Ceyhun Hacıbəyli

Ceyhun Hacıbəyli
Doğum tarixi 3 (15) fevral 1891
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 1962(1962-10-22) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Sen-Klu qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, tərcüməçi, siyasətçi, etnoqraf
Əsərlərinin dili Azərbaycan dili, rus dili, fransız dili, ingilis dili, türk dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyhun Əbdülhüseyn bəy oğlu Hacıbəyli (3 (15) fevral 1891, Şuşa22 oktyabr 1962, Paris) — yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf.[1] AXC qurulana qədər "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və digər qəzetlərlə əməkdaşlıq etmiş, 1917-ci ildə "İttihad" qəzetinin redaktoru olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilir.[2] 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edir.[3] AXC işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərir. Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Bu nəşrlərdə əsasən Sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirir. "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı elmi əsərlərin müəllifidir. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnallarının redaktoru olub.[4] Azərbaycanlı musiqiçi, bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.[5]

Həyatı və təhsili

Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 15 fevral[6] (köhnə təqvimlə 3 fevral[7]) 1891-ci ildə Şuşada anadan olmuşdur. İbtidai təhsilini Şuşada maarifçi Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-tatar məktəbində almış daha sonra isə təhsilini Bakıda real məktəbində almışdır. İlk mətbu hekayələrini "Proqres" qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirib. 1908-ci ildə Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində dərs deyir. 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulan "Leyli və Məcnun" operasında İbn Səlam və Nofəl rollarını oynayıb. Xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunur, 1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedir. Əvvəl Sorbonna Universitetində[8], sonra isə Ali Politexnik Elmlər Məktəbində təhsilini davam etdirir.[9]

Yaradıcılığı

Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olmuşdur.

Müəllifin yaradıcılığı tədqiq olunmadığından və toplanmadığından mühacirətə qədərki əsərləri qəzet səhifələrində pərəm-pərəm düşmüşdür. Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınamış, amma sonralar felyeton yazmamışdır. Felyetonları arasında "Pristav Ağa" daha çox diqqəti cəlb edir. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci saylarında "Daqestanskiy" imzası ilə çap olunmuşdur.

Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, çap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "Известия" (Kaspidə), "İttihad" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olmuşdur.

1910-cu ildə o, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir, lakin həmin povestdən sonra yaradıcılıqdan uzun müddət uzaqlaşmışdır. Ceyhun bəy Fransada yaşayarkən "La Revul du Mond Müsulman", La Fiqaro kimi mətbu orqanlarla əməkdaşlıq etmiş, "La Revul des Deux Mondes" adlı jurnallarda çalışmış, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olmuşdur.[10][11] "Azadlıq" radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilmişdir.

Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyəti, Paris, 1919-cu il

Ceyhun bəyin "İslam Əleyhinə kampaniya və onun Azərbaycanda Metodları" adlı iri həcmli tədqiqat əsəri isə xüsusi əhəmiyyət kəsb edir. Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C. Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919–1962) əqidə və amalından dönməmiş, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməmişdir. Ceyhun Hacıbəylinin qəbri Parisdədir.

Vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayır. Həmin məktubda o, Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna mühacirləri bir yerə toplamasını vəsiyyət edir. Bu barədə sonradan "Mücahid" jurnalının 1963-cü il nömrəsində "Ceyhun bəyin vəsiyyəti" adlı irihəcmli məqalə dərc olunur.[12]

Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə dünyasını dəyişib. Burada Sen-Klu qəbiristanlığında dəfn edilib.[13][14]

İstiqlal mücahidinin ədəbi irsi

Ceyhun Hacıbəyli yaradıcılığını iki mərhələyə – mühacirətə qədərki və mühacirətdən sonrakı dövrə bölərək tədqiqi məqsədə müvafiqdir. Ədibin yaradıcılığının birinci mərhələsi – 1905-ci ildən başlanan ilk qələm sınaqlarından 1919-cu ilədək olan mühacirətəqədərki dövrü əhatə edir.

