Behbudov Lütfəli bəy Rəhim bəy oğlu (1877, Şuşa – 1918) — mühəndis, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvü.
Lütfəli bəy Behbudov 1877-ci ildə Şuşa qəzasının Bayat kəndində anadan olmuşdu. Bəzi mənbələrdə onun adı Niftalı bəy kimi də qeyd edilir. Sankt-Peterburq şəhərində Dağ-Mədən Akademiyasını bitirmişdi. 1903-cü ildən Hacı Zeynalabdin Tağıyevin şirkətində mühəndis, sonra müdir işləmişdi. 1911-ci ildə Hacıyla arası dəymiş, məhkəməyə müraciət etmişdi.[1] Hacı Zeynalabdin onun acığına bütün qarabağlıları işdən çıxarmışdı.
Əbdürrəhim bəy Haqverdiyev tərcüməyi-halında yazır: 1911-ci sənədə "Tağıyev-Behbudov" keyfiyyətindən dolayı qulluqdan olan qarabağlıları və o cümlədən məni paraxodstvadan xaric etdilər (Bu xüsusda əlimdə indi də sənəd var).[2]
Lütfəli bəy 1911-ci ildə "Kürətan" adlı aksioner cəmiyyət yaradıb ona başçılıq etmişdi. Zaqafqaziya Seymində poçt-teleqraf naziri işləmişdi. 1918-ci ildə ermənilər tərəfindən öldürülmüşdü.
Lütfəli bəy tatar knyaginyası Leyla xanımla evlənmişdi. Dilarə bəyim, Pəri bəyim və Leyla bəyim adlı qızları vardı.