Gülağa Allahverdi oğlu Məmmədov (28 iyun 1925, Lənkəran, Lənkəran qəzası – 7 iyun 1994, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1982).
Həyatı
Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb.
Uşaqlıqdan musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.
Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun "Səni gördüm, aşiq oldum" ariyası böyük alqışlarla qarşılanır.
Gülağa 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada təhsil alır. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. "Arşın mal alan", "Beşmanatlıq gəlin" və digər tamaşalarda baş rolları oynayır, lakin bir neçə ildən sonra teatrdan ayrılır. Konservatoriyada oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənmişdi. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus olurdu, çünki Səid Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən Gülağa Məmmədov olub.
Gülağa Məmmədov 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrləriylə birgə çıxışlar edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.
İrsi
Ölümündən sonra, 2002-ci ildə "Azərbaycantelefilm" şirkəti Gülağa Məmmədov haqqında qısametrajlı sənədli televiziya filmi çəkib. Bakıda çəkilən Filmdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin videoarxiv materiallarından istifadə olunmuşdur. Filmdə "Dəli Kür" filmindəki kadrlardan istifadə edilmişdir. Filmin ssenari müəllifi Kamil Şahverdi, rejissor Elçin Musaoğlu, operator Elxan Nəbiyevdir. Filmdə bəstəkar Vaqif Mustafazadənin musiqisindən istifadə olunub. Filmdə Gülağa Məmmədovun həyat yoldaşı Aliyə Məmmədova, qızı Gülarə, nəvəsi Ramiz də iştirak edib.[1].
Mükafatları
Filmoqrafiya
Canlı ifasindan nümunələr
İstinadlar