Birinci Dünya müharibəsinin axırında Macarıstan dövlətinin siyasi quruluşu sürətli və köklü dəyişikliklərə məruz qaldı. Macarıstanın güclü bir parçası olduğu Avstriya-Macarıstan İmperiyası müharibədə məğlub olmuş və dağılmışdır. Qalib Antanta dövlətləri bölgəni ələ keçirmək və buranı Serb-xorvat-sloven dövləti, Çexoslovakiya, Rumıniya Krallığı arasında bölmək üçün əməli addımlar atmağa başladılar. Bunun nəticəsində Macarıstan torpaqlarının üçdə iki hissəsindən və əhalisinin üçdə bir hissəsindən məhrum edildi. Müharibədən sonra mövcud sosial-iqtisadi xarakterli üsyanlar ilə birgə baş vermiş bu itkilər bir çox macarda güclü bir təhqir edilmə və nifrət hissi yaratmışdır.[1]
Belə bir mürəkkəb vəziyyətdə ölkənin və millətin yeni stabil bir hökumət yaratmaq cəhdləri uğursuz oldu. 1919-cu ilin mart ayında Sosial Demokrat-Kommunist koalisiyasından çıxan kommunistlər özlərinə yeni bir hökumət yaratdılar və Macarıstan Sovet Respublikasını qurdular. Macarıstan Kommunist Partiyasının lideri olan Bela Kun həm Sosial Demokrat-Kommunist koalisiyasına rəhbərlik edirdi, həm də ölkədə real söz sahibinə çevrilmişdi. Kun hökuməti dörd aydan az bir müddət ərzində hakimiyyətdə qalmış və Rumıniyanın Macarıstanı işğalı ilə hakimiyyəti sona çatmışdır. Bu dövrdə siyasi gərginlik və rəqiblərə təzyiq pik həddə çatmış, Qırmızı terror olaraq adlanan hadisələr baş verərək, çoxsaylı həbslərə və edamlara səbəb olmuşdur. Qeyd edilən zaman kəsiyində, Macarıstan Slovakiya və Transilvaniyanı zəbt etməyə çalışmış, ancaq buna cavab olaraq Rumıniya ordusu Macarıstanı işğal etmiş və 1919-cu ilin avqust ayında Budapeşti tutmuşdur. İşğaldan sonra Bela Kun da daxil olmaqla bir çox Macarıstan kommunisti mühacir həyatı yaşamağa başladı.