Bakı tətili (1903)

Bakı tətili — XX əsrin əvvəlində 1903-cü ildə Bakıda tətil hərəkatı.

1903-cü ilin yayında Bakını tətillər dalğası bürüdü. 20 gün davam edən etirazlar tezliklə imperiyanın digər cənub vilayətlərinə də sıçradı. Tarixçilər Bakı tətillərini “Cənubi Rusiyada ilk ümumi tətil” adlandırırlar. İstər iqtisadi, istər siyasi nəticələrinə görə çox böyük iz qoyan və Bakı proletariatının ilk mütəşəkkil çıxışı olan bu tətillərin təsvirinə keçməzdən əvvəl onun səbəbləri və o illərin Bakısının vəziyyətini gözdən keçirməyə ehtiyac var.

Bakı tətillərinin səbəbi

1883-cü ildən başlayaraq Bakıda neft istehsalı durmadan artırdı. Kapitalist inkişaf yoluna qədəm qoyan Bakı neft sənayesi 20 ildən də az vaxt ərzində o dövrdə dünyada çıxarılan neftin ümumi həcminin 50 faizdən çoxunu təmin edirdi. Ancaq bu, 1901-ci ilə qədər davam etdi. Və əgər 1883-cü ildə Bakıda cəmisi 60,37 milyon pud (62,5 pud = 1 ton) neft çıxarılmışdısa və 1901-ci ildə bu rəqəm 671,57 milyon puda qədər artmışdısa (yəni, 11 dəfə!), 1902-ci ildən başlayaraq bu rəqəm dönməz şəkildə azalmağa başlamışdı. Bunun da səbəbi dünyanı bürüyən növbəti iqtisadi böhran idi.

1900-1903-cü illərin iqtisadi böhranı neft istehsalının bütün sahələrini vurdu – neftin hasilatı, emalı, kəşfiyyat və qazma işlərinin həcmi azaldı, istismar olunmayan neft quyularının sayı isə artdı. Böhran illərində Bakıya əcnəbi kapital qoyuluşu da zəiflədi, buna baxmayaraq, əcnəbilərin bu sahədə mövqeləri güclü olaraq qalırdı. Məsələn, 1910-cu ildə Bakı neft yataqlarının 60 faizinə 3 trest“Royal Doyç Şell”, “Nobel qardaşlarının neft hasilatı qardaşlığı”“Rusiya baş neft cəmiyyəti” nəzarət edirdi. İqtisadi böhran Bakı əhalisinin güzaranını da xeyli çətinləşdirdi.

Həmin dövrü təsvir edən Manaf Süleymanov özünün “Eşitdiklərim. Oxuduqlarım, Gördüklərim” kitabında yazır: “1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür, minlərlə ac-yalavaclar Bakıya axışır; işsizlər ordusu yaranır, cinayət, macəraçılıq həddini aşır, hökumət orqanları 15 min ac-sərgərdanı zorla gəmilərə doldurub geri qaytarır. Zülm günü-gündən artır, ehtiyac, yarıtox, yarıac güzəran, sahiblərin, məmurların özbaşınalığı hüquqsuz fəhlələri zara gətirirdi, onların səbir kasaları aşıb-daşırdı…”.

Beləliklə, az müddətdə neft bumunun gətirdiyi sərvətə və iş yerlərinə gözləri qamaşaraq bir tikə çörək üçün Bakıya axışan on minlərlə bəxtsiz insan iqtisadi böhran nəticəsində hər şeyindən olurdu. Neft ilğımı müvəqqəti olaraq bitməkdəydi. Sanki Bakı inkişafının pik nöqtəsini keçib indi də enişə yuvarlanırdı.

Tətilin başlaması

İqor Abrosimov özünün “Bakı ailəsinin şəxsi həyatı…” kitabında yazırdı: “Rusiyanın heç bir şəhəri o illərdə Bakı qədər sürətlə inkişaf etməmişdi. 1903-cü ildə Bakıda artıq 200 mindən çox adam yaşayırdı. Şəhər kənarındakı neft yataqları təkcə Rusiyanı yanacaqla təmin etmirdi, həm də böyük həcmdə neft ixracata göndərilirdi. Qara Şəhərdə və Ağ Şəhərdə cəmləşmiş neft emalı zavodları neftdən işıqlandırıcı yağ, yəni kerosin, sürtgü yağları və mazut alırdı. Qafqazın bütün dəmir yolları, XəzərdəVolqada üzən gəmilər, zavod və fabriklər Bakı mazutu ilə çalışırdı”.

