Birinci aralıq dövr — Qədim Misirdə Qədim padşahlıq və Orta padşahlıq arasındakı intervala verilən ad. Bu zaman kəsiyi "qaranlıq dövr" adı ilə də tanınır.
Ümumi məlumat
Birinci aralıq dövr anlayışını ilk dəfə Corc Steyndorff və Henri Frankfort işlətmişdir[1] . Təxminən e.ə. 2181–2055-ci illəri əhatə edir. Bu dövrdə VII, VIII, IX, X və XI sülalələri hakimiyyətdə olmuşlar.
VII və VIII sülalələrin hökmranlığı zamanı vahid dövlət daha kiçik ölçülü nomlara dağılır. Nəticədə yerli əhali üçün həyati əhəmiyyət daşıyan suvarma sistemi dağıldı, aclıq bütün ölkəni bürüdü[2]. İqtisadi tənəzzül və mərkəzi hakimiyyətin zəifləməsi quldur dəstələrin yaranmasına səbəb oldu. Quldurlar yaşayış məskənləri ilə yanaşı firon məqbərələrinə hücum çəkərək qiymətli əşyaları talayırdılar.
VIII xanədanın hakimiyyətinin sonuna yaxın Qədim Misirdə iki güclü mərkəz formalaşmağa başladı. Bunlar Herakleopol (Naret-henetet) və Tebes (Uaset)
nomları idi. Nəhayət Herakleopol nomarxı I Xeti Memfis fironunu devirərək taxta çıxdı. Növbəti 285 il ərzində Herakleopol nəsli firon titulunu daşıyıcıları oldular. Müasir misiroloqlar onları Manefon və Turin siyahısına istinad edərək IX və X sülalə adı altında verirlər[3].
Ancaq Herakleopollar zamanında da Misiri birləşdirmək mümkün olmadı. Əsasən də Tebes hakimləri mərkəzə tabe olmurdu.
Herakleopol və Tebes sülalələri arasında mərkəzi hakimiyyət uğrunda mübarizə başlayır. Hətta müəyyən müddət Misirdə ikili padşahlıq yaranır. Daha güclü olan XI sülalə bu savaşda qələbə qazanırlar. II Mentuhotep Herakleopolu işğal edir. Tebeslilər birinci aralıq dövrün sonuncu fironları idilər. IV Mentuhotepin ölümündən sonra taxta çıxan I Amenemhet həm yeni sülalənin, həm də yeni dövrün başlanğıcını qoymuş oldu[4].
Mədəniyyət
Birinci aralıq dövründə Qədim Misirin üç mərkəzi olmuşdur. Sıra ilə Memfis, Herakleopol və Tebes.
Memfis fironları özlərini həm siyasi, həm də mədəni baxımdan Qədim padşahlığın davamçıları hesab edirdilər.
Herakleopolda olan incəsənət və memarlıq haqqında çox şey bilinmir. Çünki dövrümüzə Herakleopol fironları haqqında kifayət qədər məlumat və artefakt gəlib çatmamışdır. Bilinən tapıntılardan Sakkarada aşkarlanan və X sülalənin ikinci padşahı Merikaraya məxsus olduğu düşünülən piramidanı qeyd etmək olar.
Tebes mədəniyyəti haqqında olan məlumatlar daha çoxdur. Araşdırmalar nəticəsində aşkarlanmış məqbərələr qayalar qazılaraq tikilirdi. Yeni tikinti üsulunda bir neçə qəbri yerləşdirmək üçün geniş zal yaradılırdı. Məqbərələrin rənglənməməsi Tebesdə rəngləmə texnikasının zəif inkişaf etdiyindən xəbər verir. Tebes tikililərinin üzərindəki insan təsvirləri Memfis dəki rəsimlərdən fərqlənirdi. Sonradan orta padşahlıqda da yayılacaq bu üsulubun əsas nüanslarından biri əzələsiz kişi təsviri və gözlərin nisbətən iri yaradılması idi.
Məhz bu dövrdə geniş kütlələr əvvəllər gizli saxlanılan kral cənazə mərasimlərinin qaydaları ilə tanış oldular. İndi demək olar ki, hər kəs özünün istəyi və ya ailə üzvləri üçün padşah üçün edilən eyni ritualı yerinə yetirə bilərdilər[5].
İstinadlar
↑Schneider, Thomas. Periodizing Egyptian History: Manetho, Convention, and Beyond // Klaus-Peter Adam (redaktor). Historiographie in der Antike. Walter de Gruyter. 27 August 2008. 181–197. ISBN978-3-11-020672-2. 18 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2020.
↑Breasted, James Henry. (1923) A History of the Ancient Egyptians Charles Scribner's Sons, 133.