Laos bayrağı — Laos dövlətinin rəsmi dövlət bayrağı. 2 dekabr 1975-ci ildə qəbul olunmuşdur. Bundan əvvəl qısa müddətliyinə Lao İssara hökuməti və Patet Lao tərəfindən istifadə olunmuşdur.
Bayraq 3 horizontal zolaqdan ibarətdir: ortada göy zolaq, yuxarı və aşağıda qırmızı zolaqlar. Bu göy zolağın içində onun hündürlüyünün 8/10-nu təşkil edən ağ disk təsvir olunmuşdur. Bayrağın proporsiyası 2:3 şəklindədir. Bu bayraq ölkə xalq respublikasına çevriləndə qəbul olunmuşdur. Bu bayraq dünyada beşguşəli ulduz təsvir olunmayan yeganə sosialist bayraqdır.
Bu bayraqdan əvvəl qırmızı fonda çətirin altında, oturacağın üzərində dayanan üçbaşlı fil təsvir olunan bayraqdan istifadə olunmuşdur. Bu ölkənin XIX əsrdə ölkənin qədim adını ifadə edirdi: "Milyon fillər ölkəsi". 1953-cü ildə kral hökuməti indiki bayraqdan istifadə edən Patat Lao ilə mübarizə aparmağa başlamışdı.
1973-75-ci illərdə yeni hökumət formalaşanda indiki yeni bayraq qəbul olunmuşdur. Ortadakı ağ disk Laos Xalq İnqilab Partiyası altında toplaşan insanları və ölkənin parlaq gələcəyini simvolizə edir. Bu dairə həm də Mekonq çayında ayın əksini ifadə edir. İki qırmızı zolaq insanların azadlıq mübarizəsi uğrunda tökdükləri qanları, göy zolaq isə firavanlığı göstərir.
Tarixi
1952–1975-ci illərdə kral hakimiyyətinin sonuna qədər qırmızı fon üzərində üçbaşlı fil — Ayravata təsvir olunmuş bayraqdan istifadə olunmuşdur. Bu fil 9 qatlı çətirin altında 5 mərtəbəli oturacaqda dayanır. Ağ fil cənub-şərqi Asiyada kral hakimiyyətinin rəmzi olmuşdur. Üç baş isə ölkəni formalaşdıran 3 krallığı — Vyetnay, Luanqprabanq və Çampasak krallıqlarını simvolizə edir.
9 qatlı çətir də kral simvolu olub mənşəyi Buddist astrologiyasındakı Sumeri dünyasından qaynaqlanır. 5 mərtəbəli oturacaq ölkənin söykəndiyi qanunları ifadə edir.