Dünyaların ən yaxşıları (ing.Worlds Finest) – “Supergörl” teleserialının CBS telekanalında yayımlanmış birinci mövsümünün 28 mart 2016-cı ildə efirə verilmiş on səkkizinci seriyası. Seriyanın ssenarisi Endryu Kraysberq və Maykl Qrassi tərəfindən yazılmış, rejissor kürsüsüni isə Nik Qomez tutmuşdur.
Seriyada The CW telekanalında yayımlanan “Fleş” teleserialının (həmçinin Qreq Berlanti və Endryu Kraysberq tərəfindən yaradılmış və inkişaf etdirilmişdir) əsas personajı iştirak etmiş və beləliklə də, “Dünyaların ən yaxşıları”Ox Kainatı personajının iştirak etdiyi ilk “Supergörl” seriyası, Barri Allen isə serialın The CW telekanalına keçməsindən əvvəl “Supergörl”də rol almış ilk personaj olmuşdur. Seriyanın hadisələri “Fleş” teleserialının II mövsümünün “Versus Zoom” adlı seriyası ilə əlaqəlidir.
Seriyada Melissa Benoyst daha əvvəl “Xor” serialında birlikdə rol aldığı Barri Allen rolunun ifaçısı Qrant Qastinlə yenidən birləşmişdir. Seriya, SupermeninFleş də daxil olmaqla digər DC qəhrəmanları ilə bir komandada birləşdiyi “World's Finest Comics” seriyasından ilhamlanaraq yaradılmışdır.
Kara özünü Ceymslə necə aparmağı bilmir, Ket ona daha passiv mövqe tutub Ceymsin müstəqil qərar verməsinə imkan yaratmağı məsləhət görür. O, həm də qırmızı kriptonitin təsiri altında etdiklərinə görə şəhər sakinlərinin gözündə günahını necə yumağı bilmir. Heç kimin ona kömək edə bilməyəcəyini anlayan Şivon D.E.O.-nu tərk edir, lakin, qəzəbi onu işdən çıxarılmasına görə qisas almaq üçün yenidən işə gələrək Karanı öldürməyə məcbur edir. Onun buraxdığı səs dalğası Karanı göydələnin pəncərəsindən aşağı atır.
Bu andaca Supergörlün kainatında Fleş peyda olur. Pəncərədən yıxılan qızı görən Barri binanın fasadı ilə qaçaraq onu göyrə tutur və şəhər kənarına qaçırır. Daha sonra onlar hər ikisi bir-birinin güclərinə təəccüblənirlər. Başqa bir dünyaya düşdüyünü anlayan və bu dünyada heç kimin Fleş, Yaşıl Ox, Qara bülbül, Alov fırtınası və ya Zum haqqında heç nə eşitmədiyini başa düşən Barri, kimliyi haqqında sirri Karaya açır.
Kara Barrini Ceyms və Uinn ilə tanış edir. Barri isə öz növbəsində yadplanetlilərin mövcudluğuna və Karanın yadplanetli olmasına təəcüblənir. Şivon xalasını ziyarət edir və onun sözlərindən bəlli olur ki, ailə üzərində banşi lənəti var. Lənətdən xilas olmaq üçün isə nifrət obyektini öldürmək lazımdır, Şivonun nifrət obyekti isə Karadır. Supergörlün həmişə Karanı xilas edəcəyini başa düşən Şivon ilk növbədə qəhrəmanı aradan qaldırmağa qərar verir. Bunun üçün o, Leslini D.E.O. kamerasından azad edir və birlikdə çalışmağı təklif edir.
Leslinin köməkliyi ilə imicini dəyişən Şivon Gümüş banşi ləqəbli cinayətkara çevrilir. Barri elmi bilikləri sayəsində D.E.O.-ya Leslinin yerini müəyyənləşdirməyə kömək edir. Plan qurmaq əvəzinə Kara, Barriyə yerində qərar verməyi təklif edir. Onlar cinayətkarların olduğu anbara gəlir, lakin, heç biri düşmənin öhdəsindən gələ bilmədiyinə görə qaçmalı olurlar. Ceymsin Karanı Barriyə qısqandığını anlayan Ket, qıza bu yolda irəliləməyi məsləhət görür. Lesli və Şivon Keti qaçıraraq qəhrəmanlarla parkda görüş təyin edirlər. Qəhrəmanlar görüş yerinə gəlsələr də, cinayətkarlar yenidən güclü çıxırlar. Barrini zərərsizləşdirən Lesli verolyotu salmağa çalışsa da, Kara uçaraq zərbəni özünə götürür. Bunu görən şəhər sakinləri yenidən superqəhrəmanın tərəfini tutaraq onu əhatə edir və cinayətkarların ona ziyan vurmasına imkan vermirlər.
Yanğınsöndürənlər suvuranlarla Leslini zərərsizləşdirirlər, Şivonun qarşısını isə elektroşokla alırlar. Barrinin köməkliyi ilə şəhər həbsxanasında metainsanları saxlamağa qadir olan kameralar yaradılır. Kara və Barri sağollaşırlar. Barrinin öz dünyasına qayıtması üçün lazım olan sürətə çatmasında Kara köməklik göstərir. Kara Ceymsi evə dəvət edir və onlar öpüşürlər. Lakin, Ceyms və bütün şəhər sakinləri küçəyə çıxaraq zombi kimi naməlum istiqamətə getməyə başlayır. Məlum olur ki, bu Nonun işidir.