1919-cu ildə Parisdə keçirilən sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətini təmsil etmək üçün Parisə gəlmişdir.[15]

Qurucularından biri olduğu Azərbaycan Xalq Cümhuriyyətini, Azərbaycan qəzetini, Vətənini, əzizlərini, həmvətənlərini… Ceyhun bəy qürbətdə – Parisdə mühacir həyatı yaşayırdı, sovet hökumətinin ondan alası heç nəyi qalmamışdı, canından başqa (hərçənd ki, sovet kəşfiyyat orqanları səsini çıxaran mühacirlərin canını da alır, onları qətlə yetirirdi). O, azad idi, ən azından azad ölkədə yaşayırdı.

Ceyhun bəy qardaşı Üzeyir bəy ilə, Şuşa, 1900-cü illər

İstiqlal mücahidi mühacirətdə bütün qəlbi və qələmi ilə sovet-şər imperiyasına qarşı döyüşürdü: qəzet, jurnal nəşr edir, Fransa mətbuatı ilə sıx əlaqə saxlayır, Azadlıq radiostansiyanın yaradılmasında və fəaliyyətində yardımçı olur, Münhendə SSRİ-ni öyrənən institutla, eləcə də Sovet İttifaqına qarşı soyuq müharibənin mühacirlər arasında təşkilatçısı olan Amerika Komitəsi ilə əməkdaşlıq edirdi. Ceyhun Hacıbəyli eyni zamanda bədii əsərləri ilə də imperiyaya, onun ideologiyasına, Stalin rejiminə qarşı amansız mücadilə aparırdı. Yazıçının fransız dilində qələmə aldığı Nejdanovun işi adlı hekayəsi bu qəbildəndir. Əsər həm ideya-mövzu, həm də kompozisiya baxımından rus dissident ədəbiyyatı nümunələrindən heç də az təsir bağışlamır. Digər tərəfdən isə, bu hekayənin təxminən ötən əsrin 50-ci illərinin ortalarında yazıldığını nəzərə alsaq, o zaman V. Aksyonov, A. Belinkov, L. Borodin, İ. Brodski, V. Voynoviç, A. Qalıç, A. Sinyavski… kimi məşhur rus dissident yazıçılarının yaratdığı ədəbi nümunələrin pioneri, qaranquşu da hesab etmək olar… Nasirin fransız dilində yazdığı "Müəzzinin lənəti" adlı irihəcmli hekayəsi sovet rejiminin din siyasəti və onun kəskin tənqidi baxımdan diqqəti çəkir. Hekayənin mövzusu Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk dövrlərinə təsadüf etsə də, əsərin XX əsrin 50-ci illərində qələmə alındığı bəllidir. 20–30-cu illər Ceyhun bəyin xaricdə yenicə məskunlaşaraq bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılması, Azərbaycan mədəniyyətinin xaricdə qızğın təbliğ edilməsi istiqamətində fəallıq göstərdiyi, digər tərəfdən də ailə-məişət problemləri, maddi sıxıntılarla üz-üzə qaldığı dövrdür. Həmin dövr yaradıcılığında Ceyhun bəyin bu səpkili nə bədii, nə də publisistik yazılarına təsadüf edilir. İkinci Dünya müharibəsi dövrü sovet, o cümlədən Azərbaycan mühacirlərinin durğunluq, fəaliyyətsizlik dövrü kimi xarakterizə edilir. Bu isə Müəzzinin lənəti əsərinin 50-ci illərin ortalarında – soyuq müharibənin alovlandığı illərdə qələmə alındığını deməyə ciddi əsas verir. Mövzu, ideya və sənətkarlıq baxımından bu hekayə nəinki Ceyhun Hacıbəyli yaradıcılığında, eləcə də ümumən Azərbaycan, o cümlədən mühacirət nəsrində bənzərsiz bir əsərdir. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk illərindən bəhs edən çox sayda müxtəlif janrlarda qələmə alınmış bədii nümunələr mövcuddur. Köhnəliklə yeniliyin, "ələmlə nəşə"nin mübarizəsi, dindarlarla allahsızların qarşıdurması, məscidlərin bağlanması, mollaların, din xalimlərinin əzablı günləri, gənclərin, komsomolçuların yeni şüar və çağırışlardan eyforiyaya qapılması, qadınların hüquq bərabərliyi uğrunda mücadiləsi sovet yazıçılarının qələmə aldığı əsərlərdə dövrün ruhuna və tələbinə uyğun bədii əksini tapmışdır. Həmin əsərlərdə bir qayda olaraq yeni həyat qurucuları, dövrün qəhrəmanları tərənnüm olunur, köhnələrin süqutu təsvir edilirdi. Müəzzinin lənəti hekayəsi qırmızı kafirlərin müəzzinlə mübarizəsindən bəhs edir. Əslində, problem daha dərin, mürəkkəb və qəlizdir. Məsələ burasındadır ki, bolşevik hakimiyyəti, sovet ideologiyası ata müəzzinlə ateist övladı üz-üzə qoymuşdur. Məzmunu real həyatdan – Azərbaycanda sovet hakimiyyəti quruculuğunun ilk illərində bir kənddə baş verən hadisədən – ildırımın vurmasındanmı, yoxsa allahsızların fitnəkar əməlindənmi, hörgüsü partlayan məscid minarəsinə son dəfə can atan müəzzinin oğlu ilə birlikdə uçqunun altında qalıb faciəli şəkildə həlak olmasından götürülmüşdür. Yazıçının epizodik obrazlar da daxil olmaqla, hekayədə təqdim etdiyi bütün tiplər orijinaldır, maraq doğurur, təsirlidir, düşündürür. İstedadlı qələm sahibinin diqqətçəkən publisistika nümunələrindən biri irihəcmli memuarı Bir il xəyallarda və… bütöv bir ömür adlanır. Bu əsər bir istiqlal aşiqinin gündəliyidir, həyat dastanıdır, memuarın ruhu, xəmiri, belə demək mümkünsə, istiqlal davasından yoğrulmuşdur.

