Sahəsi və sərhədləri
Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt cənub və cənub-qərbdə Səudiyyə Ərəbistanı (250 km), şimal və şimal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 km məsafədə İran körfəzinin suları ilə əhatələnir. Sərhədin ümumi uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən qərbə doğru isə təqribən 170 km məsafədə uzanır. İran körfəzinin Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları ölkənin tərkibinə daxildir.[1]
Rəsmi məlumatlara görə ölkənin ərazisi 17,8 min km², əsasən ərəb mənbələrinə görə isə 20,2–20,7 min km² təşkil edir. Belə fərq Küveytin Səudiyyə Ərəbistanı və İraq ilə dəqiq sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına qədər Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir sıra sərhəd ərazilərini özünün hesab edirdi. Məsələ ondadır ki, Küveyt və Səudiyyə Ərəbistanının köçəri əhalisi bu mübahisəli ərazilərin otlaq sahələrindən və içməli su mənbələrindən daima birlikdə istifadə edirdilər.[2]
Hələ 1922-ci ildə Küveytin, İraqın və Nəcdin (indiki Səudiyyə Ərəbistanının bir əyaləti) nümayəndələri arasında sərhəd ziddiyyətlərinin nizama salınması məqsədi ilə danışıqlar keçirilmişdir. Bu danışıqlara görə Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sahəsi 5,7 min km² olan xüsusi "keçid" bölgəsi yaradılmışdır.[3]
1942-ci ilə qədər bu bölgə "Bitərəf bölgə" adlandırılırdı. Bitərəf bölgədə zəngin neft yataqları aşkar edildikdən sonra bu ərazilər uğrunda mübahisələr yenidən qızışır. Yalnız 1969-cu ildə Səudiyyə Ərəbistanı ilə Küveyt arasında çətin və uzun sürən danışıqlardan sonra hər iki dövlətin nümayəndələri "Bitərəf bölgə"nin bölüşdürülməsi qərarına gəlmişlər.[4]
Küveyt və İraq arasında da sərhəd mübahisələri mövcuddur. Bu mübahisələr nəinki İraq və Küveyt arasında münasibətləri kəskinləşdirmiş, hətta silahlı toqquşmalara səbəb olmuşdur. Məsələn, 1973-cü ildə İraq qoşunları Umm-Qəsr limanı yaxınlığında yerləşən Küveyt ərazisinin bir hissəsini işğal etmişlər. İraq həm də Umm-Qəsr hərbi-dəniz bazasının girəcəyinə yaxın yerləşən Vərba və Bubiyan adalarının ona məxsus olduğunu iddia edir. Bu sərhəd münaqişələri, həm də İraq ilə Küveyt arasında mövcud olan başqa problem məsələlər 1990-cı ilin avqustunda daha kəskin xarakter almış və müharibə ilə nəticələnmişdir.[5]
Ərazi mübahisələri Küveyt ilə İran arasında da mövcuddur. İran Auxa və Kubbar adalarının ona məxsus olduğunu iddia edir. Eyni zamanda qitə şelfi və məhəlli sulardan istifadə edilməsi məsələlərində də region dövlətləri arasında mübahisələr var.[6]
Küveyt relyefi
Küveytin səthi qumlu və daşlı (xüsusilə qərbdə) səhralarla örtülüdür. Çox da yüksək olmayan səhra yaylası şərqə doğru getdikcə alçalır, sahil xəttində isə bataqlaşmış ovalıqlara çevrilir. Ovalığın ayrı-ayrı hissələri, dəniz sularının buxarlanması nəticəsində əmələ gələn şoranlıqlar ilə tutulmuşdur. Səth quruluşuna görə ölkə ərazisi materik yüksəkliyi, mərkəzi təpəliklər və sahil düzənliyi təbii bölgələrinə ayrılır.[7]
Materik yüksəkliyi təbii bölgəsi dəniz səviyyəsindən 200–300 m hündürlükdə olub, ölkənin cənub-qərbini əhatə edir. Materik yüksəkliyi şimal-qərbdə İraq sərhəddinə qədər uzanan əl-Batin vadisinə qovuşur.