Yəni, Bakı imperiyanın ən mühüm sənaye mərkəzlərindən birinə çevrilmişdi və burada hər hansı etiraz dalğası bütün Rusiya itisadiyyatında və siyasətində əks-səda verirdi. Odur ki, şəhərdə sakitliyin qorunub saxlanmasında hakimiyyət olduqca maraqlıydı. Ancaq işsizlik, maaşların azlığı, hüquqsuzluq, ağır iş şəraiti (neft sahəsində ölüm faizi yüksək idi, 40 yaşına çatan neftçi artıq əmək qabiliyyətini tam itirmiş olurdu, peşə xəstəlikləri yayılmışdı, tibbi xidmət yoxdu…) proletariatın səbir kasasını daşdırdı. 1903-cü ilin 1 iyulunda məşhur Bakı ümumi tətili başladı. Kadet partiyasının üzvü olan Aleksandr Xatisovun zavodlarından start götürən etirazlar dərhal digər zavod və fabriklərə də yayıldı. Sosial-demokratların (RSDRP) Bakı Komitəsinin rəhbərliyi ilə təşkil olunan aksiyaya tezliklə Bibiheybət, Balaxanı, Sabunçu neftçiləri qatıldılar. Artıq iyulun 6-da Bakının bütün sənaye və ticarət həyatı dondu.

Manaf Süleymanov yazırdı: “İyul ayında Bakı proletariatının məşhur, əzəmətli tətili başlayır. 50 minə yaxın tətilçi “Məhv olsun mütləqiyyət”, “Yaşasın sosializm”, “Yaşasın hürriyyət”, “8 saatlıq iş günü”, “Məvaciblər artırılsın”, “Həbsə alınmış nümayişçilər azad edilsin” şüarları ilə küçələrə çıxıb çarizmə və kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi. Fəhlələrin bu əzəmətli çıxışına RSDRP-nin Bakı Komitəsi rəhbərlik edirdi. Mədənlərin anbarlarında, zavodlardakı rezervuarlarda neft aşıb-daşır, heç kim neft daşımır, dənizçilər gəmilərə neft doldurmurdular…”

Tətil mübarizəsinə sosial-demokratlar İ.Vatsek, M,Məmmədyarov, İ.Fioletov başçılıq edirdi. Digər tələblər sırasında işdə cərimələrin ləğvi, yaşayış şəraitinin yaxşılaşdırılması, normada nəzərdə tutulmayan işlərin dayandırılması da vardı. Sahibkarlar tələbləri yerinə yetirməkdən imtina edirlər. Zavod və mədənlərə Bakı qarnizonunun qoşunları yeridilir. Manaf Süleymanov yazır: “Şəhər bağına toplaşan tətilçi dənizçiləri polis qovur. Onlar da gedib şəhər kənarında, Sallaqxanada yığışırlar. Üstlərinə atlı kazak göndərib oradan da qovurlar. Hərbi gəmilərdə çalışan fəhlə, matros, kapitan və mexanikləri gəmilərə yük vurmağa vadar edirlər. Tətil 3 həftəyə qədər sürür. Bu tətilin təsiri nəticəsində bütün Qafqazda və Rusiyanın cənub şəhərlərində fəhlə çıxışları başlayır. Bakı şəhəri tətil hərəkatında fəal iştirakına görə başqa yerlərdən fərqlənir, hərbi düşərgəyə oxşayır”.

Tətilin genişlənməsi

Güzəştə getməyən sahibkarları tətilçilər onların “silah”ı ilə vurmağa başlayır: Hər yanda mədənlər alovlanır. Bakı mədənləri böyük və dəhşətli bir tonqala çevrilir. “Moskovskiy listok” qazeti həmin vaxt yazırdı: “Artıq 2-ci gündür ki, Bibiheybətdə qazma qüllələri, neft anbarı, Bakı neft cəmiyyətinin fontanı yanır. Hər gün 600 min pud neft havaya sovrulur. Müxtəlif şirkətlərin 30-dan çox qülləsi, gəmilərin yan alması üçün körpülər, Nobelin yaşayış yerləri alovun içindədir. Birjalarda durğunluqdur, qiymətlərin bahalaşacağı gözlənilir”.