Ceyhun bəyin mühacirətdə qələmə aldığı digər publisistika nümunələrinə, həmin əsərlərdə də müəllifin bədii əsərlərində olduğu kimi, sovet ideologiyası, rejimi, kolxoz-sovxoz həyatı, ateist tərbiyəsi, din siyasəti və s. konkret, tutarlı faktlarla kəskin, eyni zamanda yüksək sənətkarlıqla tənqid edilir.[16]

Əsərləri

  • İlk müsəlman Respublikası Azərbaycan (fr. La Première République Musulmane: L'Azerbaïdjan). Paris: Éditions Ernest Leroux, 1919;
  • Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı) (fr. Le dialecte et le folk-lore du Karabagh (Azerbaïdjan du Caucase)). Paris: Imprimerie nationale, Librairie orientaliste Paul Geuthner, 1933. Tərcüməsi "Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)" adı ilə Bayram Ağayev tərəfindən tərcümə edilərək 1999-cu ildə Bakıda çap edilmişdir.
  • İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları (rus. Антиисламистская пропаганда и ее методы в Азербайджане). Münhen: SSRİ-ni Öyrənən İnstitut, 1959;
  • Seçilmiş əsərləri (rus. Избранное). Bakı: Azərnəşr, 1993;
  • Seçilmiş əsərləri. Bakı: Elm, 2006;
  • Qürbətdən gələn səslər: Ceyhun bəy Hacıbəylinin mühacirət həyatı. Bakı: Şərq-Qərb, 2016;
  • Bir il xəyallarda... və bütöv bir ömür. Bakı: Təhsil, 2017;
  • Seçilmiş əsərləri. Bakı: Elm, 2017;
  • Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür. Bakı: XAN, 2018;
  • Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür. Bakı: XAN, 2019 (ikinci nəşri);
  • Əsərləri. "İttihad" və "Azərbaycan" qəzetlərindəki yazıları. Bakı: Elm və təhsil, 2022;
  • Şuşa ziyalıları: unudulmuş irs. Bakı: AVE Print, 2022.