Mərkəzi təpəliklər təbii bölgəsi nisbətən geniş sahəni əhatə edərək şimal-qərbdən cənub-şərq istiqamətində uzanır. Bu isə hündürlüyü 25–30 m olan maili təpəliklər və çox saylı quru vadilər ilə səciyyələnir. Mərkəzi təpəliklər təbii bölgəsi cənub-şərqdə qumlu sahillərlə əvəz olunur.[8]
Sahil düzənliyi təbii bölgəsi Səudiyyə Ərəbistanı ərazisində yerləşən əl-Həsa ovalığının davamıdır. Düzənliyin səthi qumla örtülüdür, sahil xətti kəskin parçalanmışdır. Qabarma vaxtı düzənliyin xeyli hissəsini su basır, Küveyt körfəzi sahillərindən şimalda isə geniş sahədə şoranlıq əmələ gəlmişdir.
Təbii ehtiyatları
Geoloji baxımdan Küveyt ərazisi Ərəbistan platformasının bir hissəsidir. Bu ərazilərdə zəngin neft-qaz ehtiyatı toplanmışdır. Neft ehtiyatına görə (13,0 mlrd. t, dünya ehtiyatının 10 faizi) Küveyt region ölkələri arasında Səudiyyə Ərəbistanı İran və İraqdan sonra dördüncü yeri tutur. Müasir neftçıxarmanın səviyyəsi olduğu kimi qalsa belə onun ehtiyatı ölkəyə 180–200 ilə çatar.
Neft ölkənin cənub (Böyük Burhan, Minaqiş, Vəfra yataqları) və şimal (Raudateyn, Bəhrə, Muğribə) bölgələrində çıxarılır. Ehtiyatına görə ikinci böyük sərvəti təbii qaz olsa da, bəzi hallarda təbii qaza olan daxili ehtiyacını idxalat hesabına ödəyir. Küveytin digər təbii sərvətləri zəif öyrənilmişdir. Neft kəşfiyyatı zamanı kvars qumları, təbii asfalt, əhəngdaşı və s. aşkar edilmişdir.[9]
İqlimi və hidroqrafiyası
Subtropik zonada yerləşən Küveytin iqlimi üçün il boyu yüksək temperatur və yağıntıların az düşməsi səciyyəvidir. Yanvar ayının orta temperaturu müsbət 110C, iyulunki isə 340C-dir. Qışda orta aylıq temperatur 5–13 dərəcə arasında tərəddüd edir. Nadir hallarda temperatur 00C-yə enir. Şimal-qərb küləklərinin rütubətli cənub-qərb küləkləri ilə əvəz olunduğu hallarda isə qış aylarında temperatur 200C-dən yuxarı olur. Baharda Küveyt üzərində əs-Suheyl adlanan isti cənub-qərb küləkləri hakim olan zaman havanın temperaturu 400C-dək yüksəlir. Bir neçə saat davam edən bu küləklər zamanı göyün üzü qum və toz buluduna bürünür.
Yazın axırlarında yerli əhalinin "Əs-Sarayt" adlandırdığı qum tufanları baş verir. Günün ikinci yarısı və çox zaman gecə başlayan bu tufanlardan sonra qısa müddətli leysan yağışlar yağır. Yay fəslinin əvvəlləri çox quraq keçir. Yay mövsümündə Ərəbistan yarımadasının səhra və yarımsəhralarından əsən səmum* küləkləri narın qumları və tozu havaya qaldıraraq İran körfəzi sahillərinə qovur və temperaturu 44–460C, bəzən isə 50 dərəcəyədək qaldırır. Səmum küləkləri əsərkən Küveytdə dövlət müəssisə və idarələri ancaq səhər və axşam, hava nisbətən sərin olan vaxtlarda işləyirlər. Yayın axırlarında Küveyt üzərində şərq və cənub-şərq küləkləri hakim olur və havada mütləq rütubətlilik artır. Payızda havalar sərinləşməyə başlayır və temperatur 20–25 dərəcə arasında dəyişir. Küveytə yağıntı nadir hallarda düşür və illik miqdarı 100–200 mm-dən artıq olmur. Yağmursuz keçən illərdə isə 30 mm yağıntı düşür. Yağıntıların fəsillər üzrə paylanmasında da fərqlər böyükdür. Yağıntılar əsasən qış mövsümündə olur. Bəzən il boyu düşən yağıntı cəmi bir neçə günün ərzində düşür.
