"Harri Potter və Fəlsəfə Daşı" (ABŞ, Hindistan və Pakistanda "Harri Potter və Sehrbaz Daşı") film musiqisi albomu 30 oktyabr 2001-ci ildə satışa çıxarılmışdır.
Film musiqisi Con Vilyams tərəfindən yazılmış və səsyazma zamanı orkestra rəhbərliyi də bəstəkar özü etmişdir. Con Vilyams tərəfindən bəstələnmiş musiqi, 74-cü Oskar Mükafatlarının təqdim edilməsi mərasimində Ən Yaxşı Orijinal Film Musiqisi Nominasiyasında mükafata namizəd göstərilmişdir.
Film musiqisinə bir çox xarakterlərə xas mövzular (leytmotiv) daxildir ki, onların da bəzilər sonrakı filmlərdə də, xüsusilə "Sirrli otaq" filmində istifadə olunmuşdur. Həmin mövzulara iki Voldemort mövzusu, iki Hoqvarts mövzusu, Çəp xiyaban mövzusu, Qviddiç mövzusu, uçuş mövzusu, dostluq mövzusu və filmin əsas mövzusu ("Hedwig's Theme") daxildir. Əsas mövzu Harri Potter filmlər seriyasına daxil olan bütün filmlərdə, demək olar ki, dəyişilməz şəkildə istifadə edilmişdir. 14 dekabr 2001-ci ildə film musiqisi albomu "Canadian Recording Industry Association" tərəfindən qızıl sertifikata (50.000 satış göstəricisi ilə) layiq görülmüşdür.[1] "Recording Industry Association of Japan" da albomu qızıl sertifikata (100.000 satış göstəricisi ilə) layiq görmüşdür.[2]
Film musiqisi Londondakı "Air Lyndhurst Studios" və "Abbey Road Studios"da yazılmışdır. Billboard 200 hit-paradında 48-ci yerdın daxil olan albom "Top Soundtracks Chart"da ikinci yerə kimi yüksələ bilmişdir.[3]
"Hedwig's Theme" filmlər seriyasının leytmotividir.. Tez-tez filmlər seriyasının əsas musiqi mövzusu adlandırılan bu mövzu "Harri Potter və Fəlsəfə Daşı" film musiqisi albomuna "Prologue" adı ilə daxil olmuşdur. Həmin musiqinin konsert aranjimanı həm də filmin titrlərində istifadə olunub. "Hedwig's Theme" Harri Potter filmlər seriyasının film musiqisi Patrik Doyl, Nikolas Huper və Aleksadr Desplat tərəfindən bəstələnmiş filmlərində də əsas leitmotiv mövzu kimi istifadə olunmuşdur. Bu musiqi həmçinin, musiqisi Ceyms Hanniqan tərəfindən bəstələnmiş dörd Harri Potter video-oyunlarında da istifadə olunmuşdur. Populyar mədəniyyətdə xüsusi status qazanan "Hedwig's Theme" rinqton, treyler musiqisi və digər multimedia formalarında geniş yayılmışdır.