MacarıstanAvroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 17 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Macarıstan həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Macarıstan müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Friderika Bayer ifa etdiyi "Kinek mondjam el vétkeimet?" mahnısı ilə dördüncü yeri qazanmışdır. Bundan başqa isə Macarıstan bir daha 2014-cü ildə Andras Kallay-Saundersin ifa etdiyi "Running" mahnısı ilə müsabiqədə ilk beşlikdə yer almışdır.
Macarıstan göstərdiyi zəif nəticələr səbəbindən 1996 və 1999-cu illərdə müsabiqədən kənarlaşdırılmışdır. Kənarlaşdırılmanın müddəti bir il olsa da, Macarıstan iştirakdan imtina edərək bir daha müsabiqəyə 2005-ci ildə geri dönmüşdür.