Xatirəsi

Ceyhun Hacıbəylinin yaşadığı ev. Şuşa

Ceyhun Hacıbəylinin uzun illər ailəsi ilə birgə yaşadıqları Şuşadakı evləri 1959-cu ildə Üzeyir Hacıbəyovun ev-muzeyi kimi fəaliyyətə başlamışdır. Burada Hacıbəyovlar ailəsinə şəxsi əşyalar qorunub saxlanırdı. 1992-ci ildə Şuşa şəhəri erməni işğalçıları tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırır və eksponatların bir qismi də məhv edilir.[1][17]

Bakıda Ceyhun Hacıbəylinin adını daşıyan küçə var.[18]

Ceyhun Hacıbəylinin qələmə aldığı bədii və publisistik əsərlərin, xatirələrin, tədqiqatların, qeydlərin, tərcümələrin bir qisminin — Azərbaycan dilində "Mindiyimiz səfinə", "Zülmə qarşı çıxışın son nəticələri", fransız dilində "Toy", "Baş tutmayan ziyarət", "Səhər", "Məmmədqulunun səyahəti", "Müəzzinin lənəti", "Stalinin öpüşü və ya staxanovçu Fatimə", "Nejdanovun işi", "Bir il xəyallarda və bütöv bir ömür", "Firdovsinin həyatı", "Hafiz Şirazi", "Azərbaycan şairləri", "Batum təəssüratı", "Arşın mal alan", Qasım bəy Zakirin, Əbülqasim Nəbatinin, Yusif Nəbinin şeirlərinin tərcüməsi, rus dilində "İlk Azərbaycan operası necə yarandı", "Qanlı ildönümü", "Rus demokratlar bolşeviklərlə harada birləşirlər", "28 May", İngilis dilində "Hacı Kərimin səfəri" və digər əlyazmaları, makina yazıları, eləcə də jurnal və qəzetlərdə dərc olunmuş çox sayda məqalələri Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 649 nömrəli fondda saxlanılır.[19]

19 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.[20].

2015-ci ildə Azərbaycan mətbuat şurası tərəfindən Ceyhun Hacıbəyli haqqında "Durun gedək evimizə…" adlı sənədli film çəkilib.[21]

2018-ci ildə Ceyhun Hacıbəyli və onun mühacirətdəki çətin həyatı haqqında yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşu ilə Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulub.[22]

Ailəsi

Ceyhun Hacıbəylinin atası Mirzə Əbdülhüseyn bəy Hacıbəyov 1840-cı ildə Şuşada anadan olub. Təhsilli olduğu üçün adının əvvəlinə Mirzə ünvanı əldə edib. Xurşidbanu Natəvanın sarayında darğa kimi fəaliyyət göstərib. Daha sonra Xurşidbanu Natəvanın süd bacısı olan Əliverdibəyovlar nəslinin nümayəndəsi Şirinbəyim xanımla ailə qurub. Bu evlilikdən onların 5 övladı dünyaya gəlib. Zülfüqar bəy, Üzeyir bəy, Ceyhun bəy, Sayad və Abuhəyat xanım.[1]

Ceyhun Hacıbəyli Zöhrə Hacıqasımova-Hacıbəyli ilə ailə həyatı qurub. Bu evlilikdən onların Ceyhun və Timuçin adlı oğulları dünyaya gəlib. Oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra İkinci Dünya müharibəsində Fransa uğrunda Puatye yaxınlığındakı döyüşlərdə 23 yaşında həlak olur.[23][24] Timuçin Hacıbəyli isə Parisdə təhsil alıb, Fransa Alüminium Konserninin baş mühəndisi vəzifəsində çalışıb. 1993-cü ildə dünyasını dəyişib.[1]

Nəsil ağacı

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hacıbəy
Hacıbəyov
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülhüseyn bəy
Hacıbəyov
(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl bəy
Hacıbəyov
(1879–1921)
 
 
 
Sayad
Hacıbəyova
(1872–1954)
 
Abuhəyat
Hacıbəyova
(1880–1951)
 
Zülfüqar
Hacıbəyov

(1884–1950)
 
Üzeyir
Hacıbəyov

(1885–1948)
 
 
Ceyhun
Hacıbəyov

(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Soltan
Hacıbəyov

(1919–1974)
 
 
Osman
Hacıbəyov

(1924–1979)
 