İnkişaf
2016-cı ilin fevralında Qastinin, “Supergörl” serialının on səkkizinci seriyasında rol alacağı elan edilir, serialın prodüserləri isə fanatlar və jurnalistlərə təşəkkür edərək bu krossoverin reallaşmasında göstərdikləri dəstəyə görə təşəkkür bildirirlər.[1] O zaman seriyanın ssenarisi ilə bağlı heç bir məlumat verilməsə də, “Deadline Hollywood”dan Ross A. Linkoln hadisələrin Barrinin dünyalar arasında səyahət etmə bacarığı ilə əlaqəli ola biləcəyini qeyd edərək, Supergörlün Ox və Fleşlə eyni dünyada deyil, multikainata aid dünyalardan birincə yaşamış ola biləcəyini deyir.[2]“Dünya-2-yə xoş gəlmisiniz” seriyasında Benoystun Supergörl obrazında təqdim edilməsi ilə bu ehtimal təsdiqlənir.[3]“Ox”un yaradıcılarından biri olan Mark Quqqenheym Supergörlün yaşadığı dünyanı qeyri-rəsmi şəkildə Dünya-CBS adlandırır.[4]
28 mart 2016-cı ildə CBS telekanalında yayımlanmış “Dünyanın ən yaxşıları” adlı krossover seriyasında Supergörlün alternatic dünyada yaşadığı göstərilir, buraya gələn Fleş, Gümüş Banşi və Layvayrla mübarizədə Karaya kömək edir, Kara isə öz növbəsində Fleşin geri qayıtmasına dəstək olur.[5] Seriyanın adı Fleş də daxil olmaqla bir çox DC Comics personajlarını Supermen ətrafında birləşdirən “World's Finest Comics” seriyasının adından götürülmüşdür. Krossover seriyasının hadisələri “Fleş”in ikinci mövsümünün “Zuma qarşı” seriyasındakı iki hadisə arasında baş verir.[6][7][8] Çəkilişləri Vankuverdə baş tutuan “Ox”, “Fleş” və “Sabahın əfsanələri” seriallarından fərqli olaraq “Supergörl” serialının çəkilişi Los-Ancelesdə keçirildiyinə görə, bu krossoverin hazırlanmasına Ox Kainatı krossoverlərinin hazırlanmasına sərf edildiyindən daha çox vaxt və vasitə tələb edilmişdir.[9] Prodüsselər krossoverdə istifadə ediləcək yeganə personajın Fleş olmasına qərar verərək, onun müxtəlif zaman və dünyalara səyahət etmək bacarığının “yeni seriala bir qədər yumor gətirməklə personajlar arasında qığılcım yaradacağına” ümid edirdilər. Berlanti qeyd edir ki, idealda krossoverdə Amellin Yaşıl Oxu və Qastinin Fleşi iştirak etməli olsa da, “məntiq baxımından bu cür krossoverin reallaşdırılması dəhşətli olardı. Biz qarşıya qoyduğumuz hədəfi yüngülləşdirməli idik.”[10] Məsələyə optimist yanaşan Qastin, 2016-cı il krossoverinin növbəti ildə digər Ox Kainatı personajları ilə birlikdə daha bir krossover hadisəsi reallaşdırmağa imkan verəcəyini düşünürdü.[11]
Qəbulu
Reytinqlər
ABŞ-də seriya 18-49 yaşlılar arasında 1.7/6 faiz nəticə almışdır ki, bu da onun ümumilikdə ev sahiblərindən 1.7 faizinin, televiziya izləyənlərdən isə 6 faizi tərəfindən birbaşa yayım zamanı izlənməsi anlamına gəlir.[12] Seriya 7.17 nəfər tərəfindən izlənmişdir. Çıxış həftəsində “Dünyaların ən yaxşıları” ABŞ-də 9.63 milyon nəfər tərəfindən izlənmişdir.[13]
Tənqidçilərin mövqeyi
Krossover seriyası tənqidçilərdən əla şərhlər almışdır. Seriyanı 8.6/10 balla qiymətləndirən IGN-dən Kliff Uitli qeyd edir ki, “Qaranlıq və ovxalanan “Betmen Supermenə qarşı” filmindən sonra “Supergörl”ün “Dünyanın ən yaxşıları” seriyası palitranı təmizəmək üçün ən yaxşı vasitəni təklif etməklə, həm də bu günə kimi çıxarılmış ən yaxşı seriyalardan biri kimi görünür. Adətən gördüyümüz giriş “döyüşü” yerinə Supergörl və Fleş dərhal super-dostlara çevrilirlər ki, bu da çox təravətli təsir bağışlayır. Barrinin Karanın dünyasına ideal uyğunlaşması ilə yanaşı, həm də aktyorlar Qrant Qastin və Melissa Benoyst arasında ideal qığılcım hiss edilir. Şəhərdə Qırmızı K qəzası gözlənilməz hadisə olsa da, ümumilikdə “Dünyanın ən yaxşıları” çox ləzzətlidir.”[14]“TV Fanatic”dən Steysi Qlenzmen isə seriyanı 5.0/5 balla qiymətləndirir.[15]