStation 3 konsolu üçün 25 sentyabr 2012-ci ildə Şimali Amerikada, 10 oktyabr 2012-ci ildə isə Avropada satışa çıxarılmışdır.[26] Kompilyasiya Xbox 360 üçün 26 sentyabr 2012-ci ildə satışa çıxarılmışdır.[27] "Capcom" şirkətinin "Marvel" ilə lisenziya müqaviləsinin 2013-cü ildə sona çatmasından sonra "Marvel vs. Capcom Origins" 2014-cü ilin dekabr ayında virtual mağazalardan yığışdırılmışdır.[28][29]
Marketinq
"Toy Biz" şirkəti oyunu reklam etmək üçün bir sıra fiqurcuqlar istehsal etmişdir, hansı ki, dörd paket cütündən ibarət idi. Bu paket cütlərinin hərəsində bir "Marvel", bir də "Capcom" personajı var. Paket cütləri belə idi – Kapitan Amerika və Morriqan, Müharibə maşını və Meqa Man, Hörümçək-adam və Addımlayan Hiryu, Venom və Kapitan Kommando.[30]
Qəbul
Tənqidçilərin mövqeyi
Videooyun rəy toplayıcısı "GameRankings" portalına görə, "Marvel vs. Capcom: Clash of Super Heroes" videooyununun həm Dreamcast, həm də ki PlayStation versiyası "müsbət" rəylər almışdır.[31][32]
"Marvel vs. Capcom: Clash of Super Heroes" Dreamcast platformasında satışa çıxarıldıqdan sonra animasiya keyfiyyəti və sürətli geympleyinə görə müsbət rəylər almışdır. "Game Informer" jurnalı oyunu "çapıqsız animasiyası, diqqətdən qaçmayan effektləri və ildırım sürətində olan geympleyi"nə görə tərifləmişdir.[33] Əlavə olaraq, jurnal oyunun Dreamcast versiyasını orijinal arkada versiyasının "qüsursuz tərcüməsi" adlandırıraq tərifləmişdir. "GameSpot" jurnalisti Ceff Gerstmann oyunun vizuallarını və döyüş sistemini tərifləmiş və oyun haqqında yazmışdır: "bu, yuxarıdan baxılan, ultra işıqlı faytinq oyunundan gözləyəciyiniz hər şeydir".[3] Buna baxmayaraq, "Game Revolution" portalının redaktoru oyunda dərinliyin olmadığını düşünmüşdür. O, oyunun Dreamcast portunu oyuna arkada versiyasından fərqli, əhəmiyyətli bir dəyişiklik əlavə etmədiyinə görə tənqid etmişdir.[14]Yaponiyanın "Famitsu" jurnalı oyuna 40 baldan 33 bal vermişdir.[34]
Oyunun PlayStation portu Dreamcast versiyasından fərqli olaraq, bir qədər "qarışıq" rəylər almışdır. "GameSpot" jurnalisti Ceff Gerstmann oyunun bu versiyasını teq-tim döyüşlərini yığışdırdı deyə ağır şəkildə qınamışdır. O, bu məsələ ilə bağlı "port orijinal oyunda olduğu kimi eyni hərəkətlərə sahib olsa da ... həmin hərəkətlərin ətrafındakı qabıq tamamilə fərqlidir" demişdir.[20] "IGN" portalının yazıçısı olan Duqlas K. Perri oyunun PlayStation versiyasını "ortabab" oyun adlandırmış, oyunun geympleyini və oyunçuda daim yaradan marağı tərifləmiş, fəqət döyüş üslubları seçimini və saundtrekini tənqid etmişdir.[10] "GamePro" jurnalı istehsalçının oyunun sürətini və qrafik bütövlüyünü sistemi həddindən artıq dərəcədə yükləmədən qoruyub-saxlamaq üçün müəyyən funksiyaları aradan qaldırmaq qərarını tərifləmiş, lakin oyunun Dreamcast versiyasının bu portdan daha üstün olduğunu vurğulamışdır.[19]
"Marvel vs. Capcom: Clash of Super Heroes" videooyununun sikveli 1 dekabr 1999-cu ildə "Capcom" tərəfindən anons edilmişdir.[35] Oyunun sikveli olan "Marvel vs. Capcom 2: New Age of Heroes" ilkin olaraq, "Sega NAOMI" arkada sistemi üçün istehsal olunmuşdur. Bu, "Capcom" şirkətinin "CP System II" və "CP System III" arkada sistemlərindən kənarda istehsal etdiyi ilk faytinq oyunu olmuşdur.[36][37] "Marvel vs. Capcom 2: New Age of Heroes" videooyununda üçə-üç teq-tim döyüşləri, yeni personaj yardımı sistemi və daha sadələşdirilmiş idarəetmə sxeması kimi bir neçə əhəmiyyətli geympley dəyişikliyi var.[38][39][40] "Marvel vs. Capcom 2: New Age of Heroes" videooyununda 56 personajdan ibarət döyüşçü reyestri var. Bu personajlar yenə "Capcom" franşizalarından və "Marvel" mülklərindən götürülmüşdür.[6][41] Oyun 2000-ci ildə Yaponiya arkadalarında debüt etmiş, daha sonra isə 12 il ərzində Dreamcast, PlayStation 2, PlayStation 3, Xbox, Xbox 360 və iOS platformalarına portlaşdırılmışdır.
Qeydlər
↑yaponca: マーヴル VS. カプコン クラッシュ オブ スーパー ヒーローズ,Hepbörn: Māvuru bāsasu Kapukon: Kurasshu obu Sūpā Hīrōzu?, azərb. Marvel "Capcom"a qarşı: Super qəhrəmanların toqquşma