Bu yanğınların kapitalistlərə hansı psixoloji təzyiq göstərdiyini Bakıda gizli fəaliyyət göstərmiş sosial-demokrat Konkordiya Zaxarova-Sederbaum (1879-1938) özünün “Reaksiya illəri” adlı xatirələrində bu cür təsvir edib:

“Tətillər və mədənlərdəki yanğınlar neft sənayeçilərinə göstərdi: Onlar necə asanlıqla və bir neçə günün içində böyük gəlirlərinin mənbələrindən məhrum ola bilərlər. Dünənki aciz, səbirlə və itaətlə bütün təhqirləri həzm edən işçi özünün kortəbii etirazında onu istismar edənlərdən qəddarcasına qisas ala bilir. Və hətta daha sakit etirazında belə bu kütlə fəhlə hərəkatının daha ibtidai mərhələsinə xas olan mübarizə formasına əl ata bilər. Yəni, sabotaja. Guya ki bilmədən qazma qurğusunu xarab edər və onda işi bərpa etmək üçün bir neçə gün sərf etmək lazım olacaq. Bu sabotajın işçi tərəfindən qəsdən edildiyini sübut etmək isə qeyri-mümkündür”. Zaxarova-Sederbaumun müşahidələri və nəticəsi çox diqqətəlayiqdir. Yəni, işçilər sahibkarları fakt qarşısında qoyur: Sabotaj üçün heç kütləvi dağıdıcı çıxışlara ehtiyac da yoxdur. İstədikləri an istənilən sahibkarı onun texnikasını korlamaqla gəlirsiz qoya bilərlər. Luddizmin Bakı variantı. Və bunu birdən birə dərk etmək sahibkarlar üçün çox acı “kəşf” idi.

Tətilin səngiməsi

İyulun 19-dan başlayaraq etirazların kütləviliyi azalır və Qafqazdakı ilk ümumi tətil iyulun 22-də bitir. Bunun yeganə səbəbi heç də geniş vüsət almış repressiyalar deyildi. Digər səbəb işçilərin bir çoxunun sahibkarların yağlı dilinə aldanması idi. Həmin anı da Zaxarova-Sederbaum maraqlı təsvir edib: Savadlı və ixtisaslı işçilər daha yüksək maaş almalarına və daha əlverişli məişət şəraitində yaşamaqlarına baxmayaraq, mübarizədə daha fəal, ardıcıl və dönməz olduqları halda, ixtisaslaşmamış, ən “qara işlər”i görən, evsiz-eşiksiz, qəpik-quruş alan işçilər asanlıqla sahibkarlara güzəştə gedir və onların vədlərinə inanırdılar. Sahibkarlar da etiraz hərəkatını bölmək üçün bu binəsiblərdən yararlanırdılar.

Zaxarova-Sederbaumun digər maraqlı nəticəsi: məhz həmin lümpenlər kortəbii çıxışlarda irəlidə gedib dağıntılar törədir, mədənlərə od vurur, hərəkatın mütəşəkkil forma almasına, iqtisadi tələblərin siyasi tələblərə keçməsinə əngəl olurdular. Yəni, öz “radikallıq”ları ilə daha uzaq hədəfə tuşlanmış, daha effektli mübarizəyə maneəçilik göstərirdilər. Onlardan sonra qazanılan uğur yox, yanan qüllələr qalırdı. Sonra isə elə onlar da sahibkarlara aldanaraq özləri üçün ziyanlı razılaşmaya gedərək iş yerlərinə dönürdülər.

Buna baxmayaraq, Bakıda fəhlə hərəkatı tamamilə xüsusi xarakter daşıyırdı. Rusiyanın digər iri sənaye şəhərlərində fəhlələr kollektiv müqavilə haqda heç xəyal da etmədiyi bir vaxtda Bakı proletariatı 1904-cü ildə “Mazut Konstitusiyası”na nail oldu və kortəbii mübarizəni mütəşəkkil mübarizəyə çevirə bilən həmkarlar təşkilatları yaratdı. Bununla da, 1903-cü il tətillərindəki məğlubiyyət cəmisi 1 il sonra böyük və analoqu olmayan qələbə ilə – “Mazutlu Konstitusiya” ilə nəticələndi…

Mənbə

Həmçinin bax

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!