Camal
Paşayev

(1895–1953)
 
Niyazi
Tağızadə-
Hacıbəyov

(1912–1984)
 
Çingiz
Hacıbəyov

(1913–1971)
 
Ceyhun
Hacıbəyov
(1919–1941)
 
Timuçin
Hacıbəyov
(1921–1993)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl
Hacıbəyov

(1949–2006)
 
 
 
 
 
 
Cəmil
Paşayev
(1926–1978)


İstinadlar

  1. 1 2 3 4 Üzeyir Hacıbəyov ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2007. səh. 78-79. ISBN 978-9952-34-075-4.
  2. Azərbaycan Demokratik Respublikası: Azərbaycan höküməti(1918-1920) (PDF). Bakı: Gənclik nəşriyyatı. 1990. səh. 44. ISBN 5 – 8020 – 0681 - 1.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 433. ISBN 9952-417-14-2.
  4. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu (PDF). Bakı: Elm və təhsil. 209. səh. 43. ISBN 978-9952-8175-0-7.
  5. İstiqlal aşiqi Ceyhun Hacıbəyli (PDF). Bakı: F. Köçərli adına Respublika Uşaq Kitabxanası. 2016. səh. 5.
  6. Mərdanov, Misir; Tahirzadə, Ədalət. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 3 F-İ. Bakı: Təhsil. 2019. 31–38. ISBN 978-9952-518-03-0.
  7. Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 91. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
  8. Nəsiman Yaqublu. Azərbaycan mühacirət mətbuatı (PDF). Bakı: Elm və təhsil. 2014. səh. 110.
  9. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu (PDF). Bakı: Elm və təhsil. 2019. səh. 50-51. ISBN 978-9952-8175-0-7.
  10. Nəsiman Yaqublu. Azərbaycan mühacirət mətbuatı (PDF). Bakı: Elm və təhsil. 2014. səh. 110.
  11. Abid Tahirli. Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991) (PDF). Bakı: Polygraphic-Production. 2005. səh. 48.
  12. Abid Tahirli. "Ceyhun Hacıbəyli Həsən bəy Zərdabi haqında" (PDF). kaspi.az. 11 iyul 2015. 3 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 sentyabr 2020.
  13. Nəsiman Yaqublu. Bakının qurtuluşu (PDF). Bakı: Adiloğlu nəşriyyat. 2008. səh. 244. ISBN 9789952250961.
  14. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu (PDF). Bakı: Elm və təhsil. 209. səh. 49. ISBN 978-9952-8175-0-7.
  15. "Ceyhun Hacıbəyli – 28 may münasibətilə xatirə". Milliyyət Araşdırmalar Mərkəzi. 15 iyul 2019 tarixində arxivləşdirilib.
  16. Abid Tahirli "İstiqlal mücahidinin ədəbi irsi"Azərbaycan.-2016.-3 fevral.-№ 24.-S.7.
  17. "Şuşada Ü.Hacıbəyovun ev-muzeyi". uzeyir.musigi-dunya.az. 10 dekabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
  18. "Ceyhun Hacıbəyli küçəsi". wikimapia.org. 2 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
  19. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu (PDF). Bakı: Elm və təhsil. 209. səh. 167-168. ISBN 978-9952-8175-0-7.
  20. president.az. ""Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında"". e-qanun.az. 19 noyabr 2015. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2018.
  21. "Milli mətbuatımız - istiqlal yolumuz". medeniyyet.az. 10 iyul 2015. 2 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
  22. "Musiqili Teatrda "Nuri-didə Ceyhun"un premyerası olacaq". milli.az. 7 mart 2018. 7 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
  23. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu (PDF). Bakı: Elm və təhsil. 209. səh. 54. ISBN 978-9952-8175-0-7.
  24. Vüsalə İsmətqızı. "Paskal Hacıbəyli Büşe: "Ceyhun bəy mühacir həyatını çətin yaşayırdı"". report.az. 20 noyabr 2018. 2 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.

Xarici keçidlər

Əsərləri

Məqalələri

Haqqında yazılan kitablar

Haqqında çəkilən qısametrajlı filmlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!