Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir.
Sovet dönəmində Ermənistan inkişaf etmiş sənayeyə malik bir respublika idi. Kimya, maşınqayırma, elektronika, yeyinti sənayesi və toxuculuq bu ölkədə çox yüksək dərəcədə inkişaf etmişdi. Lakin bu sənaye sahələrinin əksəriyyəti xaricdən gələn xammaldan asılı idi. Kənd təsərrüfatı həm işçi sayına görə, həm də istehsal miqdarına görə iqtisadiyyatda 20%-lik həcmə malik idi. Sovet İmperiyasının dağılması nəticəsində Ermənistanda çalışan bir çox müəssisələr öz fəaliyyətini dayandırdı. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan əhalinin miqdarı 40%-ə, kənd təsərrüfatı məhsullarının ÜDM-də payı isə 30%-ə qalxdı. Bundan başqa Qarabağ müharibəsi nəticəsində ölkə iqtisadiyyatına ağır zərbə dəydi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması qonşu Azərbaycan və Türkiyənin Ermənistanla olan sərhədlərini bağlaması ilə nəticələndi. Bundan başqa qonşu Gürcüstanın da Ermənistana gedən mallara yüksək tranzit haqqı tətbiq etməsi də (Gürcüstan Ermənistana gedən mallar üçün Azərbaycana gedən mallara tətbiq etdiyi tranzit haqqından iki dəfə yüksək vergi tətbiq edir) Ermənistan iqtisadiyyatında olan tənəzzülü dərinləşdirirdi. Digər tərəfdən Ermənistan özünün ən yaxın iqtisadi tərəfdaşı olan Rusiya ilə yerüstü əlaqəyə malik deyildi. Gürcüstanla Rusiya arasındakı münasibətlərin gərginləşməsi nəticəsində Rusiyanın Gürcüstanla olan sərhədini 2006-cı ildə bağlaması da Ermənistanın blokada vəziyyətini daha da dərinləşdirdi. Bununla belə Ermənistan rəhbərliyi iqtisadiyyatda olan çətinliklərdən çıxış yolu kimi ölkədəki sənaye müəssisələrini Rusiyaya təhvil verməklə həll etməyə çalışırdı. Rusiya isə bunun qarşılığında Ermənistanın dövlət borcunun bir hissəsini ləğv edirdi. Rusiyanın idarəçiliyinə verilmiş iri sənaye müəssisələri Metsamor Atom Elektrik Stansiyası, Ermənistan Dəmir Yolları Konserni, Razdan İstilik Elektrik Stansiyası, İrəvanda yerləşən (fəaliyyətdə olmayan) Mars Elekronika və Robot Zavodu, Ermənistanın qazpaylayıcı şəbəkəsi olan ArmRosQazprom şirkəti və digər sənaye müəssisələridir. Lakin 2008-ci ildə dünyada baş vermiş iqtisadi böhran Ermənistan iqtisadiyyatında qəfil tənəzzül yaratdı. ÜDM 2009-cu ildə 15% azaldı. Həmin ildə Ermənistan ÜDM azalmasına görə dünyada ikinci yeri tutmuşdu. Ölkədəki bir çox müəssisələr işini dayandırdı, fəaliyyətdə olan müəssisələr isə ziyanla işləməkdə idi. Buna görə də Rusiya Ermənistanın ziyanla işləyən sənaye müəssisələrini borc əvəzində əldə etmək təkliflərindən imtina etdi. Nəticədə ölkədəki bir çox sənaye müəssisələri iflas etməyə başladı. 2010-cu ildə Ermənistandakı ən böyük kimya zavodu olan Nairit borclara görə öz fəaliyyətini dayandırdı.[4] 2011-ci ildə dünyadakı nüfuzlu Forbes jurnalı Ermənistanı dünyada ən pis iqtisadiyyata malik ölkələr siyahısında ikinci yerdə göstərdi.[5]
Ermənistan iqtisadiyyatı çox böyük ölçüdə xaricdəki ermənilərin ölkəyə göndərdiyi yardımlardan və investisiyalardan asılıdır. ABŞ, Avropa Birliyi, Rusiya hökümətləri, eləcə erməni diasporu hər il Ermənistana yüz milyonlarla dollar yardım edirlər. Təkcə ABŞ dövləti Ermənistana müstəqillik qazandıqdan sonra indiyə kimi 2 milyard ABŞ dolları dəyərində yardım edib.[6]
Ermənistan təbii ehtiyatlardan filizlərlə nisbətən zəngin ölkədir. Ölkədə qurğuşun, qızıl, mis, molibden və sink ehtiyatları var. Ölkədə istehsal olunan elektrik enerjisinin böyük hissəsi Metsamor Atom Elektrik Stansiyasında istehsal olunur (təxminən 40%).
2019 Statistikası
2019-cu ildə Ermənistan iqtisadiyyatının artım tempi təxminən 7,6% olub. Onun böyük hissəsi (5,2%) xidmət sektorunun (əsasən avtomobil idxalına) payına və yalnız 1,9% isə sənayenin payına düşüb. 2019-cu ildə emal sənayesi (5%) xammal sənayesindən (4,1%) daha sürətlə artıb.[7] 2019-cu ildə Ermənistandan ixracat isə 10,3% artıb.[8]
Ermənistanın xarici ticarət dövriyyəsinin ümumi payının 27%-i, birbaşa investisiyaların ümumi həcminin isə 51%-i Rusiyanın payına düşür. Bundan başqa, Ermənistana xaricdən pul köçürmələrinin 61%-i də Rusiyadan gəlir.[9]
İşsizlik
Əmək qabiliyyətli əhalinin sayı 1.380.405 nəfərdir. Rəsmi məlumatlara görə, 2019-cu ilin sonuna olan məlumata əsasən, Ermənistanda 202 mindən çox işsiz qeydə alınıb. Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin aprelində əlavə 71.471 iş yerinin bağlandı.[10]