Küveyt yerüstü sulardan məhrum olan ölkələrdəndir. Ölkədə yalnız qış mövsümündə müvəqqəti axara malik vadilər mövcud olur. Yağmursuz dövrlərdə vadilər tamamilə quruyur. Küveytə içməli su uzun illər İraqdan axan Şətt-əl-Ərəb çayından xüsusi qayıqlarla daşınırdı. Əhalinin içməli suya olan tələbatı artdıqca onun müntəzəm daşınması çətinləşirdi. Küveyt yeraltı sularla zəngindir. Yerli əhalinin yeraltı sulardan istifadə vərdişlərinin olmasına baxmayaraq bu suların həddindən artıq duzlu olması onun istər məişətdə, istərsə də suvarmada istifadə olunmasını məhdudlaşdırır. Qızmar iqlim və suyun çatışmaması çox qədimlərdən İran körfəzi sahilində belə bir xalq məsələnin geniş yayılmasına səbəb olmuşdur: "Duzlu suyu olan çay bir səhəng içməli sudan ucuzdur". Hazırda müasir texnoloji üsullarla İran körfəzi sahillərində dəniz suyunun təmizləməklə əhalinin və təsərrüfatın suya olan ehtiyacı ödənilir.
Torpaq, bitki örtüyü
İqlimin quraq, su ehtiyatının məhdud olması ölkədə torpaq və bitki örtüyünün zəif inkişaf etməsinə səbəb olmuşdur. Şimalda çınqıllı, mərkəz və cənub bölgələrində qumlu səhra torpaqları yayılmışdır. Yeraltı suların səthə çıxdığı yerlərdə – vahələrdə xurma ağacları üstünlük təşkil edir. Səhralarda dəvətikanı, yovşan, dəvəqulağı (süpürgə), sahil zonada yulğun bitir. Küveytdə akasiyanın müxtəlif növləri və curcub geniş yayılmışdır. Səhraların flora aləmi qış mövsümündə simasını tamamilə dəyişir və qum üzərində "yaşıl xalça" kimi sərilir. Səhranın əlvan güllər açan ot bitkiləri (efemerlər) cəmi 5–6 həftə ömür sürür və günəş şüalarının yandırıcı təsiri ilə quruyur.
Fauna aləmi kasıbdır. İran körfəzi sahili ovalığında çəyirtkə və quşlar çoxdur. Kənd təsərrüfatına böyük ziyan verən çəyirtkələrin yayılmasının qarşısı müxtəlif kimyəvi maddələrin tətbiqi ilə alınır.
Küveytin sahil suları balıqla zəngindir. İran körfəzində mollyusk, xərçəng də ovlanır. Küveyt təbiətinin qeydinə qalan, ona biganə olmayan dövlətdir. Səhra landşaftı ekoloji baxımdan çox həssas və tez pozulan bir landşaft olduğundan ona qarşı daima diqqətli olmaq lazımdır.
Körfəzdə baş vermiş müharibələr, xüsusilə İraqla müharibə nəticəsində başqa sahələrdə olduğu kimi ekologiya sahəsinə böyük ziyan dəymişdir. Dövlət bu ziyanı aradan qaldırmaq üçün müəyyən tədbirlər həyata keçirir.[10]
Ədəbiyyat
- Soltanova H. B., Məmmədov C. A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
İstinadlar
- ↑ Жебрак Б.А. Экономическая география зарубежных стран : учеб. пособие. М.: ГУУ, 2003.
- ↑ Арабские страны. Проблемы социально-экономического и общественно-политического развития. — М., 1995.
- ↑ Ближний Восток и современность. — М., 1997.
- ↑ Александров И.А. Монархии Персидского залива: Этап модернизации. — М. — 2000.
- ↑ Жданов С.В. Арабские страны в мировой экономике. М.: Панорама, 2006.
- ↑ Социально-экономическая география зарубежного мира. — Москва: Дрофа. — 2005.
- ↑ Страны и регионы мира. Экономико-статистический справочник под ред. А.С.Булатова. М.: Проспект, 2005.
- ↑ Экономическая, социальная и политическая география мира.
Регионы и страны. — М.: Гардарики, 2002
- ↑ В.П.Максаковский – Историческая география мира. – М.,Екопрос,1999.
- ↑ Экономическая география стран Ближнего и Среднего Востока." Просвещение" Москва,1969.
Xarici keçidlər